'Azərbaycan hakimiyyəti insan hüquqlarına riayət etməkdə maraqlı deyil'

'Azərbaycan hakimiyyəti insan hüquqlarına riayət etməkdə maraqlı deyil'
11 Dekabr 2018
Mətni dəyiş

"Azərbaycanda insan hüquqları sahəsində vəziyyət cansıxıcıdır, hökumətin isə vəziyyəti yaxşılaşdırmaq niyyəti yoxdur".

Bu sözləri "Amerikanın Səsi"nə müsahibəsində araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılova bildirib.

"15 il əvvəl də vəziyyət yaxşı deyildi, amma onda ölkədə heç olmasa nisbətən azad mətbuat, nisbətən azad telekanallar var idi. İndi bütün bunlar yoxdur. İndi biz faktiki olaraq sıfır azad mətbuata və demək olar ki, məhv edilmiş vətəndaş cəmiyyətinə malikik", deyə İsmayılova bildirib.

Son illər insan hüquqları ilə bağlı bir neçə fəaliyyət planı qəbul edilməsinə baxmayaraq, bu sənədlər deklarativ xarakter daşıyırdı. Vətəndaş cəmiyyəti institutlarının inkişafından danışan hakimiyyət onların məhvi ilə məşğul idi. Bəzilərini bağladılar, bəzilərini sürgün etdilər, bəzilərini həbs etdilər, bəzilərini ələ aldılar.

Söz azadlığı sahəsində vəziyyət də acınacaqlıdır. Sonuncu müxalifət qəzeti bağlanıb. Daha sonra internetə keçdilər, xoşagəlməz on-line resursları bloklamağa başladılar.

Bu gün facebook-da fikir bildirmək olar, amma dərhal azadlığını itirərsən. Beləliklə, sadəcə azad düşünən vətəndaşlar, blogerlər də repressiyalarla üzləşiblər.

Bu fonda müxalif saytın redaktoruna qarşı cinayət ittihamları irəli sürülür, bundan əvvəl isə Tbilisidə jurnalist oğurlanır və buraya gətirilir, uzun müddətlik həbs edilir.

"İnsan hüquqlarının keşiyində olmalı olan məhkəmələr hökumətin tam nəzarəti altındadır. Hakimiyyət məhkəmələrdə bütün proseslərə nəzarət edir - hakimlərin təyin edilməsindən onlar arasında işlərin paylanmasına qədər. Məhkəmə-Hüquq Şurasına ədliyyə naziri rəhbərlik edir. Məhkəmələrdə əsas qərarı prokuror qəbul edir, sifariş hökumətdən daxil olur", - deyə İsmayılova bildirib.

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçisinin təyin edilməsini şərh edən İsmayılova qeyd edib ki, hələlik onun səmərəliliyindən danışmaq tezdir, çünki nəticə görünmür.

"Belə başa düşürəm ki, hökumət hələ onu ölkəyə dəvət etməyib", deyə İsmayılova qeyd edib.

Onun sözlərinə görə, ölkədə iki hüquq müdafiə qurumu siyasi məhbus siyahılarının tərtib edilməsi ilə məşğul olur. Bir siyahı daha çox, digəri daha az genişdir, çünki siyasi məhbus meyarlarına uyğunluq daha ciddi şəkildə tətbiq edilir.

İsmayılova ikinci qurumun üzvüdür, onun siyahısında 130 siyasi məhbus var. 2014-cü ildə siyasi məhbusların sayı 98 nəfər idisə, indi onların sayı 130-a çatıb. 2013-cü ildə AŞPA-da siyasi məhbuslar siyahısına baxılarkən onların sayı 80 idi. İslandiyalı yeni məruzəçi daha çox işi araşdırmalı olacaq.

İnsan hüquqları sahəsində qarşıda duran vəzifələr haqqında danışan İsmayılova işgəncələri araşdıran müstəqil qurumun təxirə salınmadan yaradılması zərurətini qeyd edib.

"Müstəqil monitorinq mexanizmləri yaradılmalıdır. Hüquq müdafiəçilərinin indi işgəncələrə məruz qalanlara kömək etmək imkanı yoxdur. İndi artıq vəkillər də hakimiyyətin təzyiqi ilə əlaqədar onların səsini ictimaiyyətə çatdıra bilmir. Belə ki, vəkil Yalçın İmanov yalnız həbsxanada işgəncə faktının üstünü açdığına görə Vəkillər Kollegiyasından xaric edilib".

Jurnalistin sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün imkanlar bərpa edilməlidir. Mətbuat azadlığı olmadan bütün bunlar qeyri-mümkündür, amma hakimiyyətin ölkədə insan hüquqlarının müdafiəsini təmin etmək üçün siyasi iradəsi yoxdur.

"İnsan hüquqlarının müdafiə olunduğu yerdə insanlar suallar verə bilir, hökumət isə öz hüquqlarından xəbəri olan vətəndaşın korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi, hakim elitanın zənginləşdirilməsinin səbəbləri haqqında suallara cavab tələb edə biləcəyindən qorxur", - deyə İsmayılova qeyd edib.

https://www.youtube.com/watch?v=p7jPWC83Y1w

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun