“Bu memarlıq abidəsi dövlət tərəfindən qorunur. Dövlət tərəfindən qorunursa, deməli, onun divarına heç mismar da vurmaq olmaz. Amma təəssüf ki, biz neçənci dəfədir Bakıda görürük ki, binanın – məşhur memarlıq abidəsinin tam yarısını söküblər, qalan yarısı da bu halda qalıb” – memar Elçin Əliyev deyir.
Bakının mərkəzində tarixi bina prezident İlham Əliyevin ailə üzvlərinin idarə etdiyi hotelin avtomobil dayanacağına görə sökülüb. Əlimərdan Topçubaşov 77 küçəsində yerləşən Məşədi Əzizbəyov adına 1 №-li şəhər doğum evinin binası 1888-ci ildə tikilib.
Binanın tam yarısı “Pasha Holding”in törəmə şirkəti olan "Absheron Hotel Group"a məxsus "Courtyard by Marriott" hotelinin avto dayanacağı üçün sökülüb. “Pasha Holding” prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur.