Bu gün Azərbaycan hökumətinin “Abzas Media”ya qarşı başlatdığı repressiyalardan 1 il keçir. Ötən ilin noyabrından etibarən saytın 6 əməkdaşı qondarma ittihamlarla həbsdə saxlanılır.
“AbzasMedia” Azərbaycanın yüksək vəzifəli dövlət məmurlarının ailə bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma ilə bağlı apardığı korrupsiya araşdırmaları ilə tanınan müstəqil media platformasıdır.
Media orqanı Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri, Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə bağlı araşdırmalar, eləcə də onlarla nazir və məmurun adı hallanan açılmamış cinayətlərlə bağlı materiallar dərc edib. “Abzas Media”nın jurnalistləri məhz bu araşdırmalardan sonra həbs olunub.