Tramp İranla atəşkəsi qeyri-müəyyən müddətə uzadıb

Tramp İranla atəşkəsi qeyri-müəyyən müddətə uzadıb Foto: White House Photo
22 Aprel 2026
Mətni dəyiş

ABŞ ilə İran arasında gərginlik davam edərkən Vaşinqton atəşkəs rejimini uzatmaq qərarı verib. Lakin tərəflərin danışıqlara yanaşmasındakı ziddiyyətlər və qarşılıqlı ittihamlar vəziyyətin hələ də qeyri-müəyyən olduğunu göstərir

ABŞ prezidenti Donald Tramp aprelin 21-i axşam saatlarında İranla qüvvədə olan atəşkəs rejiminin uzadıldığını açıqlayıb. O, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Qərar atəşkəsin müddətinin başa çatmasına bir gün qalmış verilib.

Bundan əvvəl İran rəsmiləri mövcud şəraitdə ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirak etmək niyyətində olmadıqlarını bildirmişdilər. Bəzi media orqanları isə ABŞ nümayəndə heyətinin Pakistana səfərinin təxirə salındığını yazıb.

Tramp qeyd edib ki, atəşkəs Pakistan hakimiyyətinin xahişi ilə uzadılıb. O, yeni müddət açıqlamayıb və bildirib ki, ABŞ İranın vahid danışıqlar mövqeyi formalaşdırmasını gözləyəcək. ABŞ prezidenti həmçinin İran rəhbərliyində fikir ayrılıqları olduğunu iddia edib. Onun sözlərinə görə, Vaşinqton İran limanlarının blokadasını davam etdirəcək.

“Axios” nəşri mənbələrə istinadən daha əvvəl yazmışdı ki, İran ABŞ-nin liman blokadasına baxmayaraq danışıqlara hazırdır. Lakin həmin mənbələrin bildirdiyinə görə, sonradan Tehran mövqeyini dəyişərək danışıqların davamı üçün blokadanın ləğvini şərt kimi irəli sürüb.

İran tərəfi isə ABŞ-ni gözlənilməz hücum hazırlamaqda ittiham edib. İran parlamentinin spikeri Məhəmməd Qalibafın nümayəndə heyətinin sözçüsü Mehdi Məhəmmədi bildirib ki, Tehran atəşkəsin uzadılması ilə bağlı Vaşinqtonun bəyanatlarına deyil, öz maraqlarına əsaslanacaq. O, həmçinin İran limanlarının blokadasını “bombardmana bərabər” adlandıraraq bunun hərbi cavabla qarşılaşmalı olduğunu deyib. Bununla belə, İranın döyüş əməliyyatlarını bərpa edəcəyi barədə açıq bəyanat verilməyib.

Aprelin 21-də Tramp sosial şəbəkədə İranda ölüm cəzasına məhkum edildiyi deyilən səkkiz qadının fotosunu da paylaşaraq onların azad olunmasına çağırıb və bunu danışıqlar üçün “yaxşı başlanğıc” kimi qiymətləndirib. “Radio Farda” jurnalistləri həmin qadınların adlarını müəyyənləşdirə bilib və ən azı birinin yanvar etirazlarında iştirakına görə ölüm cəzasına məhkum olunduğunu təsdiqləyib.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli şəxslər və qurumlara qarşı yeni sanksiyalar elan edib. Sanksiyalar silah tədarükü şəbəkələrində iştirak etdiyi iddia olunan səkkiz fiziki və dörd hüquqi şəxsi əhatə edir. Rəsmi açıqlamada bildirilir ki, bu şəbəkələr İrana silah əldə etməkdə, həmçinin ABŞ və İsrailin son zərbələrindən sonra azalan raket və pilotsuz uçuş aparatları ehtiyatını bərpa etməkdə kömək edib.

Bundan əlavə, ABŞ İranın özəl “Mahan Air” aviaşirkəti ilə əlaqəli iki təyyarənin istismarını da bloklayıb. Vaşinqtonun iddiasına görə, bu aviaşirkət İran İnqilab Keşikçiləri Korpusunun şəxsi heyətini, silah və maliyyə vəsaitlərini daşıyıb. Sanksiyalara məruz qalan şəxslər və şirkətlərin İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşdiyi qeyd olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun