Onlar bir-birinin ağzını güdürdülər. Bəzən hansısa ağzından söz qaçırdırdı, onun yoldaşı əsnəyərək ayağa qalxır, tibb bacılarının qərargahının yanındakı jurnalı açır, eşitdiklərini ora qeyd edirdi. Böyük Bacı deyirdi ki, bu qeydlər bütün şöbədə aparılan müalicə işi üçün əhəmiyyətlidir. Amma məncə, Böyük Bacı bununla, sadəcə, pasiyentlər haqqında kifayət qədər məlumat toplayırdı ki, lazım olanda əsas korpusdakı adamlara xəbər versin, onlar da gəlib problemli pasiyentin başına əl gəzdirsinlər, təmir etsinlər. Bu məlumatı qeydiyyat jurnalına yazan pasiyent ulduz alır və ertəsi gün yerindən bir az gec qalxmaq hüququ qazanırdı.
Ken Kizi “Qu quşu yavası üzərindən uçarkən” əsərindən
Xahiş edirəm bir az diqqətinizi cəmləyin və zəhmət olmasa yüz minlərlə insan təsəvvürünüzə gətirin. Başı, qulaqları, gözləri olan, ürəkləri döyünən, yatan, duran, yemək yeyən, yeriyən, hava udan yüz minlərlə insan… Kimdi bu insanlar? Bu yazıda, hal-hazırda, bu an, bu dəm yüz minlərlə insan dedikdə daha çox kimləri nəzərdə tutmaqdayıq? Bacardığımız qədər aydınlıq gətirək.
Hər şeydən əvvəl onlar Azərbaycan vətəndaşlarıdır.
Ciblərində Azərbaycan pasportu gəzdirməkdədirlər. Daha sonra onlar atadır, anadır, əmidir, dayıdır, xaladır, bibidir, nənədir, babadır… Hərəsinin bir bioloji statusu var. Kiməsə, əsasən öz övladlarına, nəvələrinə onu etmək olar, bunu etmək olmaz janrında nəsihətlər verirlər. Bəli, ilk baxışdan onlar insana oxşayırlar. Lakin məsələ ondadır ki, bu yüz minlərlə insan ildə bir kitabı əvvəldən axıra qədər oxumur, ildə bir dəfə teatra, sərgiyə getmir, siyasətlə maraqlanmır, həm ölkə daxilində, həm də dünyada baş verən hadisələr, proseslər, sənət dünyası onları bir qram da maraqlandırmır. Onların bütün həyat fəlsəfəsi, fikri və zikri “bir manata alıb, iki manata satmaqdan”, hansısa əyri yollarla “kimisə minib qabaqa düşməkdən” ibarətdir. Hər cürə maddi xırda-xuruşu ələ keçirməyi uğur, naliyyət hesab etməkdədirlər. Bunu bacarmayanları asanlıqla fərasətsiz adlandırırlar. Yüz minlərlə insanın dilində hər gün bir neçə dəfə səslənən fərasətsiz sözü elə- belə söz deyil. Ağır sözdür. Xalqımızın dilində tez-tez səslənən, dilindən düşməyən fərasətsiz sözünün altında çox mənalar, mətləblər yatır. Fərasətsiz deyildikdə əsasən iki cür insan nəzərdə tutulur.
– İnsan doğrudan da maddiyat olaraq nələrsə əldə etmək istəyir, bu istiqamətdə cəhdlər edir, tər tökür, can qoyur, min oyundan çıxır, lakin hec cürə maddiyat əldə edə bilmir. Bu növ fərasətizlərə qarşı xalqımız hardasa dözümlu, hardasa daha tolerant munasibət göstərməkdədir.
– İnsan maddiyyat, vəzifə əldə edə bilər, buna onun imkanı, potensialı çatır, sadəcə nəyə görəsə, hansısa səbəbdənsə bu günkü şərtlər daxilində maddiyyat əldə etmir. Özünün prinsipi, ideyası, balaca dünyası, qırmızı xətti var. Bu növ fərasətsizlərə qarşı xalqımızın bir qram da dözümü yoxdu. Xalqımız bu növ fərasətsizlərə axmaq, debil, dəli, gic, mağmın kimi baxmaqla yanaşı, həm də onlara dərin nifrət bəsləməkdədir. Əlacları olsa belə fərasətsizlərin başını kəsib qanını içərlər.
İnsanın pul qazanmasında, vəzifə əldə etməsində ciddi bir qəbahət yoxdur. Amma vacib bir şərti, vacib bir sualı nəzərə almaqla. Hansı yollarla? Bax, əsas məsələ budur. Üstəlik, daha bir incə nüansa diqqət etməliyik. Bu nüansa Henri Ford memuarında belə toxunub: “Hakimiyyət və texnika, pul və mal insan həyatını azadlıq və firavanlıqla nə dərəcədə təmin etməyə qadir və qabildirsə, bu məhfumlar da məhz o qədər qiymətli və xeyirlidir”.
Başı, qulaqları, gözləri olan yüz minlərlə insan təsəvvürünüzə gətirin. Zarafat deyil, yüz minlərlə insan… Bunu zəhmət çəkib, diqqət cəmləyərək təsəvvür etmək lazımdır. Toy, nişan, xınayaxdı, gəlin paltarı, bəy kostyumu, xonça, yengə bu yüzminlərlə insanın müzakirə etdikləri, maraqlandıqları əsas mövzulardır. Şadlıq evləri onlar üçün müxtəlif milli ayinlərin həyata keçirildiyi müqəddəs məkandır. Şadlıq evi adlanan məbəddə onlar yeyirlər, içirlər, oynayırlar, paltarlarını göstərirlər, dalaşırlar, bıçaqlaşırlar, çəkişirlər, bərkişirlər, cütləşirlər, artırlar, çoxalırlar, özləri kimi mənasız, havayı yerə hava udan insanlar dünyaya gətirirlər. Fikirləri və zikirləri, niyyətləri, arzuları eyni olduquğundan, puldan, vəzifədən savayı heç nəyə inanmadıqlarına görə sifətdən də hamısı bir-birinə oxşayır.
Hamımız ətdən və sümükdən ibarətik. İnsanın sifətinə məna, ifadə verən onun ruhu, düşüncələridir. Necə deyərlər, qurbanı müqəddəs edən qurbangahdır. Yəni, insanın həyatına məna qatan müxtəlif hobbilərdir, mubarizədir, getdiyi yoldur, sənətdir, yaradıcılıqdır, təmənnasız, səmimi olaraq nəyəsə, xoş, yaxşı bir şeyə inanmağıdır. Burda Stendalın çox sevdiyim, bir vaxtlar oxuduğum zaman mənə hədsiz təsir edən bir sözünü xatırlamaqdayam. Stendal deyirdi ki, bizim ehtiraslarımız, bizim sərvətimizdir. Bizim ehtiraslarımız hətta bizi eşafota aparsa belə, onlara minətdar olmalıyıq. Çünki, bu ehtiraslar bizi daha dəhşətli bir aqibətdən, mənasızlıqdan qoruyur.
Azərbaycanda yüz minlərlə insan Van Qoqu, Bethoveni, Çexovu tanımır. Bu dəhşətdir. Bu faciədir. Bilirəm, indi səmimi, sadəlövh, cığal yoldaşlardan biri çox güman bu pozisiyaya, məsələnin bu cür sərt qoyuluşuna etiraz edəcək. Düşünəcək, de ha, filankəs, Van Qoqu da, Bethoveni də, Çexovu da lap yaxşı, el dilində desək, əlinin içi kimi tanıyır, amma bununla belə cəmiyyət, bəşəriyyət üçün zərərli əməllərindən qalmır, rüşvət alır, seçki qutularına saxta bülletenlər doldurur, cibində saxta deputat mandatı gəzdirir, yaltaqlanır, ağa qara, qaraya ağ deyir.
Hardasa haqlı etirazdır. Bəli, nasistlər də gündüzlər adamları yandırırdılar, axşamlar isə tər-təmiz geyinib-gecinib, ətirlənib, pudralanıb, konyak içə-içə Bethovenə qulaq asırdılar, ədəbiyyatdan, fəlsəfədən, kinodan, sənətdən, yüksək materiyadan danışırdılar. Fəqət bütün bunların məsələyə bir o qədər də dəxli yoxdur. Kiminsə Van Qoqu, Bethoveni, Çexovu tanıya-tanıya əclaflıq etməsi, bəd əməllər törətməsi, seçki qutularına saxta bülleten doldurması, rüşvət alması, yalan danışması, yaltaqlanması, cibində saxta deputat mandatı gəzdirməsi ağa qara, qaraya ağ deməsi universal həqiqəti dəyişmir. İnsan Van Qoqu, Bethoveni, Çexovu tanımalıdır. Vəssalam, qurtardı getdi, nida. Van Qoqu, Bethoveni, Çexovu tanımayan adam özünü tanımır.
***
Bir-birlərinə necə, hansı münasibət göstərməklərindən asılı olmayaraq üzdə, vitrində olan adamların bir-birini tanıması onlarda olduqca zərərli illüziya yaradır. Balaca bir qrup digərlərinin də, kütlənin arasında tanımadıqları çoxlu adamların da aşağı-yuxarı onlar kimi eyni hissləri keçirdiyini, aşağı-yuxarı onlar kimi düşündüklərini, aşağı-yuxarı onlar kimi eyni şeyləri arzuladığını güman edirlər. Yəni, bir-birini tanıyan bir dəstə adam eyni hissləri keçirir, eyni şeyləri arzulayır və belə düşünür ki, “onlar tək deyil”, onlar kimi adamlar çoxdur, sadəcə, onlara oxşayan abstrakt digərlərini axtarıb tapmaq, üzə çıxartmaq, təşkilatlandırmaq lazımdı.
Bu mənzərəni intellektual onanizm adlandıra bilərik. Vitrində, üzdə olan adamlar öz ətraflarından bir az kənara çıxdıqda görürlər ki, digərlərinin tamam başqa FM-i, tamam başqa dalğası, tamam başqa dünyaları, tamam başqa arzuları, hissləri, düşüncələri, tamam başqa həyat tərzi var. Üzdə, vitrində olan adamlar ətraflarından bir az kənara çıxanda acı, qəddar, kobud, ağır reallıqla qarşılaşırlar, nəticədə illüziyaları darmadağın olur. Bu zaman kimsə gördüklərindən dəhşətə gələrək, tez-tələsik öz kiçik ətrafına, komfort zonasına qayıdır, kimsə isə dərin məyusluq hissi keçirir. İllüziyanın darmadağın olmasına hər adam tab gətirə bilmir və bunu hər kəsdən də gözləmək düzgün olmaz. Əslində isə əsl insan təbiəti, əsl iradə elə illüziyanın darmadağın olduğu zaman üzə çıxır. Canavardan qorxan meşəyə girməməlidir. Oğul odur ki, illüziyası darmadağın olanda başını tam itirməsin, qaçıb özünün komfort zonasında gizlənməsin, gördüklərindən düzgün nəticələr çıxarıb, vəziyyəti düzgün qiymətləndirib, qollarını çirmələyib, işə, söhbətə təzədən girişsin. Xalq dilində desək, igid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana.
Deyirlər, hər bəd hadisənin bir xoş tərəfi də olmalıdır. Parlament seçkilərinin yaxşı bir tərəfi ondan ibarət oldu ki, gənc siyasətçilər, aktivistlər seçki prosesində öz ətraflarından, komfort zonalarından çıxıb xalqla, ümumən ölkəylə bir az yaxından tanış olmaq imkanı qazandılar. Reallıqlarla qarşılaşmaq, reallıqlarla yaxından tanış olmaq, reallıqları öz dərilərində hiss etmək onlardan bəzilərini dəhşətə və vəhşətə gətirmişdir. Seçki prosesində xalqla, ölkəylə bir az tanış olmaq imkanı qazanmış, reallıqları öz dərisində hiss etmiş gənc siyasətçilərdən biri gördüklərindən, müşahidələrindən dəhşətə gələrək mənə qəzəbli, təssüflə, məyusluqla dolu məktub yazmışdı. Görünür ürəyini boşaltmağa, dərdini paylaşmağa daha münasib adam tapmayıb. Olsun, problem yoxdur. Məktubda gənc siyasətçimiz bir neçə dəfə “bu nə camaatdı belə, bunlar nə yeyirlər, nə içirlər, nə fikirləşirlər, inan mat qalmışam” cümləsi işlətmişdi. “Bu nə camaatdı belə, bunlar nə yeyirlər, nə içirlər, nə fikirləşirlər” cümləsinin bir neçə dəfə işlədildiyi məktubun hansı müşahidələr nəticəsində, hansı hisslərin təsiri altında yazıla biləcəyini özünüz təsəvvür edin. Seçki prosesində xalqla, ölkəylə bir az yaxından tanış olmuş, reallıqları öz dərisində hiss etmiş, gördüklərindən, müşahidələrindən dəhşətə gəlmiş gənc siyasətçimizə qısaca olaraq bu məzmunda bir cavab yazdım: “Bəs mən yazıq, mən bədbəxt on ildən artıqdır nə yazıram? Get yazdıqlarımı təzədən oxu”.
Ciddi deyirəm, artıq qəti olaraq bu nəticəyə gəlmişəm ki, bir çox adamlar yazdıqlarımı zarafat, əyləncə kimi qəbul edir. Onlar elə düşünürlər ki, boş-bekar, avara adamam, qaşınmayan yerdən qan çıxartmaqla məşğulam. Sizə doğrusunu deyirəm, vallah belə deyil. Yuxudan kal oyanıb, havadan-sudan heç nə yazmıram. Hər bir yazı, hər bir fikir onlarla, yüzlərlə müşahidənin nəticəsində yaranır…
Sonuncu parlament seçkilərində o da açıq-aşkar məlum oldu ki, qismən, lap azacıq siyasiləşmiş adamların (yazının əvvəlində təsvir olunan adamların bura adiyyatı yoxdur) böyük hissəsi seçkiyə, verəcəkləri səslərin düzgün hesablanmasına inanmırlar. Bu acı mənzərənin hansı səbəblərdən, hansı hadisələr, proseslər nəticəsində yaranması tamam başqa yazının mövzusudur.
Adamların seçkiyə inanmaması nə deməkdir? Adamların seçkiyə inanmaması o deməkdir ki, adamlar dövlətə inanmır. Adamların seçkiyə inanmaması o deməkdir ki, adamlarla dövlət arasında dialoq yoxdur. Adamlarla dövlət arasında böyük, dərin bir uçurum mövcuddur. Seçki institutu, hakimiyyətin sivil yolla bölüşdürülməsi tamam sıradan çıxıb, seçki tamam urvatdan düşüb. Bu isə hər bir xalq, hər bir ölkə üçün çox pis, arzuolunmaz haldır və əlbəttə heç bir yaxşı aqibət vəd edə bilməz. Bunu başa düşmək üçün Harvard universitetini bitirmək lazım deyil. Bir balaca savadı, çox yox, bir balaca tarixdən məlumatı olan adam bunu çox gözəl başa düşür. Sadəcə indi kimsə bunu açıq şəkildə ifadə edir, kimsə hansısa səbəblərdənsə etmir.
Parlament seçkilərində o da geniş mənada məlum oldu ki, xeyli Azərbaycan vətəndaşının gönü, qabırğası düşündüyümüzdən də artıq dərəcədə qalınlaşıb. Xeyli Azərbaycan vətəndaşı həyasızlaşıb, sırtıqlaşıb, utanmaq, abır-həya hissini tamam, köklü-köməcli itirib. Allah bilir onlar sonuncu dəfə nə vaxt qızarıblar. Çox güman nəyəsə görə qızarmağı, utanmağı birdəfəlik unudublar. Belə də olmalıdır. Sağlam rəqabət mühitinin olmadığı yerdə həyasız, arsız, dayaz, səviyyəsiz, yaltaq, heç bir qırmızı xətti olmayan adamların üzə çıxması, artıb çoxalması üçün münbit şərait yaranır. Deyirlər bu fani dünyada üç şey qorxuludu. Silah uşaq əlində, hakimiyyət naşı əlində, tərif yaltaq dilində. Demişəm və indi bir daha deyirəm. Sabah bu hakimiyyətin ayağı bir balaca büdrəsə, bu hakimiyyət haqqında ən ibdar, ən murdar sözləri bu gün bu hakimiyyətə yaltaqlanan adamlar deyəcəklər, bu gün bu hakimiyyətə yaltaqlanan adamlar yazacaqlar. Yaltaq adam qorxulu adamdır. Yaltaqlıq etmək nə deməkdir? Yaltaqlıq etmək o deməkdir ki, insan özünə hörmət etmir. Özünə hörmət etməyən adamdan da nə desən gözləmək olar. Əbəs yerə deməyiblər: axmaq, yaltaq dostun olunca, ağıllı düşmənin olsun. Ağıllı düşmən adamı formada saxlayır, yaltaq dost isə adamı pis mənada arxayınlaşdırır. Bütün hallarda, tülkünün aldatmağındansa, şirin parçalamağı yaxşıdır.
Bəs bu seçkidə kim uddu, kim uduzdu? Ümumu götürəndə hamı, cümlə əhali, bütün ölkə uduzdu. Yox, əgər konkret düşərgələrdən söhbət gedirsə, ən çox uduzan hakimiyyət düşərgəsi oldu. Seçkidəki biabirçılıqlar, hakimiyyətin islahatlar söz-söhbətinin üstündən dərin, qalın, çalın-çarpaz xətt çəkdi və islahat söz-söhbətlərinə inanmış, yaxud özünü inanmış kimi göstərən, hakimiyyətə qarşı loyal mövqedə dayanan adamları hakimiyyətdən küsdürdü. Ümumilikdə isə bütün bu proseslərin gedişatı yuxarıda qeyd olunduğu kimi yaxşı heç nə vəd etmir. Mən heç də özümü həyat hadisələrinin, siyasi proseslərin, tarixin bilicisi kimi təqdim etmək istəmirəm. Saqqal saxlayanların hamısı alim olmasa da, baxmayın, hər halda biz də nələrsə bilirik. Özümüzə görə beş-altı kitab oxumuşuq.
Qoca tarix ona qarşı çıxanlara əvvəlcə şifahi xəbərdarlıq edir. Sonra sarı kart göstərir. Daha sonra qırmızı kart göstərərək meydandan qovur. Məni bağışlayın, son vaxtlar futbola çox aludə olmuşam, özümdən asılı deyil, futbol şərhçilərinin dilində danışmağa başlamışam. İmkanım olsaydı bura bir gülüş işarəsi qoyardım.