Vətəndaş AİHM-ə göndərdiyi məktubu çatmadığına görə “Azərpoçt”u məhkəməyə verib

Vətəndaş AİHM-ə göndərdiyi məktubu çatmadığına görə “Azərpoçt”u məhkəməyə verib
15 May 2026
Mətni dəyiş

Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilən poçt məktublarının ünvanına çatmaması ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Bununla bağlı məhz Avropa Məhkəməsinə bir sıra şikayətlər göndərilib

“Azadlıq Radiosu”nun yazdığına görə, şikayətçilərdən biri olan Sarvan Kərimov məktublarının dəfələrlə itməsinə görə “Azərpoçt” MMC-ni məhkəməyə verib. O hesab edir ki, xüsusilə AİHM-ə ünvanlanan göndərişlərin çatdırılmaması təsadüfi deyil və bu hallar onun beynəlxalq məhkəməyə müraciət hüququna maneə yaradır.

Kərimov məhkəməyə təqdim etdiyi iddiada bildirib ki, göndərdiyi ərizə və məktubların itməsinə görə həm maddi, həm də mənəvi zərərə məruz qalıb. Onun sözlərinə görə, “Azərpoçt” itən göndərişləri etiraf edir və poçt xərclərini geri ödəyir, lakin bu, qurumun məsuliyyətini aradan qaldırmır.

Şikayət ərizəsində Kərimov qeyd edib ki, məktubların yoxa çıxması nəticəsində Avropa Məhkəməsində hüquqlarının müdafiəsi mümkünsüzləşdirilib:

“Avropa Məhkəməsinə göndərdiyim şikayət məktublarının dəfələrlə itməsi pozulmuş hüquqlarımın bərpasına mane olub. Bu, beynəlxalq müdafiə imkanından məhrum edilmək deməkdir”.

O, “Azərpoçt”dan ümumilikdə 39 min manat təzminat tələb edir.

“Azərpoçt” isə ittihamları qəbul etmir. Qurumun nümayəndəsi məhkəmədə məktubun ünvana çatmadığını təsdiqləsə də, bunun qəsdən edilmədiyini bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, hadisə məlum olan kimi xidməti araşdırma başladılıb və məktubun itdiyi müəyyən edilib.

Bununla belə, Səbail Rayon Məhkəməsi Sarvan Kərimovun iddiasını təmin etməyib.

AİHM-ə müraciətlə bağlı problemlərdən yalnız şikayətçilər deyil, vəkillər də narazıdır. Vəkillər Elçin Sadıqov, Aqil Layıc, Əsabəli Mustafayev və başqaları son illərdə Avropa Məhkəməsinə göndərilən məktubların tez-tez çatdırılmamasından şikayət etdiklərini bildiriblər.

Vəkil Nemət Kərimli deyir ki, bu hallar hüquqi baxımdan ciddi nəticələr doğurur. Onun sözlərinə görə, AİHM-ə müraciət üçün ölkədaxili məhkəmə qərarından sonra müəyyən edilmiş vaxt məhdudiyyəti var və məktub vaxtında çatmadıqda şikayət qəbul olunmaya bilər.

“Biz düşünürdük ki, məktub göndərilib və proses davam edir. Sonradan məlum olurdu ki, göndəriş itib. Nəticədə şikayət müddəti ötürülürdü”, - vəkil bildirib.

Kərimli əlavə edib ki, yaranan problemlər səbəbindən bəzi hüquqşünaslar artıq dövlət poçt xidmətindən istifadə etməməyə çalışır və sənədləri özəl poçt şirkətləri vasitəsilə göndərirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun