Gürcüstan Avropa Birliyinə üzvlük danışıqlarını 2028-ci ilədək təxirə salıb.
Hakim partiyanın bu qərarına etiraz edən avropainteqrasiya tərəfdarları noyabrın 29-da Parlament binasının qarşısına toplaşıblar. Prezident Salome Zurabişvili də etirazçılara dəstək verib.
Gecə saatlarında polislə etirazçılar arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Jurnalistlər və etirazçılara xəsarət yetirilib. 43 şəxs xuliqanlıq və polisə tabe olmama maddəsi ilə saxlanılıb. Aksiyada 32 polisin yaralandığı bildirilir.