Mayın 4-də “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov barəsində cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Rüfət Səfərov dələduzluq, qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
İttihama görə, o, Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq bəhanəsi ilə 60 min manat alıb, lakin nə torpağı təqdim edib, nə də pulu geri qaytarıb. Bildirilir ki, 2024-cü il dekabrın 3-də tərəflər arasında baş verən mübahisə zamanı Səfərov qarşı tərəfə xəsarət yetirib.
Hüquq müdafiəçisi isə bu iddiaları rədd edir. O bildirir ki, Natiq İmanquliyevdən pul almayıb və həbs olunana qədər onunla ümumiyyətlə görüşməyib.
“Azadlıq Radiosu”nun məlumatına görə, mayın 4-də keçirilən iclasda Tərlan Əliyev adlı şahid dindirilib. Daha sonra vəkil Rövşanə Rəhimova vəsatət qaldıraraq zərərçəkmiş şəxsin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib. Vəsatət zərərçəkmişin məhkəmədə verdiyi ifadə ilə iş materiallarında yer alan tibbi sənədlər arasındakı ziddiyyətlə əsaslandırılıb. Hakimlər bu vəsatəti təmin ediblər.
İclasda çıxış edən Rüfər Səfərov mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Gününü xatırladaraq bildirib:
“Azərbaycan hakimiyyəti nə qədər çalışsa da, ölkədə vicdanlı jurnalistlərin axırına çıxa bilməyib. Həmin jurnalistlərin əksəriyyəti həbsdədir. Mən onların qarşısında kepkamı çıxarıram. Bütün vicdanlı jurnalistlərin bayramını təbrik edirəm. Ümumiyyətlə, dünyada həbsdə olan jurnalistlərin 10 faizi Azərbaycanın payına düşür”.
O, özünü “ölkədəki 400-ə yaxın siyasi məhbusdan biri” adlandırıb və əlavə edib:
“Mən “siyasi qara” olduğum üçün 11 ildir həbslərə, işgəncələrə məruz qalıram. Çünki Azərbaycan hakimiyyəti hüquqazidd, qeyri-demokratik bir hakimiyyətdir. Mən mazoxist deyiləm. Amma fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm”.
Hüquq müdafiəçiləri isə hazırda Azərbaycanda siyasi məhbusların sayının 340 olduğunu bildirirlər.
Növbəti məhkəmə iclası mayın 18-nə təyin olunub. Həmin iclasda dövlət ittihamçısının Səfərov üçün cəza istəməsi gözlənilir.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221.1-ci maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Hüquq müdafiəçisi həbsindən əvvəl ABŞ-yə səfər etməyi planlaşdırırdı. 2024-cü il dekabrın 10-da Vaşinqtonda keçirilən Beynəlxalq İnsan Hüquqları Günü tədbirində ABŞ Dövlət Departamenti tərəfindən mükafatlandırılan şəxslər arasında onun da adı olub. Mükafatları ABŞ dövlət katibi Antoni Blinken təqdim edib.
Səfərov ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını bəyan edirlər.
Foto: Amerikanın Səsi