10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilov saxlanma şəraiti, psixoloji təzyiqlər və “barak” daxilində hökm sürən vəziyyətlə bağlı yazıb. O, müəssisədə “qorxu atmosferi” formalaşdığını, məhkumların təzyiq və qeyri-rəsmi idarəetmə altında saxlanıldığını bildirir.
3 il azadlıqdan məhrum edilən fəal Ayxan İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitin ağırlaşdığını və son aylarda vəziyyətin daha da pisləşdiyini deyir. Onun sözlərinə görə, xüsusilə yerləşdirildiyi 6-cı dəstənin yataqxanasında məhkumlar qeyri-insani və təzyiq dolu mühitdə yaşayır.
İsrafilov “barak”dakı gündəlik şəraiti belə təsvir edir:
“Səhər 10:00-dan sonra “barak”da işıqlar sönür, jalüzlər bağlanır. “Barak” ala-toranlığa bürünür. Bu qaranlıqda nə bir kitab oxumaq olar, nə də bir krossvord yazmaq. İslah olmaq üçün qeyri-münbit şərait”.
Onun sözlərinə görə, məhkumlar gündəlik həyatlarını normal şəkildə davam etdirə bilmirlər:
“Söhbət etmək istəsən, gərək pıçıltı ilə danışasan, çünki “starşılar” (red.: dəstə yataqxanasındakı məhkumların qeyri-rəsmi başçısı) yatır. Bura 10 saylı CÇM-nin 6-cı dəstəsinin yataqxanası, sadə dillə desək, “kompüter-barak”dır”.
İsrafilov bildirir ki, son 1-2 ayda “barak”da vəziyyət daha da sərtləşib və qeyri-rəsmi nəzarət sistemi formalaşıb:
“İl yarımdır burada qalıram və bura heç vaxt insanın hüzur tapa biləcəyi yer olmayıb. Son 1-2 ay ərzində burada əsl diktatura formalaşıb. Qol gücünə, təhdidlər altında insanların iradəsi sındırılır”.
O, müəssisədə qeyri-rəsmi təsir qruplarının mövcudluğundan və onların rəhbərliklə əlaqələrindən də danışır:
“Rəhbərliyin hər yerdə informatorları var. İnformator özü “qoçu” ilə birləşib, bu şəraiti yaradıblar. “Ağa”nın “barak”da etdiyi özbaşınalıq ya ört-basdır olunur, ya da yuxarıya təhrif olunmuş formada çatdırılır”.
Şikayət mexanizmlərinin faktiki işləmədiyini deyən fəal əlavə edir:
“Başçı ilə razılaşmayanları informator rəhbərliyin əli ilə cəzalandırır. Gedib heç yerə şikayət etmək də mümkün deyil. Nəticədə şikayət etmək istəyən özü pis vəziyyətdə qalacaq. Adamlar odla su arasında qalıb”.
İsrafilov qeyd edir ki, yaranmış psixoloji təzyiq artıq bəzi məhkumların “barak”ı tərk etməsinə səbəb olub:
“Minimum 3 nəfər psixoloji tiraniyaya dözməyib, “barak”dan başqa yerə qaçıb. Çoxu çıxmaq istəyir, amma yer yoxdur. Qalmağa məcburdurlar. Bununla heç bir formada məşğul olmurlar və adamda elə bir təəssürat yaranır ki, ya veclərinə deyil, ya olanlardan tam xəbərdar deyillər, ya da özləri bu şəraiti yaradırlar”.
Onun sözlərinə görə, hazırda “barak”da qorxu hökm sürür:
“Barak qorxu atmosferinə bürünüb. Burada özümü 30-cu illərin SSRİ-sindəki kimi hiss edirəm. Heç kəsin dilinə gətirmədiyi, amma gözlərində aşkar sezilən bir qorxu var. Hər bir fərd başa düşür ki, əgər o “başçı” ilə problem yaşasa, haqlı olub-olmadığından asılı olmayaraq, heç kəs ona dəstək çıxmayacaq. Bu da qorxunun durmadan dövr etməsinə və qarşılıqlı etibarın olmamasına gətirib çıxarır”.
İsrafilov həmçinin özünə qarşı təzyiqlərin artdığını bildirir. O deyir ki, işıqların bərpası üçün etdiyi şikayətdən sonra ona qarşı münasibət dəyişib:
“Təxminən 1 ay bundan əvvəl xarab olan işıqlar mənim şikayətimlə təmin olunduğu üçün mənə yönəlmiş aqressiya aktiv fazaya keçib”
Fəal vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edir:
“Mən heç bir diktatura ilə barışmaq niyyətində deyiləm və barışmayacam da. Əminəm ki, mənim bu barışmazlığım fiziki konfliktə səbəb olacaq. Bu, qaçılmazdır”.
O, müraciətinin şikayət deyil, xəbərdarlıq olduğunu vurğulayır.
“Bu yazdığım şikayət deyil, xəbərdarlıqdır. Qoy, Penitensiar Xidmətin rəhbərliyi bilsin və lazımi addımları atsın. Məhkumların həm fiziki, həm də psixoloji təhlükəsizliyini təmin etsin”, - deyə Ayxan İsrafilov bildirir.
İctimai fəalın iddialara aidiyyəti qurumların münasibətini öyrənmək mümkün olmayıb.
Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona əvvəlcə narkotiklərlə bağlı ağır ittihamlar irəli sürülsə də, sonradan ittiham Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsinə dəyişdirilib.
O, ittihamları qəbul etmir və həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir. 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
“İşçi Masası” kuryerlərin hüquqları uğrunda fəaliyyət göstərən müstəqil təşkilatdır. Təşkilatın digər üzvləri - Afiəddin Məmmədov, Elvin Mustafayev və Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs olunublar. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyır.
Foto: sosial media