Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir” Foto: Sosial media
12 May 2026
Mətni dəyiş

Fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin sədri, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Hacı Vəliyev həbsdə səhhətinin ağırlaşdığını bildirib.

Onun adından sosial şəbəkələrdə yayılan açıqlamada hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı və xüsusilə görmə qabiliyyətində ciddi problemlər yarandığı qeyd olunur.

“Gözlərimdə ciddi problemlər var. Görmə qabiliyyətimdə həddindən artıq zəifləmə müşahidə olunur. Qapalı şəraitdə və ixtisaslaşmış həkimlərin olmadığı bir yerdə bütün bu çətinliklərə baxmayaraq ayaqdayam, dözümlü və iradəliyəm”, - paylaşımda bildirilir.

Hacı Vəliyev həmçinin həbsinin siyasi motivli olduğunu əlavə edib.

“Bir daha bəyan edirəm ki, mən əqidəmdən və haqq yolundan heç vaxt dönməyəcəyəm. Həbsimin siyasi sifariş olduğunu, ictimai fəaliyyətimlə əlaqədar həyata keçirildiyini açıq şəkildə bildirirəm. Xalqımızın bir məsələni bilməsi vacibdir. Əvvəla, qanunsuz həbsimin, həbsxanada mənə göstərilən qeyri-insani rəftarın və işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”, - deyə açıqlamada vurğulanır.

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Hacı Vəliyev müharibədən sonra sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.

O, 2025-ci il martın 18-də küçə ticarəti ilə məşğul olan qazilərə polis müdaxiləsini əks etdirən videogörüntülər paylaşmışdı. Bundan bir neçə gün sonra – martın 31-də ikinci qrup əlil olan Hacı Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hacı Vəliyev iyunun 21-dən “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başladığını açıqlasa da, sonradan aksiyanı dayandırıb.

Bu il mayın 6-da Tovuz Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Vəliyev özünə qarşı irəli sürülən ittihamları qəbul etmir. O, ötən ilin avqustunda həbsdə olan müstəqil jurnalist Ülviyyə Əliyə verdiyi müsahibəsində qazilər və veteranlarla bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlərə görə həbs edildiyini bəyan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun