Avropa Liqası: Chelsea 4–1 Arsenal [video]

Avropa Liqası: Chelsea 4–1 Arsenal [video]
30 May 2019
Mətni dəyiş

Avropa Liqasının Bakıda keçirilən final matçında İngiltərənin iki klubunun qarşılaşmasında 'Chelsea' 'Arsenal'ı 4-1 hesabı ilə məğlub edib.

Oyunun birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq qapılara top vurulmayıb. Lakin fasilədən sonra azarkeşlər meydanda beş qol izləyiblər.

Oyunda hesabı matçın 49-cu dəqiqəsində “Çelsi” komandası açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb.

Matçın 60-cı dəqiqəsində “Çelsi” ikinci topu “Arsenal”ın qapısından keçirib. Eden Hazardın ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib və hesabı 2-0 edib.

Eden Hazard 65-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini qola çevirərək komandasının üçüncü topunu qapıdan keçirib.

Bu qoldan 4 dəqiqə sonra “Arsenal” vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi 2 topa endirib.

Görüşün 72-ci dəqiqəsində isə “Çelsi”nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb və oyunun hesabı müəyyənləşib – 4:1.

“Çelsi”nin fransalı hücumçusu Olivye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.

UEFA Avropa Liqasının final oyunun ən yaxşı oyunçusu isə "Çelsi"nın yarımmüdafiəçisi Eden Hazard olub. Belçikalı oyunçu qarşılaşmada 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Final matçının Bakıda keçirilməsi qərarına görə həm komandalar, həm də onların azarkeşləri UEFA-nı tənqid etmişdilər.

Azarkeşlərin əksəriyyəti final oyununun keçirildiyi şəhərin uzaqlığına, təyyarə reyslərinin azlığına görə komandaları ilə birlikdə hərəkət edə bilməyiblər. Bu səbəbdən 70 minlik Olimpiya stadionunda boş yerlər qalıb.

Bu il həm Avropa Liqasının, həm də Çempionlar Liqasının finalına İngiltərə klubları vəsiqə qazanıblar.

İyunun 1-də Madriddə UEFA Çempionları Liqasının finalında Liverpool və Tottenham Hotspur klubları qarşılaşacaqlar.

“Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

“Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub olub. “Topçular” 2000-ci ildə turnirin finalında “Qalatasaray”a uduzub.

[embed]https://www.youtube.com/watch?v=NuogP1dmmNo[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun