Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu ötən gün Elazığ şəhərində qatıldığı bir tədbirdə Ərdoğan idarəçiliyini sərt tənqid edib.
Hakim AK partiyanın yaradıcılarından və aparıcı simalarından olmuş Davudoğlu iqtidar partiyasından aralandığını, bu partiyaya iki il rəhbərlik etmiş bir şəxs kimi hiss etdiyini deyib və buna görə indiki başqanın hesab verməli olduğunu bildirib.
Davudoğlu təkrar keçirilən İstanbul seçkilərində AKP-nin 800 min səs fərqlə uduzduğunu qeyd edərək hər kəsi bu mövzuda danışmağa və trolların hucumundan qorxmamağa çağırıb.
Davudoğlu sözlərinə görə, MHP-nin səsləri çıxıldıqda, AKP-nin səsləri 34-35 faizə enib. O deyib ki, hakim partiya nə etdi ki, 14 faiz nüfuz itirdi, bu deyilməlidir.
"AKP bir nəfərin, bir ailənin, bir qrupun, bir bölgənin, bir etnik ya da məzhəb qrupunun partiyası deyil… Ədalətə ehtiyac var. Son dönəmdə ədalət elə bir ikili standart göstərdi ki, insanların ədalətə, hüquqa güvəni sarsıldı".
Keçmiş baş nazir deyib ki, konstitusiya sistemləri insanlara və qurumlara görə inşa edilə bilməz.
"Amma təəssüf, bütün xəbərdarlıqlarımıza rəğmən, parlamentar sistemdən bir başqanlıq sisteminə keçildi… Dövlət idarəçiliyi ilə ailə münasibətləri ayrılmalıdır. Dövlət ierarxiyasında birinci dərəcə əqrəbalıqlar olmamalıdır".
Davudoğlu 23 iyun seçkisi ərəfəsində Ərdoğan iqtidarının İmralıda cəza çəkən terrorçu Abdulla Öcalanla əlaqəyə girməsini, hakim partiyanın vicdandan və əxlaq dəyərlərindən imtinası kimi qiymətləndirib.
[embed]https://www.youtube.com/watch?v=ArX8CL9HAwg[/embed]