Azərbaycan Ombudsmanının 2025-ci il üzrə illik hesabatı ölkədə insan hüquqları sahəsində bir sıra sistemli problemləri ortaya qoyur. Məruzədə vətəndaş müraciətlərinin rekord səviyyəyə çatdığı, saxlanma yerlərində hüquq pozuntuları, regionlarda ciddi həkim çatışmazlığı və narkomaniya göstəricilərində kəskin artımın müşahidə olunduğu qeyd edilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2025-ci il üzrə illik məruzəsini açıqlayıb. 138 səhifəlik hesabatda ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı müxtəlif sahələrdə problemlər qeyd olunub. Sənəddə ötən ilə nisbətən vətəndaş müraciətlərinin sayının kəskin artdığı, dövlət qurumlarının fəaliyyəti ilə bağlı şikayətlərin çoxaldığı və digər sistematik problemlər öz əksini tapıb.
Rəqəmlərdə vəziyyət: müraciətlər rekord həddə çatıb
Hesabata əsasən, 2025-ci ildə Ombudsmanın ünvanına ümumilikdə 42 min 685 müraciət daxil olub ki, bu da 2024-cü ildə qeydə alınan 29 min 371 müraciətlə müqayisədə 45 faizdən çox artım deməkdir. Müqayisə üçün bildirək ki, 2020-ci ildə Ombudsmana 27 min 500, 2021-ci ildə 31 min 92, 2022-ci ildə 28 min 525, 2023-cü ildə isə 29 min 411 müraciət daxil olub. Beləliklə, 2025-ci ildə qeydə alınan göstərici son altı ilin ən yüksək səviyyəsidir.
Ombudsmanın “916” Çağrı Mərkəzinə il ərzində 14 min 718 zəng daxil olub. Bu göstərici 2024-cü ildə qeydə alınan 11 min 8 zənglə müqayisədə 33 faiz artım deməkdir. İl ərzində Ombudsman Aparatında ümumilikdə 9 min 60 nəfər şəxs qəbul edilib.
Hesabatda müraciətlərin hansı qurumlarla bağlı olduğu da göstərilir. Məlumata görə, ən çox şikayət edilən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan qurumlar yer alır və bu qurumlarla bağlı 4 min 706 müraciət daxil olub. Prokurorluq orqanları ilə bağlı 4 min 18, Ədliyyə Nazirliyi və tabe qurumları ilə bağlı 4 min 9, Daxili İşlər orqanları ilə bağlı isə 3 min 516 müraciət qeydə alınıb. Bununla yanaşı, TƏBİB və onun tabeliyində olan qurumlarla bağlı 2 min 26, Elm və Təhsil Nazirliyi ilə bağlı 1 min 935, yerli icra hakimiyyəti orqanları ilə bağlı 1 min 704 və məhkəmələrlə bağlı 1 min 608 müraciət qeydə alınıb.
Sumqayıt polisində özünü yandırmağa cəhd
Məruzədə diqqət çəkən hadisələrdən biri Sumqayıt Şəhər Polis İdarəsində baş verən insidentlə bağlıdır. Hesabatda göstərilir ki, vəkil Ombudsmana müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxsin Sumqayıt Şəhər Polis İdarəsində hüquqlarının pozulduğunu bildirib. Müraciətə görə, həmin şəxs polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılarkən özünü yandırmağa cəhd edib. Aparılan araşdırmanın nəticəsində müvəqqəti saxlama yerinin rəisi tutduğu vəzifədən azad edilib, hadisəyə görə məsuliyyət daşıyan polis əməkdaşlarına isə töhmət elan olunub.
Hesabatda saxlanma yerlərində digər problemlər də qeyd edilir. Bildirilir ki, bəzi hallarda daxili işlər orqanlarının saxlama yerlərində saxlanılan şəxslərin vəkillərlə görüşünə şərait yaradılmasında çətinliklər müşahidə olunub, bəzi hallarda saxlanılan şəxslərin ailə üzvlərinə onların tutulması barədə məlumat verilməyib və hüquqi yardım almaq hüququ təmin edilməyib.
Qanunsuz səyahət qadağaları
Məruzədə vətəndaşların ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə bağlı hallara da diqqət yetirilir. Hesabatda qeyd olunur ki, bəzi hallarda vətəndaşların barəsində hər hansı qətimkan tədbiri seçilmədiyi halda onların ölkədən çıxışına məhdudiyyət qoyulub. Konkret nümunələrdən birində vətəndaşın ölkədən çıxış hüququnu Daxili İşlər Nazirliyinin əsassız məhdudlaşdırdığı müəyyən olunub. Araşdırma zamanı məlum olub ki, həmin şəxs barəsində heç bir qətimkan tədbiri seçilməyib. Ombudsman bu kimi halların həm funksional problemlərlə, həm də Miqrasiya Məcəlləsində nəzərdə tutulan maddi hüquq normalarının Cinayət-Prosessual Məcəlləsində dəqiq prosessual mexanizmlərlə təsbit edilməməsi ilə əlaqədar olduğunu bildirib.
Regionlarda səhiyyə böhranı: 10 min nəfərə 8,6 həkim
Hesabatda səhiyyə sahəsində regionlar üzrə ciddi qeyri-bərabərlik də göstərilir. Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən qeyd olunur ki, 2025-ci ilin əvvəlinə Bakı şəhərində əhalinin hər 10 min nəfərinə 101,7 həkim düşür. Bunun əksinə olaraq Mil-Muğan iqtisadi rayonunda bu göstərici cəmi 8,6 nəfər təşkil edir. Lənkəran-Astara iqtisadi rayonunda hər 10 min nəfərə 9,7, Dağlıq Şirvanda 10,8, Quba-Xaçmazda 13, Naxçıvanda 14,9, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 24,5 həkim düşür.
Bəzi rayonlarda həkimlərin sayı xüsusilə azdır. Hesabatda göstərilir ki, Daşkəsən rayonunda cəmi 8, Yardımlıda 39, Lerikdə 38, Zərdabda 47, Ucarda 55, Gədəbəydə isə 61 həkim fəaliyyət göstərir. Ombudsman bu vəziyyətin tibbi və sosial yardımın hamı üçün əlçatan olması prinsipinin həyata keçirilməsini çətinləşdirən əsas amillərdən biri olduğunu qeyd edir.
Narkomaniya epidemiyası: 5 ildə xəstə sayı iki qat artıb
Sənəddə narkomaniya və toksikomaniya ilə bağlı statistika da narahatedici kimi təqdim olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son beş il ərzində narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin sayı 2 min 723 nəfərdən 4 min 967 nəfərə yüksəlib. Eyni dövrdə toksikomaniya ilə bağlı göstəricilər daha sürətlə artıb və bu xəstəlikdən əziyyət çəkənlərin sayı 122 nəfərdən 1 min 91 nəfərə çatıb. Ombudsman bu vəziyyəti həm fərdi sağlamlıq hüquqları, həm də ictimai sağlamlıq və sosial sabitlik baxımından ciddi çağırış kimi qiymətləndirib.
Psixiatriya müəssisələrində sıxlıq və ixtisassız reabilitasiya mərkəzləri
Hesabatda psixiatriya və narkoloji müəssisələrdə mövcud problemlər də qeyd olunur. Bildirilir ki, bəzi psixiatriya müəssisələrində sıxlıq problemi qalır, narkoloji müəssisələrdə isə müalicə üçün növbə gözləyənlərin sayı çoxdur. Eyni zamanda bu müəssisələrdə həkim, orta tibb heyəti, narkologiya və klinik psixologiya üzrə ixtisaslı kadr çatışmazlığı mövcuddur.
2025-ci ildə ilk dəfə olaraq asılılıqlarla bağlı reabilitasiya xidmətləri göstərən mərkəzlərdə monitorinqlər aparılıb. Hesabatda qeyd olunur ki, bəzi belə mərkəzlərdə tibbi təhsili olan şəxslər fəaliyyət göstərmir və bu, pasiyentlərin sağlamlıq və yaşamaq hüquqlarına birbaşa təhlükə yaradır. Həmçinin bəzi müəssisələrdə reabilitasiyaya cəlb edilən şəxslərin görüntülərinin reklam məqsədilə sosial şəbəkələrdə paylaşılması şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilib. Bundan əlavə, sosial şəbəkələrdə özünü psixoloq, parapsixoloq, “mental sağlamlıq eksperti”, “şüuraltı terapevt” və ya “ruh terapisti” kimi təqdim edən çoxsaylı ixtisassız şəxslərin psixoloji xidmət göstərməsi də narahatlıq doğuran hallardan biri kimi göstərilir.
Həbs yerləri: sıxlıq, hüquq məhdudiyyətləri və əfv
Penitensiar müəssisələrlə bağlı hissədə qeyd olunur ki, istintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sayı müəyyən edilmiş limitdən artıqdır və bu vəziyyət müəssisələrin fəaliyyətinə mənfi təsir göstərir. Hesabatda həmçinin göstərilir ki, məhkumlara qarşı “cərimə təcridxanasına yerləşdirmə” kimi tənbeh tədbirlərinin tətbiqi halları geniş yayılıb. Ombudsman bu cür sərt və ardıcıl tətbiq edilən tənbeh tədbirlərinin məhkumların psixoloji vəziyyətinə mənfi təsir göstərə və onların islah və sosial reinteqrasiya prosesini çətinləşdirə biləcəyini bildirir. Bəzi hallarda cərimə təcridxanasına yerləşdirilən məhkumların ailələrinə bu barədə məlumat verilməməsinin ciddi narazılıqlara səbəb olduğu da qeyd olunur.
Məruzədə penitensiar səhiyyə sahəsində də problemlərin qaldığı göstərilir. Bildirilir ki, ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəza çəkməkdən azad olunması ilə bağlı müraciətlərinə baxılması zamanı süründürməçilik halları müşahidə olunur və penitensiar səhiyyə infrastrukturunun müasir tibbi avadanlıqlarla təmin olunması sahəsində çatışmazlıqlar qalır.
Sənəddə qeyd olunur ki, 2025-ci ildə ölkədə 220 məhkum əfv olunub. Həmçinin 19 dekabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunan amnistiya aktı 20 mindən çox şəxsi əhatə edib və bu, indiyədək qəbul edilmiş ən geniş miqyaslı amnistiya aktlarından biri kimi təqdim olunur.
Milli Preventiv Mexanizm: 355 başçəkmədə aşkarlanan nöqsanlar
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində 2025-ci ildə ümumilikdə 355 başçəkmə həyata keçirilib və bunların 93-ü plandankənar olub. Bu başçəkmələr zamanı 3 min 462 nəfər saxlanılan şəxs qəbul edilib. Monitorinqlər zamanı bəzi hallarda saxlanılan şəxslərin ilkin tibbi müayinədən keçirilmədiyi, tibbi qeydlərin aparılmadığı hallar müəyyən olunub. Bəzi müvəqqəti saxlama yerlərinin 2025-ci il üçün dərman preparatları ilə təmin olunmadığı aşkarlanıb. Bir sıra şəxslərə hüquqi yardım tutulma anından deyil, yalnız məhkəmə baxışı zamanı təqdim olunub. Saxlanılan şəxslərdən bəziləri vəkillə təmin olunmaq hüququ barədə “ümumiyyətlə məlumatsız” olduqlarını bildiriblər.
Hesabatda konkret nümunələr də göstərilir. Qax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində ibadət, görüş və saxlanc otaqlarının olmadığı, tək nəfərlik kameraların standartlara uyğun gəlmədiyi qeyd edilir. Zaqatala Rayon Polis Şöbəsində isə istilik sisteminin işləmədiyi və bəzi qeydiyyat kitablarında ağartı ilə düzəlişlərin aparıldığı aşkar olunub.
Digər kritik məsələlər
Hesabatda əmək hüquqları ilə bağlı problemlər də qeyd edilir. Bildirilir ki, bəzi hallarda əmək haqqının vaxtında verilməməsi, əmək müqaviləsi bağlanmadan işçilərin əməyə cəlb edilməsi və son haqq-hesabın ödənilməməsi kimi hallar müşahidə olunur. Eyni zamanda bəzi hallarda əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi yolu ilə qanunvericiliyin yan keçildiyi müəyyən edilib.
Sənəddə aliment ödənişləri sahəsində problemlərin əvvəlki illərdə olduğu kimi davam etdiyi, bəzi hallarda məhkəmə qərarlarının uzun müddət icra olunmadığı da vurğulanır. Hesabata görə, 2017-ci ildə qüvvəyə minmiş bəzi məhkəmə qərarları hələ də icra olunmayıb.
Təhsil sahəsində bəzi kəndlərdə uşaq bağçalarının olmaması, bəzi ərazilərdə tam orta məktəblərin fəaliyyət göstərməməsi və “Məktəbli avtobusları” layihəsində ödəniş məbləğinin aztəminatlı ailələr üçün əlçatmaz olması kimi problemlər də hesabatda qeyd olunur.
Məruzədə məcburi köçkünlərin köçürülməsi ilə bağlı narazılıqlar da əksini tapıb. Bildirilir ki, Bakıda daimi iş yerləri olan və övladları paytaxtda təhsil alan 36 nəfərlik ailə qrupunun Cəbrayıla deyil, əvvəlcə Biləsuvara köçürülməsi planlaşdırılıb və bu qərar narazılığa səbəb olub. Bundan əlavə, Bakıda tikinti-quruculuq işləri ilə əlaqədar sökülən evlərə görə bəzi hallarda sakinlərə verilən kompensasiyanın bazar qiymətindən xeyli aşağı olduğu, bəzən isə kompensasiya ödənilmədən evlərin söküldüyü hallar da qeyd edilir.
Sənəddə Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların hüquqlarına geniş yer ayrıldığı və “Human Rights Watch” və “Amnesty International” kimi bəzi beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarına etiraz bildirildiyi qeyd olunur.
Hesabatda olmayanlar: siyasi məhbuslar haqqında sükut
138 səhifəlik hesabatda diqqət çəkən məqamlardan biri siyasi motivli həbslər, siyasi məhbuslar, ifadə və media azadlığı, eləcə də vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı ayrıca qiymətləndirmənin yer almamasıdır. Hesabatda penitensiar müəssisələrdə saxlanma şəraiti və aparılan monitorinqlər barədə məlumat verilsə də, müstəqil media nümayəndələrinin, hüquq müdafiəçilərinin və siyasi fəalların həbs edilməsi, ifadə azadlığı, media mühiti və vətəndaş cəmiyyətinin fəaliyyətinə təzyiqlərlə bağlı faktlara ayrıca münasibət bildirilməyib.
Ombudsmanın 2025-ci il üzrə illik məruzəsi vətəndaşların dövlət qurumları ilə münasibətlərində qarşılaşdıqları müxtəlif problemləri və hüquq pozuntularını statistik məlumatlar və konkret nümunələr əsasında təqdim etməsi baxımından müəyyən informativ dəyər daşıyır. Bununla belə, hesabatın ölkədə insan hüquqları sahəsində ən çox müzakirə olunan məsələlərin bir hissəsinə toxunmaması qurumun fəaliyyətinin dolğunluğu və müstəqilliyi ilə bağlı suallar yaradır.