“Yemək yeyərkən belə onu düşünürəm. Boğazımda düyün kimi qalıb. Kasıb bir insan üçün 30 min manat çox böyük puldur. Heç olmasa, ev ala bilərdim. Hər hansı bir işə yatırardım. Bu hadisədən sonra həyatım mənfiyə doğru 180 dərəcə dəyişdi”.
Bir otaqlı evdə 300 manata kirayə qalan Təbriz Əlizadə sənəd üzərində iki şirkətin sahibidir. O deyir ki, 2021-ci iyulun 6-da işə düzəlmək adı ilə müraciət etdiyi Həmid Hüseynov onu aldadaraq adına etibarnamə alıb. Dediyinə görə, ona yüksək maaşlı işlə təmin olacağı vəd edilmişdi.
Təbriz bir gün aldığı zənglə adına ondan xəbərsiz iki şirkətin yaradıldığını öyrənib.