https://www.youtube.com/watch?v=8I0vzk9g59U
2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində 2020-ci ilədək qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulurdu.
Ancaq hazırda iqtisadiyyatın müxtəlif sahələrində olan ümumi rəqəmlərə baxdıqda aydın olur ki, artım tempi konsepsiyada nəzərdə tutulan kimi olmayıb.
İqtisadçı Eyyub Kərimli deyir ki, proqramın həyata keçirilməsində devalvasiyanın və pandemiyanın mənfi təsirlərini də nəzərə almaq lazımdır. Ümumilikdə götürdükdə isə ekspert hesab edir ki, layihədə göstərilən hədəflərə çatılıb.
İqtisadçı Toğrul Vəliyev isə bildirir ki, yüksək neft qiymətləri dövründə hökumət investisiyaları qeyri-neft sektoruna deyil, digər sahələrə yönəltdi. Bu da qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin zəifləməsinə səbəb oldu.
Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyinə göndərdiyimiz sorğuya qurumdan bildirilib ki, sözügedən konsepsiyada əksini tapan hədəflərin icrası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan hədəflərə çatılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində etdirilir.