“Biz jurnalistik. İşimiz yazmaqdır. İnqilabçı deyilik. Ölkədə nəyisə dəyişmirik. İstəmirik ki, ölkədə hər kəs mirzə olsun. Biz mirzə ola bilmədik. Ona görə də təqiblərə məruz qalırıq. Biz bunlara boyun əymədik, ev almadıq, kiminsə cibimizə pul basmasını özümüzə yaraşdıra bilmədik. Biz sadəcə olaraq media prinsiplərinə sadiq qaldığımız üçün bu təzyiqləri görürük”.
Azərbaycanda müstəqil media nümayəndələri davamlı olaraq hökumətin müxtəlif təzyiqləri ilə üzləşir. Onlar peşə fəaliyyətini yerinə yetirərkən maneələrlə rastlaşır, təhdid, ya da həbs edilirlər.
Son olaraq 2023-cü ilin noyabrında “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalist Nərgiz Absalamova, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və kanalın aparıcısı Rüfət Muradlı müxtəlif ittihamlarla həbs ediliblər. Onlar ittihamları qəbul etmir və həbslərinin jurnalistika fəaliyyəti ilə bağlı olduğunu deyirlər.