Azərbaycanın 'loukost' aviaşirkəti “Buta Airways” donanmasına bir yeni “Embraer E-190” təyyarəsi əlavə edib. Bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, sözügedən təyyarə birbaşa Braziliyadakı istehsalçı zavoddan gətirilib.
Yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının bazasında sayca səkkizinci təyyarədir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reyslər təyin etməyə imkan verəcək.
AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, "Buta"nın yeni təyyarələr alması marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək.
"Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. Reyslərin və istiqamətlərin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq".
Hava yolları şirkəti yeni təyyarəyə Ağdam şəhərinin adını verib.
Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb.
Aviaşirkət artıq yay uçuş cədvəli üzrə bir çox istiqamətlərə - Sofiya, Alanya, Sankt-Peterburq və digər şəhərlərə aviabiletlərin satışına başlayıb.
Həmçinin, Türkiyənin İzmir şəhərinə aviareyslərin sayını həftədə üç dəfəyədək artırıb.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.
Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.
[embed]https://www.youtube.com/watch?v=jqVTmK4NeJo&feature=youtu.be[/embed]