Adambaşına düşən ixrac həcmi 1000 ABŞ dollarına çatdırıldı?

30 İyun 2022
Mətni dəyiş

2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan iqtisadi tədbirlərdən biri də ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması idi.

Ancaq 2020-ci ilin adambaşına düşən ixrac həcminə baxdıqda qarşıya qoyulan hədəfə çatılmadığı görünür. Belə ki, 2020-ci il üzrə rəsmi rəqəmlərə görə, ölkədə qeyri-neft sektoru üzrə adambaşına düşən ÜDM-nin həcmi 183 dollar olub.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bəzi hallarda dövlət proqramlarının qəbulu zamanı çox ambisiyalı hədəflər müəyyən edilir və nəticədə bu hədəflərə çatmaqda problemlər yaranır.

Ekspert bildirir ki, Azərbaycanda bu sahədə qarşıya qoyulan hədəflərə çatılmamasının əsas səbəbi ölkə iqtisadiyyatının rəqabətqabiliyyətli olmamasıdır və bu, hökumətin uzun müddət mühafizəkar iqtisadi siyasət həyata keçirməsindən qaynaqlanır.

Rəşad Həsənovun fikrincə, hökumətin məzənnə siyasəti də ölkədə ixracı kifayət qədər dəstəkləyən siyasət deyil.

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyinə göndərdiyimiz sorğuya qurumdan cavab bildirilib ki,  sözügedən konsepsiyada əksini tapan hədəflərin icrası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan hədəflərə çatılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində etdirilir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun