Dekabrın 15-də Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin etməyib. Vəkil Zibeydə Sadıqova Ü.Həsənlinin ailəsi, xüsusilə azyaşlı qızı ilə görüşünə qoyulan qadağadan verilən şikayətin də təmin edilmədiyini bildirib. Noyabrın 20-dən etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli və müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova qrup halında qaçaqmalçılıq ittihamı ilə saxlanılıblar.
Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.