Saakaşvili Gürcüstandakı azərbaycanlılar barədə yazıb: “Çox təhlükəli etnik qarşıdurma astanasındayıq”

Saakaşvili Gürcüstandakı azərbaycanlılar barədə yazıb: “Çox təhlükəli etnik qarşıdurma astanasındayıq”
10 Mart 2026
Mətni dəyiş

Hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə etdiyi paylaşımda ölkədə yaşayan azərbaycanlı icmanın bir hissəsinin İranın dini rejiminin təsiri altına düşməsi ilə bağlı narahatlığını ifadə edib və bunun Gürcüstan üçün təhlükəli nəticələr doğura biləcəyini bildirib.

Saakaşvili yazıb ki, bu məsələ təkcə etnik və ya dini deyil, həm də dövlət təhlükəsizliyi ilə bağlı ciddi problemdir:

“Bu, hər birimiz üçün ekzistensial məsələdir. Necə oldu ki, İranın adamyeyən rejiminin tərəfdarı bizim azərbaycanlı əhalimizin həssas hissəsinə çevrildi? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretləri ilə qaçırlar?”

Keçmiş prezident iddia edib ki, Gürcüstandakı bəzi azərbaycanlılar İranın xüsusi xidmət orqanlarının təsirinə açıqdır:

“Necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi qüvvələri üçün çox asan “rekrut” (red.: məxfi əməkdaşlığa cəlb) edilə bilirlər? Necə oldu ki, Azərbaycan soydaşlarını öz ərazisinə buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Düşünün, Azərbaycan azərbaycanlıların öz ölkəsinə daxil olmasına icazə vermir”.

Saakaşvili bildirib ki, onun hakimiyyətə gəlməsindən əvvəl Gürcüstandakı azərbaycanlı icma faktiki olaraq sosial və siyasi həyatdan kənarda qalmışdı.

“Qızılgül inqilabından əvvəl azərbaycanlılar təcrid olunmuş vəziyyətdə yaşayırdılar. Əsasən kənd təsərrüfatı ilə məşğul idilər, gürcü dilini bilmirdilər, ictimai həyatda iştirak etmirdilər. Polis onları amansızcasına incidirdi”.

O, ədliyyə naziri olduğu dövrdə yaşadığı bir hadisəni də xatırladıb:

“Bir dəfə Şevardnadzenin dövründə ədliyyə naziri işləyərkən Bolnisidə bazara gedən avtobusa mindim. Arxa oturacaqda gün eynəyi və papaqla oturmuşdum və yol polisi bizi saxlayanda çəkiliş aparırdıq. Bazara çatana qədər bizi düz 21 dəfə saxladılar və hər dəfə pul istədilər. Azərbaycanlıların pulu qurtaranda isə Tbilisiyə yaxın yerdə polis pomidor, soğan və digər tərəvəzləri kəsməyə başladı”.

Saakaşvili deyib ki, həmin videonu Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadzeyə və hökumət üzvlərinə təqdim edib, lakin onların reaksiyası ciddi olmayıb.

“Mən bu videonu Təhlükəsizlik Şurasında Şevardnadzeyə və nazirlərə göstərdim. Prezidentin reaksiyası sıfır oldu, nazirlər isə gülürdülər”.

Keçmiş prezident qeyd edib ki, 2004-cü ildən sonra onun hakimiyyəti dövründə polis sistemi dəyişdirilib və azlıqların inteqrasiyası üçün addımlar atılıb.

“Hökumətimiz 2004-cü ildən sonra milis sistemini ləğv etdi və insanların incidilməsini dayandırdı. Sonra azərbaycanlıların inteqrasiyası üçün ciddi addımlar atdıq”.

Saakaşvili bildirib ki, bu addımlardan biri azərbaycanlı və erməni gənclərin universitetlərə qəbulunu asanlaşdırmaq olub.

“Təhsil naziri Kaxa Lomiya ilk addımlardan biri kimi azərbaycanlı və erməni gənclərin universitetlərə qəbulunu asanlaşdırdı. Bundan sonra əvvəllər təhsil üçün Azərbaycana gedən azərbaycanlı gənclər Gürcüstanda qalmağa başladılar”.

Onun sözlərinə görə, azlıqların yaşadığı regionlara gürcü dili müəllimləri də göndərilib.

“Biz azlıqların yaşadığı regionlara gürcü dili müəllimləri göndərdik və onlara aylıq 1500 lari maaş verdik. O vaxt bu, təxminən 900 dollar idi”.

Saakaşvili qeyd edib ki, azərbaycanlıların dövlət strukturlarında təmsilçiliyi də artırılıb.

“Biz azərbaycanlıların dövlət strukturlarında irəli çəkilməsinə başladıq. Bu, kifayət qədər idimi? Yəqin ki, yox. Amma ümumilikdə doğru istiqamətdə hərəkət etməyə başlamışdıq”.

O iddia edib ki, sonrakı hakimiyyət dövründə korrupsiya və İran təsiri yenidən güclənib.

“Sonrakı dövrdə korrupsiya və açıq reket qayıtdı və ən əsası, İran islamçıları və İranın kəşfiyyat strukturları aktivləşdi”.

Saakaşvili həmçinin bildirib ki, son vaxtlar Avropada İran üçün casusluqda şübhəli bilinən Gürcüstan vətəndaşları saxlanılıb.

“Bu yaxınlarda Avropa ölkələrində İran üçün casusluqda şübhəli bilinən bir neçə Gürcüstan vətəndaşı saxlanılıb. Onlardan sonuncusu bir neçə gün əvvəl Yunanıstanda tutulub”.

Keçmiş prezidentin sözlərinə görə, radikal islamçı təsir xüsusilə gənclər arasında yayılır.

“İslamçıların təsiri xüsusilə gənclər arasında güclüdür. Azərbaycan dini radikalizm qorxusuna görə sərhədlərini bağlayıb, Tbilisi isə gənclərə gələcək təklif etmir”.

Saakaşvili hesab edir ki, mövcud vəziyyət ciddi təhlükə yarada bilər.

“Nəticə son dərəcə narahatedicidir. Biz çox təhlükəli etnik qarşıdurmanın astanasındayıq”.

O əlavə edib ki, Gürcüstandakı azərbaycanlıların inteqrasiyası üçün ən çox çalışan siyasətçilərdən biri özü olub.

“Gürcüstanda azərbaycanlıların inteqrasiyası üçün mənim qədər heç kim iş görməyib və onları mənim qədər sevən də olmayıb. Amma yalnız keçmişə baxmaqla irəli gedə bilmərik. Bütün etnik mənşəli vətəndaşlarımızı birləşdirərək Gürcüstanın və hər bir vətəndaşının azadlığına nail olmalıyıq”.

Mixeil Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra saxlanılıb. Gürcüstan məhkəmələri onu səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərini mənimsəmə kimi ittihamlarla müxtəlif işlər üzrə ümumilikdə bir neçə il müddətinə azadlıqdan məhrum edib.

Saakaşvili isə irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir və həbsini hakimiyyətin siyasi təqibi kimi qiymətləndirir.

Azərbaycanda 2020-ci ildən COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilib və o vaxtdan ölkənin quru sərhədləri bağlıdır. 
 
Rəsmi məlumatlarda quru sərhədlərin bağlı saxlanılması pandemiyanın hələ də davam etməsi ilə əlaqələndirilir. Ancaq Prezident İlham Əliyev dəfələrlə çıxışında quru sərhədlərin bağlı qalmasının təhlükəsizlik baxımından vacib olduğunu bildirərək, bunun son illərdə Azərbaycanı böyük fəlakətlərdən xilas etdiyini iddia edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun