“Toplum TV işi”: 5 gündür quru aclıq edən Ramil Babayev məhkəməyə zorla gətirildiyini deyib

“Toplum TV işi”: 5 gündür quru aclıq edən Ramil Babayev məhkəməyə zorla gətirildiyini deyib
4 May 2026
Mətni dəyiş

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.

“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev çıxış edib. O bildirib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasında şikayətlərinə baxılmadığı üçün 5 gündür quru aclıq edir.

Babayevin sözlərinə görə, ötən prosesdən sonra təcridxana rəisi Elnur İsmayılovun qəbuluna düşmək üçün müraciət etsə də, bir həftədir bu, mümkün olmayıb və onu “yola verirlər”.

“Bu gün-sabah deyə-deyə rəisin qəbuluna buraxmadılar. Rəis müavini Cavid Güləliyev yazdığım ərizələrə baxdı. Birinci tələbim işgəncə faktlarına görə C.Güləliyevə qarşı cinayət işi açılması idi. O isə dedi ki, “burada adamdöyən təkcə mənəm ki?”. Digər tələblərimlə bağlı rəislə görüşdə onları qaldıra biləcəyimi dedi. Mən isə bildirdim ki, qanuna əsasən, o, mənim ərizəmi məhkəməyə göndərməlidir və şikayətim icraata götürülməlidir. 5 gün əvvəl quru aclığa başladım. Həkim müayinəsi və ayrı kameraya köçürülməyimi tələb etsəm də, təmin etmədilər. Yalnız dünən axşam biliblər ki, səhər məhkəmədir və həkim çağırıblar. Mən isə dedim ki, məhkəmədə iştirak etməyəcəm, zorla aparılacağım təqdirdə özümə xəsarət yetirəcəm. Bura da zorla gətirilmişəm. Gətirilərkən saxlanıldığımız otaqda da başımı divara vurmaqla özümə xəsarət yetirməyə hazırlaşırdım. Akif Qurbanov məsləhət gördü ki, məsələnin ictimailəşməsi naminə prosesdə iştirak edim”, – o qeyd edib.

Ramil Babayev əlavə edib ki, son 5 gün ərzində iki dəfə qan qusub və səhhəti pisləşdiyi üçün məhkəmənin təxirə salınmasını istəyib.

IDI rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov isə bildirib ki, Babayevlə görüşmək cəhdlərinə icazə verilməyib.

“Bir neçə gün əvvəl mənim kameramda axtarış aparılıb və köhnə yazılarım müsadirə olunub, habelə telefon zənglərimə məhdudiyyət qoyulub. Ramil buna son qoyulmasını da tələbləri sırasına daxil edib. Mən bunu sonradan eşitdim və mayın 2-si Ramillə görüşmək üçün icazə istədim. Dedim ki, bəlkə mən onunla görüşüb aclığı dayandırmağa razı sala bilərəm, çünki onun sağlamlığı bizim üçün önəmlidir. Rəis müavini dedi ki, baxarıq. Çünki o, rəisdən, rəis Penitensiar Xidmətdən, onlar da Prezident Administrasiyasından cavab gözləyirlər. Sonradan yalandan dedilər ki, Ramil aclığı dayandırıb. Hakimiyyətin məqsədi informasiya blokadası yaratmaqdır”, – o bildirib.

Vəkil Zibeydə Sadıqova Babayevin həkim müayinəsindən keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim Azər Tağıyev isə onun aclıq etməsinə dair faktın olmadığını deyib.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də çıxış edərək Babayevin tibbi yardımla təmin olunmasını və şikayətlərinin araşdırılmasını istəyib.

Hakim Babayev üçün təcili tibbi yardım çağırılmasını təklif etsə də, o, bunu qəbul etməyib və əvvəlcə təcridxana rəisi ilə görüşmək istədiyini, daha sonra sulu aclığa keçəcəyini bildirib.

Nəticədə məhkəmə prosesi mayın 18-nə təxirə salınıb. Müdafiə tərəfinin təkidi ilə Babayev üçün həkim çağırılması barədə qərar verilib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə götürülüb.

Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilib. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun