“Amnesty International”dan BMT-yə: “COP29 iştirakçılarının hüquqlarına təminat verin!”

“Amnesty International”dan BMT-yə: “COP29 iştirakçılarının hüquqlarına təminat verin!” Foto: Əziz Kərimov/Getty Images
4 İyul 2024
Mətni dəyiş

“Amnesty International” Beynəlxalq İnsan Hüquqları Təşkilatı bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim sammitinin təşkilatçılarını "ev sahibi Azərbaycan hakimiyyətilə sazişdə" insan hüquqlarına zəmanət verilməsini təmin etməyə çağırıb.

“Amnesty International” iyulun 4-də yayımladığı bəyanatında bu sazişin imzalandıqdan dərhal sonra dərc edilməsində təkid edir. Beləliklə "potensial iştirakçılar tədbirdə üzləşəcəkləri riskləri qiymətləndirə biləcəklər".

Bəyanatda qeyd olunub ki, “Amnesty International” dəfələrlə cəhdlərə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Çərçivə Konvensiyası və Birləşmiş Ərəb Əmirlikləri arasında keçənilki COP28 üçün ev sahibi ölkə ilə sazişin mətnini yalnız bu yaxınlarda ala bilib.

Bildirilib ki, Dubayda iştirakçıların hüquqlarının qorunması ilə bağlı bu sazişdə əhəmiyyətli çatışmazlıqlar və qeyri-müəyyənliklər olub. Bu, Azərbaycan hökumətilə sazişin də COP29-da insan hüquqlarını və mülki məkanı tam şəkildə müdafiə edə bilməyəcəyi və sammitdən əvvəl ictimaiyyət üçün əlçatan olmayacağı ilə bağlı narahatlığı artırır.

"Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Çərçivə Konvensiyası və Azərbaycan hakimiyyəti arasında ev sahibi ölkə ilə sazişdə bütün insan hüquqlarının həm məkan daxilində, həm də xaricində qorunacağına və əməl ediləcəyinə zəmanət olmalıdır. Buna ifadə azadlığı və dinc toplaşma hüquqları daxildir. Bu, xüsusilə vacibdir, çünki Azərbaycan hakimiyyəti mütəmadi olaraq tənqidləri susdurur və bu yaxınlarda Anar Məmmədli kimi hüquq müdafiəçilərini, jurnalistləri və ekofəalları həbs etməklə əks fikirlilərə qarşı repressiyaları gücləndirib", - bəyanatda deyilib.

Təşkilat Məmmədlini, eləcə də hakimiyyət tərəfindən haqsız yerə saxlanılan bütün digər şəxsləri azad etməyə çağırıb.

“Amnesty International” Polşa, İspaniya, Böyük Britaniya, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, əvvəlki COP iqlim sammitlərinin ifadə azadlığı və dinc toplaşma hüquqlarının məhdudlaşdırılmasını necə əhatə etdiyini sənədləşdirib.

“Amnesty International” Azərbaycanda bu və digər hüquqların ciddi şəkildə pozulduğunu qeydə alıb. Bu da bu il  noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP iştirakçılarının təhlükəsizliyilə bağlı narahatlığa səbəb olub.

"Ev sahibi ölkə ilə saziş" təşkilatçılarla ev sahibi ölkə hakimiyyəti arasında beynəlxalq görüşün aparılması qaydalarını müəyyən edir. Buraya milli qanunlar xaricində tətbiq olunan istənilən immunitetlər və imtiyazlar daxildir ki, bu, adətən tədbirdən bir neçə ay əvvəl hazırlanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun