https://www.youtube.com/watch?v=5Wmkb-6IFpg
Azərbaycanda təhsil infastrukturunun yaxşılaşdırılması istiqamətində müxtəlif addımlar atılsa da, ölkə təhsilinin maddi-texniki bazası bir çox digər dövlətlərdən geri qalmaqdadır.
Maddi-texniki bazanın ürəakaçan olmamasının isə təhsilin keyfiyyətinə birbaşa mənfi təsiri şübhəsizdir.
Halbuki hələ 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilirdi ki, 2020-ci ilə qədər bütün ümumtəhsil müəssisələrində hər bir sinif otağı noutbuk, proyektor və elektron löhvə ilə, təhsil alan bütün şagirdlər isə "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində noutbuk və planşetlərlə təmin ediləcək.
Rəsmi statistika göstərir ki, 2020-ci ildə respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 nəfərdən çox şagird təhsil alıb. Təhsil Nazirliyindən AbzasMedianın sorğusuna cavabda paylanılan komputerlərin ümumi sayını açıqlanmasa da, bildirilib ki, 2020-ci ildə 9 min ədəd komputer təhsil müəssisələrinə paylanılıb.
Dövlət Statistika Komitəsindən aldığımız rəsmi rəqəmlərə görə isə 2020/2021-ci tədris ilinin əvvəlinə dövlət əyani ümumi təhsil müəssisələrində 82,1 min kompüter mövcud olub.
Rəsmi rəqəmlərdən aydın olur ki, Təhsil nazirliyi konsepsiyada göstərilən hədəflərə çatmayıb.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında “1 şagird – 1 kompüter” layihəsinin 2020-ci ilədək tam reallaşdırılacağı hədəflənsə də, 2022-ci il aprelin 22-də təhsil naziri Emin Əmrullayev hələ növbəti 3 il ərzində hər il məktəblərə 50 min kompüter verilməsi nəticəsində hər 6 uşağa 1 kompüter nisbətinə gəlib çatacaqlarını bildirib.