“Mənə ən çox pis təsir edən polis əməliyyatçılarının mənim cibimə narkotik, psixotrop maddə qoymaları, bir də mənim çayıma zəhərli maddə qatmaları idi”.
Bu, bir müddət öncə 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən İlqar Əliyevin həbsxana divarları arxasından dediyi son sözləri, son səs yazısından bir hissədir.
İnformasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev 2023-cü ildə “Abzas Media”ya qarşı başladılan repressiya dalğası zamanı həbs edilmişdi. O, şərlənərək həbs olunduğunu, zorla videoya çəkilərək narkotik maddənin ona məxsus olduğunu etiraf etməyə məcbur edildiyini və məhkəmənin barəsində qanunsuz hökm çıxardığını deyirdi.
“13 dekabr 2023-cü il, polis şərinə, böhtanına, zorakılığına məruz qalaraq qanunsuz olaraq tutuldum. Nəsimi Rayon Polis İdarəsində mənim cibimə psixotrop maddə qoydular, sonra mən bildim. Bunun mənim olduğunu etiraf etməyim üçün təhdid etdilər, ailəmlə təhdid etdilər. Dedilər ki, qoyulan maddənin sənin olduğunu təkzib etsən, onda ailəni, həyat yoldaşını gətirəcəyik, ya evindən tapacağıq, hal şahidləri də qoyacağıq – yalançı hal şahidləri ki, bu, həqiqətən sənindir” – İlqar Əliyev son səs yazısında bildirib.
Əldə etdiyimiz məhkəmə sənədlərində İlqar Əliyevin saxlanılarkən polis əməkdaşlarının fiziki zorakılığına məruz qaldığı da qeyd olunur. O, məhkəmədəki ifadəsində bildirib ki, 2023-cü il, dekabrın 13-də mülki geyimli iri cüssəli bir şəxs ona yaxınlaşaraq sinəsindən yumruqla vurub. Ardınca daha üç nəfər onu zorla avtomobilə mindirərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparıb.
İlqar Əliyevin sözlərinə görə, sinəsinə vuran həmin şəxs bu zaman cibinə qeyri-müəyyən bir şey qoyub. O, bunu çıxarmaq istəyəndə isə ona “Çıxarma, sənin üçün pis olar. Elə etmə ki, bunu ailə üzvlərinin cibindən çıxaraq” deyilib.
“Təxminən 2-3 saat sonra ondan cibinə qoyduqları bükümü çıxarmağı tələb olunub. İlqar Əliyev həmin bükümü çıxardıqda içərisindəki narkotik tərkibli maddə masanın üzərinə dağılıb, bu vaxt əməliyyatçılardan biri digərinin üzərinə qışqırıb, “niyə bunu pis bağlamısınız?” deyə soruşub. Yapışqan lentlə büküm yenidən bağlandıqdan sonra polis əməkdaşları onu İlqar Əliyevin gödəkcəsinin cibinə qoyub. Ona videoçəkilişdə içərisində həmin bükümü çıxarmadığı təqdirdə, hal şahidlərinin iştirakı ilə bunu edəcəkləri söylənilib. Videoçəkiliş 2 dəfə aparılıb” -“Abzas Media”nın əldə etdiyi məhkəmə sənədində belə yazılıb.
Bunun ardından İlqar Əliyev Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Son səs yazısında o, burada da növbəti dəfə hüquqlarının pozulduğunu, müdafiə hüququna məhəl qoyulmadığını vurğulayıb.
“Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məni qanunsuz olaraq tutmuşdular. Onlar özləri ifadəni mənim adımdan tərtib etdilər. Təhrif olunmuş şəkildə bir-bir sənədləri köçürdülər, psixoloji şiddətlə oxumağıma imkan verməyib imzalatdırdılar. İfadəmi özüm yazmadım. Burada da fundamental hüquqlarım pozuldu. Belə ki, prosessual sənədlər olan şübhəli şəxsin, təqsirləndirilən şəxsin dindirilməsi protokollarını saxtakarlıqla tərtib etdilər, amma bu zaman onların öz tutduqları vəkil yanımda olmadı. Bunu daha sonra müstəntiq axtarışa gedən zaman avtomobilin “kapot”u üzərində imzalatdırdı. Tanışlarım olan vəkilləri mənim müdafiəmə buraxmadılar”, - deyə İlqar Əliyev səsyazısında bildirib.
Mərhum ekspert deyirdi ki, vəkillərinin yanına gələ bilməsi də ona asan başa gəlməyib. Çıxarılan iki məhkəmə qətnaməsinin ardından, yalnız iki ay sonra bu hüququnu təmin edə bilib. Məhkəmə sənədlərində qeyd olunur ki, İlqar Əliyev daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və oradakı müvəqqəti saxlama yerinə yerləşdirilib. Burada o, səhhətində problemlər yaradacaq növbəti böhtana məruz qalıb:
“Həmin gün İlqar Əliyevi mülki geyimdə olan polis əməkdaşı xidməti otaqlardan birinə aparıb əyləşdirib. Orada ona çay verilib. Otaqda 3-4 nəfər əməkdaş olub, həmin şəxslərlə söhbət etməyə başlayıb. Ona verilən çay stəkanında limon dilimi olub, digər stəkanlarda isə olmayıb. Qarşısına stəkanda qoyulan çayı yarıya qədər içib, daha sonra bir daha çay süzdükdə həmin çayı içməyib. İçdiyi çay spesifik dad və ətirə malik olub. Daha sonra müvəqqəti saxlama yerinə qaytarılıb. Orada baş gicəllənmələri olduğundan çarpayıya uzanıb, 7-8 dəfə üşütmə və istilənmə olub, hər bir saatdan bir ayaqyoluna getməyə başlayıb. Növbəti gün onu polis əməkdaşları Maştağa qəsəbəsində yerləşən ekspertizaya aparıb. Orada ondan götürülən nümunələrdə psixotrop maddə aşkarlandığı bildirilib”, - məhkəmə sənədində qeyd olunub.
Mərhum İKT mütəxəssisi həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) içdiyi çaya zəhərli maddə qatıldığını iddia edib. Onun sözlərinə görə, bununla onu psixotrop maddə istifadəçidi kimi həbs etmək üçün əsas yaratmağa çalışıblar.
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məni aldadaraq həmin idarədə mənim çayıma zəhərli maddə qatdı. 4-5 gün vəziyyətim qeyri-stabil oldu, özümü yaxşı hiss etmədim. Burada məqsəd o idi ki, mənim qanımda zəhərli maddənin əlamətləri çıxsın. Mənim psixotrop maddə istifadəçisi kimi həbs olunmağım üçün əsaslar əldə etsinlər”.
İlqar Əliyev “Abzas Media”nın direktoru və baş redaktorunun həbsindən cəmi bir neçə gün sonra saxlanılmışdı. Məhkəmə sənədlərində qeyd olunur ki, o, həbsinin səbəbini müstəqil media nümayəndələrinə keçdiyi təlimlərlə əlaqələndirib. Ona “AbzasMedia”, “Məclis.info”, “Kanal13” redaksiyalarının jurnalistlərinə verdiyi təlimlərlə bağlı suallar verilib.
“Yəni, məni psixotrop maddə istifadəçisi kimi, satışı ilə məşğul olan şəxs kimi rəsmiləşdiriblər saxtakarlıqla, saxta sübutlarla. 8 gün mən Baş Mütəşəkkilin zirzəmisində qaldım. Amma 8 gündə bir dəfə də mənə bu barədə sual verilmədi. Əsas suallar idarə işçiləri tərəfindən xidməti otaqlarda mənim peşəkar fəaliyyətim, təlimlərim, kimə təlim keçmişəm, necə təlim keçmişəm – hamısı bu barədə oldu. Bir İKT meneceri olaraq heç vaxt ağlıma gəlməzdi ki, kiməsə təlim keçməyə görə və yaxud da təlimçi olmağa görə həbs edərlər”, - mərhum ekspert bildirib.
İlqar Əliyev son səs yazısında saxlanıldığı gündən etibarən 8 ay ərzində ailəsi və övladları ilə nə görüşə, nə də telefonla danışa bildiyini qeyd edib. Onun sözlərinə görə, bu müddətdə ailəsi ağır sarsıntılara məruz qalıb.
O deyirdi ki, elektron cihazları aylarla yoxlanılsa da, heç bir qanunsuz əməli aşkarlanmayıb. İstintaq müddətində hüquqları ardıcıl şəkildə pozulub. İfadəsində Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən təzyiqlərə məruz qaldığını bildirsə də, hakimin buna məhəl qoymadığını deyib.
Müstəntiqə ifadə verərkən müdafiə hüququnun pozulduğunu və vəkilinin yanında olmadığını sübut etmək üçün məhkəməyə vəkilin anten məlumatlarının çıxarılması ilə bağlı vəsatət verib, lakin məhkəmə bu vəsatəti də təmin etməyib. İlqar Əliyev bildirib ki, təcridxanada saxlanılarkən BMCMİ-nin iki əməkdaşı onun yanına gələrək vəkilindən imtina etməsi üçün təzyiq göstərib.
“Mənimlə söhbət apardılar ki, öz vəkilimdən imtina edim, onların dediyi vəkillərlə, onların tutduğu vəkillərlə öz müdafiəmi təşkil edim. Və bildirdilər ki, əgər mən bu vəkildən imtina etməsəm, məni aparıb bandotdel deyirlər .... orada fiziki şiddət tətbiq edəcəklər. Burada açıqlaya bilmirəm, amma mən müxtəlif söhbətlərdən sonra məcbur olub bu sənədi - “imtina sənədi”ni imzaladım”, - İlqar Əliyev belə deyib.
İlqar Əliyev 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Məhkəmə sonradan belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq məqsədilə əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma maddəsinə tövsif edilib.
Bu ilin martında Ali Məhkəmə İlqar Əliyevin şikayətini qismən təmin edərək həbs müddətini 4 ildən 3 ilə endirmişdi.
O, qanunsuz həbsindən prezident İlham Əliyevə, vitse prezident Mehriban Əliyevaya da məktublar yazdığını, amma yazdıqlarına heç bir cavab verilmədiyini deyirdi.
4 azyaşlı uşaq atası olan İlqar Əliyev informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və İT idarəçiliyi sahəsində uzunillik təcrübəyə malik mütəxəssis olub. Müxtəlif dövlət və özəl qurumlarda - Azərbaycan Mərkəzi Bankı, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şuşa şəhər Dövlət Qoruğu İdarəsində rəhbər vəzifələrdə çalışıb. Həbsinə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin Baş İnformasiya Direktoru vəzifəsini icra edib. İlqar Əliyev CISA, CISM, CGEIT, CRISC və digər beynəlxalq peşəkar sertifikatlara malik olub.
“Mənim 500-dən çox tələbəm var, beynəlxalq təlimçiyəm. Çoxlu şirkətlərdə uğurlu fəaliyyətim var. 20-yə yaxın beynəlxalq sertifikatım var. Amma heç vaxt ağlıma gəlməzdi ki, mütəxəssisləri belə yalançı, saxta ittihamlarla həbs etsinlər. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq. İnşallah ki, hər şey üzə çıxacaq, mən yenə mübarizə aparacağam”.
Hökumətyönlü mediada yayılan xəbərlərdə İlqar Əliyevin xəstəlik səbəbindən öldüyü qeyd olunub. Ədliyyə Nazirliyindən verilən ilkin açıqlamada ölümün səbəbi kimi kəskin ürək-damar çatışmazlığı göstərilib.
Amma yaxınları deyir ki, onun həbsxanada səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
İlqar Əliyevin iddia etdiyi hüquq pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyinə, ölümünün yekun səbəbi ilə bağlı isə Ədliyyə Nazirliyinə sorğu göndərsək də, material yayımlanana qədər sorğulara cavab verilməyib.
“Cənab prezidentin bir yaxşı sözü var: “Ədalətsizliyin ən pisi elə ədalətsizlikdir”. Mənə qarşı total ədalətsizlik olundu”, - mərhum ekspert son səsyazısında belə deyib.