“İdarəçiliyin ömürlük bir şəxsə verilməsi dövlətçilik baxımından monarxiya sistemidir və bu, irəliyə doğru deyil, geriyə doğru addımdır”.
2003-cü ildə ilk dəfə prezidentliyə namizədliyini verən İlham Əliyev 20 il sonra 5-ci dəfə yenidən prezidentlik iddiasındadır.
Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində onun namizədliyini irəli sürüb. İlham Əliyevin hakimiyyəti dövründə konstitusiyaya 2 dəfə dəyişiklik edilib. 2009-cu ilin mart ayında keçirilən referendumla konstitusiyaya edilən dəyişiklik nəticəsində eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyəti aradan qaldırılıb.
2016-cı ildə keçirilən referendumla Konstitusiyada edilən növbəti dəyişiklik nəticəsində isə prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılıb. İlham Əliyevin hər dəfə növbədənkənar prezident seçkiləri ilə vəzifəsinin müddətini uzatması ağıllara yalnız bir sual gətirir. O, əbədi prezident olmaqmı istəyir?