“Dumanlı Təbriz” haqqında - Seymur Baycan (I hissə)

23 Noyabr 2020
Mətni dəyiş

… Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

– İmperatorun özüdür, vəliəhdidir, iki gözüdür. Bu məlikəsidir, bu qızlarıdır, bu da əmisdir. Çox da ucuzdur, biri bir tüməndir, doqquz qran eləmişik. Xəbərin olsun ay təbrizli, gəl tamaşasına! Bu imperatorun vəzirləridir, bu imperatorun generallarıdır… Bu qubarnatorlar, bu naçalnik, bu da pristavlarıdır. Bu da qaradovoylarıdır. Ucuz elədik, qaradovoyun biri bir qran! Yubanma, kasıb, səkkizcə dənə qaradovoyumuz qalıbdı.

Mən iki gün əvvəl bu dükanın qabağından keçəndə o, gələnlərə başqa şəkillər təqdim edib oxuyurdu:

– Bu Soltan Məhəmməd Xamisdir. Bu qardaşlarıdır, bu əmiləridir, bu toplarıdır, bu da gəmilərdir…

Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsərindən

Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsərini oxudum və böyük həcmli bu əsəri oxumağıma bir qram da peşman olmadım. Əvvala, son vaxtlar obrazlarla, hadisələrlə bol, süjetli, strukturu sadə, həcmi böyük əsərlər oxumaq, uzun müddət əsərin içində qalmaq, orda yaşamaq daha çox xoşuma gəlir.

İkincisi, “Dumanlı Təbriz” sovet dövründə yazılmasına və sovet dövründə nəşr olunmasına baxmayaraq (sonluqu, iki-üç səhnəni çıxmaq şərti ilə) bir çox cəhətləri nəzərə alsaq (xüsusən İranı tanımaq cəhətdən) əsla aktuallığını itirməyibdir, zaman adlı imtahandan üzüağ çıxıbdır. Hətta desəm ki, əsər günümüzdə daha da aktuallıq qazanıbdır, heç bir mübağiləyə yol vermərəm. “Dumanlı Təbriz”i oxuduqda, əsərdə qələmə alınan ictimai-siyasi hadisələrlə, günümüzdə baş verən bir çox ictimai-siyasi hadisələr arasında asanlıqla paralellər apara bilərik.

Ümumilikdə götürəndə zaman adlı amansız imtahandan üzüağ çıxmaq bir əsər üçün balaca göstərici sayılmamalıdır. Konkret bizim zamana, yaxın keçmişimizə və coğrafiyaya gəldikdə isə əlavə edə bilərik ki, sovet hökumətinin dağılması nəticəsində sovet dövründə yazılmış plakat tipli əsərlərin, nəşr edilmiş plakar tipli kitabların əhəmiyyətli hissəsi ən azı mövzu baxımından öz aktuallığın avtomatik surətdə itirdi. Hərçənd, sovet zamanını anlamaq, o dövrün ab-havasını kəskin şəkildə hiss etmək üçün mövzu baxımından əhəmiyyətini itirmiş əsərlərin belə könüllü surətdə oxunmasının tərəfdarıyam. Bu işdə ancaq fayda var, heç bir zərər yoxdu. Ən azı qələm adamları, ictimai-siyasi xadimliyə iddia edən şəxslər sovet dövrünü anlamaq üçün zəhmət çəkib sovet zamanında yazılmış, nəşr edilmiş plakat tipli əsərləri də mütləq oxumalıdırlar.

***

Ordubadi “Dumanlı Təbriz” əsərində haqqında yazdığı adamların, yaratdığı obrazların məişətini, həyat tərzini, həyat fəlsəfəsini ən incə detallarına qədər gözəl bilirdi. Ona görə də biz “Dumanlı Təbriz” i tarixi romandan əlavə, tərəddüt etmədən həm də etno roman da adlandıra bilərik. Bu mənada “Dumanlı Təbriz” əsəri Muxtar Auzeovun “Abay” əsərinə xeyli oxşayır.

Azərbaycan ədəbiyyatında çatışmayan cəhətlərdən biri əsərlərdə koloritin olduqca az olmasıdır. Azərbaycan ədəbiyyatında koloritli əsərlər çox azdır. Koloritli əsərləri barmaqla saya bilərik. Süni mövzular, saxta təsvirlər, quru dialoqlar, obrazların, qəhramanların əsaslandırılmamış ovqat, ruh dəyişkənliyi, psevdolirika Azərbaycan ədəbiyyatında çoxluq təşkil edir. İsi Məlikzadənin povestləri, hekayələri məhz kolorit cəhətdən digər yerli əsərlərdən seçildiyinə görə hər şeydən əvvəl bir oxucu olaraq mənim üçün ayrıca yerdə dayanır. Fikirimcə Azərbaycan ədəbiyyatında ən koloritli əsər Süleyman Rəhimovun “Saçlı” romanıdır. “Saçlı” başdan-başa koloritdi. Ümumiyyətlə, “Saçlı” romanı mənə görə ən yaxşı Azərbaycan romanıdır. Təssüf ki, bu əsər çox kölgədə qalıb. Həqiqi qiymətini almayıb. “Saçlı”nı çox az adam oxuyub. İndi isə əsər heyif ki, tamam yaddan çıxmaqdadır. Nəşriyyatlardan birinin haqsız olaraq unudulan bu əsəri yenidən nəşr etməsi çox gözəl olardı. “Saçlı” əsərinin yenidən nəşr olunması həm Allaha xoş gedər , həm də onun bəndələrinə.

“Dumanlı Təbriz” kolorit baxımından Azərbaycan ədəbiyyatında nadir rast gəlinən əsərlərdən biridi. Əsərdə koloritli təsvirlər, canlı, düzlu, şirəli söhbətlər çoxdur. Gəlin, belə təsvirlərdən biri ilə tanış olaq :

“Tağıyev həqiqi inqilabçı deyildi. Çətin günlərdə daima gizlənər və qərargaha dolanmazdı. Ara sakit olan kimi ağ atını minərək silahlı surətdə şəhərə çıxardı. Təbrizlilər daima şəhərdə sakitlik bərpa olunduğunu Tağıyevin atlı gəzməsindən bilirdi. Təbriz dükançısı bir-birinə rast gələrkən, dadaş nə var, nə yox – deyə soruşduqda, o birisi :

– Tağıyev gəzir, qorxmalı bir şey yoxdur!- deyə cavab verərdi” .

 Bəh-bəh-bəh… Ədəbiyyat xiridarlarının “Dumanlı Təbriz” də bəh-bəh-bəh-lə qiymətləndirib, babat bədii həzz ala biləcəkləri belə təsvirlər kifayət qədərdir. Əlim qaşınır, gəlin əsərin “Qarətlər” fəslindən daha bir koloritli səhnə ilə tanış olaq :

“Mən əlimdə bomba olduğu halda durub qarətçilərə baxırdım. Evlərdən çıxan şeyləri görməklə maraqlanırdım. Müctəhidin evindən qəribə şeylər çıxarırdılar. Bu qarətə küçə camaatı, xüsusən qadınlar da qoşulmuşdu. Böyük bir xalçanı dörd adam tutmuşdu. Bunlar xalçanın üstündə dalaşırdılar. Nəhayət, birisi o birilərini xəncərlə yaralayıb xalçanı apardı. Yaralılar yenə də içəri qayıtdı. Əlinə bir şey düşən tez gedir, lazımi yerə qoyur, yenə qayıdırdı. Uşaq beşiyi də aparan vardı. Uşağı beşikdən evdə açmaq mümkün olmadığından beşiyi uşaqla bərabər çıxarmışdılar. Qapıda uşağı açıb yerə saldılar, beşiyi apardılar. 12-13 yaşında uşaqlar belə yastıq, balış daşıyırdılar. Yağ, bal, qovurma küpələrini barmaqlayıb yeyə-yeyə bayıra çıxarırdılar. İçəridən çox böyük gurultu gəlirdi. Ara-sıra tapança da açılırdı. Bu gurultu qiymətli şeylərin üstündə qalxırdı. Bahalı şeyləri hər kəs bir-birindən qapmaq istəyirdi. Evdən şey çıxaranların bir çoxunun ağzı-burnu əzilmiş, gözlərinin altı göyərmişdi. Bir çoxları da boş çıxırdı. Bunlar qiymətli paltarları əyinlərinə geyinib bayıra çıxanlardı, çünki bir çoxları içəri girməyib, yalnız qapını kəsdirmişdi. Aciz adamların götürdükləri şeyləri əllərindən alıb mənimsəyirdilər. İşəridən tar, kamança, dəf və sair musiqi alətləri çıxaranlara da təsadüf olunurdu….

İçəridən üzü ağ örtüklü bir qadınla bir kişi vuruşa-vuruşa bayıra çıxdı. Bu vuruşmanın nə üstündə getdiyi məlum deyildi. Qadın örtülü olsa da, kişinin vurduğu yumruqların cavabını verirdi. Axırda qadın kişinin əl çəkmədiyini görüb üzündəki örtüyü və başındakı çarşabı atdı. Kişini o ki lazımdır döydü və özündən əl çəkməyə məcbur etdi. Qadının belində böyük bir tirmə şal vardı. Qadın içəridə bu tirməni belinə sarıyıb çıxdıqda bu kişi tirməni onun əlindən almaq istəyirmiş. Qadın üzü çil, burnu yekə, boynu qısıq, özü də kök və yumruca bir qadın idi. Bunun qəribə sifətlərindən birisi də bir əlinin xınalı, digər əlinin isə xınasız olması idi… ”

Həqiqətən gözəldir, təsvirdən kolorit fışkırır. Könül daha bir koloritli təsviri yazıda tirajlamaq istərdi, amma mənim üçün nə qədər çətin olsa da burda dayanmalıyam. Çünki əsərdəki bütün koloritli təsvirləri, canlı, duzlu, şirəli söhbətləri burda tirajlasam, onda gərək əsərin hardasa onda birinin üzün gərək yazıya köçürəm.

“Dumanlı Təbriz” də bir xeyli səhnələr, təsvirlər adama “Min bir gecə” nağılların xatırladır. Təbiri caizsə, fikrimi belə ifadə edərdim; Ordubadi böyük istedada və geniş diapazona malik əsl şərq yazıçısı, “Dumanlı Təbriz” isə əsl şərq romanıdır. Ümumiyyətlə, bu Ordubadi nəsə tamam başqa tipdi, heç bir başqa Azərbaycan yazıçısına bənzərliyi yoxdu. Bu adamın təsvirlərinə baxın və qərarı özünüz verin:

Birdən dəhlizdə səs-küy qopdu. Bir nəfər farsla mehmanxana xidmətçisi savaşırdı. Sonradan məlum oldu ki, fars Ələmdar hakimi İqbal Nizamdır. O, sərxoş olaraq əxlaqsız qadınların haqq-hesabını verməkdən boyun qaçırmış və əlavə olaraq bilməyərəkdən üz dəsmalını şalvarı ilə bərabər əyninə geymişdir. Xidmətçi üz dəsmalını onun şalvarından çıxarıb təhqir etdiyi üçün hakim acıqlanmışdır…

*

Qılınclar və boş butulkalar kəsməyə və əzməyə baş arayırdı…

*

Konsulxanaya yaxın küçələrdə gediş-gəliş qeyri-adi bir şəkil almışdı. Burada çar bayraqları satmaq üçün kiçik bir dükan da açılmışdı. Bayraq almaq istəyənlər növbəyə durmuşdular. (Konkret aktual təsvirdir! S. B)

*

Mömin və müsəlman çar casuslarına hər addımbaşı rast gələ bilərsən. Hazırda başlarında furajka, əynində kostyum və yaxalıq gördüyün bu adamların hamısı iyirmi gün əvval əba və don geyən, saqqalını rəngləyən, barmağında əqiq üzük, təsbeh olan tacirlərdir. Bir neçə gündən sonra ingilislər gəlsə, başlarına ingilis qalpağı taxıb, ağızlarına trubka almağa hazırdılar. (Öz aramızdı, bu da çox aktual, günümüzlə səsləşən təsvirdir! S.B )

*

Biz bu gün çaydan sonra şəhəri seyr etməyi Hacı xandan rica etdik. O, Süleyman adlı bir xidmətçini bizə qoşdu. Qapıda, əllərində və yanlarında quzu, cücə, toyuq, yağ, qatıq, yumurta, meyvə və sair şeylər olan bir çox kəndlinin durduğunu gördüm.

– Bunlar kimdir? – nökərdən soruşdum.

– Bunlar Hacı xanın rəiyyətlərdir, xanın əziz qonağı olduğunu eşitdikləri üçün hədiyyə gətirmişlər. Bunların çoxu xanın satdığı kəndin rəiyyətlərindəndir. Onlar yenə də Hacı xanı öz ağaları bilir, həmişə də öz dərdlərini Hacı xana ərz edirlər.

*

…. Çar əsgərlərinin adi söyüşləri, küçədən keçənlərlə özəşməsi, qadın görürkən “bacı, sənin ərin var ?” deməsi, dükançıdan mal alıb pulunu verməməsi, pomidoru tabaqdan götürüb baqqalın üzünə vuraraq gülməsi adi bir hal yerinə gəlmişdi. Biz qoca bir baqqalın dükanı qabağında durub qaymağa baxırdıq, bu halda bir köpək başını qatığa uzadıb yalamaq istədi. Baqqal yanındakı ağacla köpəyi vurub qovdu. Köpəyin səsinə çar odrusunun alay komandanı nişanını daşıyan bir zabit gəldi və baqqalı söyərək köpəyin yalamaq istədiyi qatığı qabı ilə götürüb baqqalın başına vurdu. Baqqalın başı yarıldı, qanı qatığa qarışaraq axıb saqqalından aşağı töküldü.

Zabit söyürdü, lakin söyüşlər yalnız baqqalın deyil, ümumiyyətlə, mədəniyyətsiz və vəhşi şərqlilərin ünvanına idi. Zabitin əli qatığa batmışdı. Bir nəfər avropalı qiyafətində olan yerli tacir zabitə yanaşdı. O, cibindən ağ dəsmalını çıxarıb rusca :

– Əfv edərsiniz, bizimkilər eşşəkdirlər, – dedikdən sonra zabitin qatığa bulaşmış barmaqlarını silmək istədi.

 Hirslənmiş zabit isə qatıqlı barmaqları ilə ona şillə vurub:

– Rədd ol, – deyə söydü.

 Tacir əlindəki dəsmalı ilə üzünü sildi və yaltaqlıqla zabitdən üzr istədi. Sonra tacir də baqqala yanaşıb söyməyə başladı :

– Alçaq, sən bilirsən ki, bunlar bizim əziz mehmanlarımızdı. Sən necə cürət edib ağanın itin döyürsən? – deyə tacir zabitin üzünə baxır və onun razılığını qazanmağa çalışırdı.

 Bundan sonra daha birisi baqqala yaxınlaşdı :

– Özləri də qonağımızdır, itləri də əzizimiz və gözümüzün işığıdır. Baba, anlamamışıq, ağanın itini Mərənd iti bilib haqqında ədəbsizlik eləmişik. Yoxsa bizim babamız da bu qələti eləməzdi, yəni biz elə ədəbsiz olduq ki, ağanın itindən bir qab qatığı da əsirgədik?

Zabit isə hələ də söyürdü, lakin bu söyüşlər bizə yabançı deyildi, bunları biz çar zabitlərindən hər yerdə eşitmişdik.

– Vəhşi şərqlilər, azyatlar, zavallılar! Daha Səttar xan yoxdur. Əlahəzrət çarın zabitləri sizi lazımınca tərbiyə edərlər, özünüzdən min kərə mədəni, şərəfli olan nəcib köpəyi vurmağa haqqınız yoxdur. Bu hərəkət bizə qarşı üsyandır.

Baqqal da yalvarırdı:

Ağa, başına dönüm, belə ayaqlarının altında qurban kəsilim, anlamamışam, bir qələtdir, öz ölübəölümlə eləmişəm…

Baqqalından tacirinə, ziyalısına qədər yaltaqlığa alışan bu xalqı seyr etdikdən sonra məni bir iranlı kimi tanıyan miss Hannanın üzünə baxmağa utandım.

*

Bir dəstə uşaq faytonumuzu görər-görməz çığıra-çığıra qaçıb kəndə yayıldı. Bu səsdən sonra arvadlar evlərdən və qazmalardan çıxıb küçədəki toyuqları tutmağa və quzularını içəriyə çəkməyə başladılar. Biz bunun səbəbini bilmədik… Kənddə təzə və yamaqsız paltara təsadüf etmədik. Kişilərin çoxu çılpaqdı. Qadınların da br çoxu cürbəcür cındırları quraşdırıb onunla öz əndamını örtmüşdü.

 *

Yolumuzu dəyişib “Hacələkbər ” bazarçasına tərəf getdik. Burda Mirmanaf Sərrafın oğlu Mir Murtuza qarşımıza çıxdı. O, ağ bir uzunqulağın üstündə oturub bir dəstə nökəri ilə gəlməkdə ikən, Mirzə Məsud ağa da uzunqulaq üstdə, öz nökərləri ilə bərabər onların qabağına çıxdı. Bunlar bir-birlərinə təsadüf edincə, hər iki uzunqulaq burun-buruna söykəndi, üstündəki ağalar danışmağa başladı.

*

İsti paltar görməyən və payız ağacları kimi çılpaq gəzən Təbriz yoxsulları bütün Şərq ölkələrində olduğu kimi axşam saat doqquz olmadan başını kürsünün altına soxub yatmışdı. Yoxsullar soyuqdan, varlılar isə qorxusundan bayıra çıxa bilmirdi. Küçələrdə səs-səmir yox idi, hərdənbir əndərunlarda çalınan musiqinin səsi palçıq hasarları deşib bayıra çıxmaq istəsə belə, soyuq küləklər onu qulağın girəcəyindən qapıb uzaqlara aparırdı. Gündüzləri müxtəlif səslərlə arı pətəyi kimi qaynaşan və Şərqə məxsus əyləncə təşkil edən Təbriz şəhəri gecələri də öz sükutu ilə başlı-başına buraxılmış köhnə bir qəbiristan mənzərəsini xatırladırdı. Uzaqdan görünən məscid günbəzləri bir qara tısbağanın yatışı qədər sakit, alçaq tağlı qapılar isə palçıqdan düzəldilmiş bir məqbərənin qapısı kimi gəmgin-qəmgin baxırdı. Möminlərin səhər qüsl etməsi üçün hazırlanan hamamların bacasından qalxan boz tüstülər, vulkan dağıtmış xarabalıqdan qalxan duman qədər insana gəmginlik verirdi. İnsan vücudlarını yeyən məhəllə qəbiristanları uzaqda bir bataqlıq kimi görünür, qəbirlərin yanında qoyulmuş köhnə tabutlar isə bataqlıqdan kənara çıxan bir timsah kimi sanki insanın üzərinə hücum edirdi….

***

Bəzən hansısa əsəri oxuduğum zaman başımda əsərin mövzusuyla birbaşa əlaqəsi olan, əsərin mövzusuyla birbaşa əlaqəsi olmayan fikirlər fırlanmağa başlayır. Bu fikirləri ya yazılı, ya da şifahi formada ifadə etməyincə rahatlıq tapa bilmirəm. Beləliklə, “Dumanlı Təbriz” i oxuduğum zaman bu fikirlər başımda fırlanmağa başladı…

(davamı var)

Seymur Baycan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun