İranın yeni ali lideri elan olunan Müctəba Xameneinin müharibənin ilk günündə yaralandığı iddia edilir. İran və İsrail rəsmilərinin sözlərinə görə, onun ayaqlarından xəsarət aldığı bildirilir, lakin hadisənin dəqiq şəraiti və xəsarətin ağırlıq dərəcəsi aydın deyil. Bu barədə “The New York Times” yazır.
Müctəba Xameneinin atasının - keçmiş ali lider Əli Xameneinin öldürülməsindən sonra onun bu vəzifəyə gətirildiyi elan olunub. Lakin bundan üç gün keçməsinə baxmayaraq, o, nə ictimaiyyət qarşısına çıxıb, nə video müraciət edib, nə də yazılı açıqlama yayıb.
Adlarının açıqlanmasını istəməyən üç iranlı rəsminin sözlərinə görə, yeni liderin ictimaiyyətə görünməməsinin səbəblərindən biri təhlükəsizlik narahatlığıdır. Onlar bildiriblər ki, hər hansı çıxış və ya mesaj onun yerini üzə çıxara və təhlükə yarada bilər.
Eyni mənbələrin sözlərinə görə, Müctəba Xamenei fevralın 28-də İsrail və ABŞ-nin başlatdığı hücumun ilk günündə yaralanıb. Bildirilir ki, onun ayaqlarında xəsarət var, lakin o ayıq vəziyyətdədir və əlaqənin ciddi şəkildə məhdudlaşdırıldığı yüksək mühafizəli bir sığınacaqda qalır.
İsrail hərbi dairələrindəki iki rəsmi də ölkələrinin əldə etdiyi kəşfiyyat məlumatlarının Müctəba Xameneinin fevralın 28-də ayaqlarından yaralandığı ehtimalını gücləndirdiyini bildirib. Onların sözlərinə görə, bu nəticəyə o, bazar günü yeni ali lider seçilməzdən əvvəl gəlinib.
Fevralın 28-də İsrailin Tehranın mərkəzində yerləşən rəhbərlik kompleksinə endirdiyi hava zərbələri nəticəsində Əli Xamenei həlak olub. Həmin hücum zamanı yeni liderin anası, həyat yoldaşı və oğullarından biri, eləcə də bir neçə yüksək rütbəli müdafiə rəsmisinin də öldürüldüyü bildirilir.
Müctəba Xameneinin vəziyyəti barədə müəyyən işarələr İran dövlət mediasında da yer alıb. Dövlət televiziyası və “IRNA” xəbər agentliyi onu “yaralı müharibə veteranı” kimi təqdim edib. Hökumətə bağlı dini xeyriyyə təşkilatı olan “Komiteh Emdad” da onu təbrik edərkən bəyanatda fars dilində “müharibədə yaralanmış veteran” mənasını verən “janbaz jang” ifadəsini işlədib.
Martın 11-də İran mediası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayidən Müctəba Xameneinin ölkənin ali dini-siyasi rəhbəri və silahlı qüvvələrin ali baş komandanı kimi vəzifəsinin icrasına başlayıb-başlamadığını soruşub. O isə suala birbaşa cavab verməyərək “Mesajı almalı olanlar artıq onu alıblar” bildirib.
Bununla yanaşı, İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması ilə bağlı xəbərləri təkzib edib. İranın “ISNA” agentliyinin məlumatına görə, o bildirib ki, bu barədə məlumatı eşitdikdən sonra Xameneinin yaxınları ilə əlaqə saxlayıb və onun sağ-salamat olduğunu öyrənib. Pezeşkianın sözlərinə görə, Müctəba Xameneinin səhhətində ciddi problem yoxdur.
Müctəba Xamenei uzun illər ictimaiyyət üçün qapalı fiqur kimi tanınıb. O, nadir hallarda ictimai çıxışlar edib və açıq tədbirlərdə görünməyib. İran mediası onun haqqında qısa bioqrafiya və bir neçə fotoşəkildən ibarət yarım dəqiqəlik video yayıb.
İsrail tərəfi isə onun mümkün varis kimi önə çıxdığı xəbərlərin yayılmasından sonra ali liderin ofisi və yaşayış kompleksinin qalan hissəsinə bunker dağıdan bombalarla zərbə endirib. Peyk görüntüləri həmin kompleksin dağıldığını göstərir.
İran rəsmiləri hücumun hədəfinin Müctəba Xamenei olduğunu, lakin onun həmin vaxt orada olmadığını bildiriblər. İsrailin müdafiə naziri İsrael Kats isə sosial şəbəkədə yazıb ki, Əli Xameneinin hər hansı varisi də hədəf olacaq. ABŞ prezidenti Donald Tramp Müctəba Xameneinin hakimiyyətə gəlməsindən narazı olduğunu desə də, Vaşinqtonun onu öldürmək planı barədə suala cavab verməyib.
Buna baxmayaraq, Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmasa da, artıq Tehranın müxtəlif yerlərində onun böyük plakatları asılıb. Şəhərdə həmçinin mərhum atasının ona İran bayrağını təqdim etdiyini təsvir edən iri divar rəsmi də yerləşdirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri olan Müctəba Xamenei illərdir kölgədə mühüm fiqurlardan biri sayılırdı. O, atasının ofisində təhlükəsizlik və hərbi məsələlərin koordinasiyasında iştirak edib. Lakin onun siyasi baxışları və İranı necə idarə edəcəyi barədə çox az məlumat var.
Ölkənin müxtəlif şəhərlərində hökumət tərəfdarları meydanlarda toplaşaraq Müctəba Xameneiyə sədaqət mərasimləri keçirir, İran bayraqları və onun şəkillərini qaldırırlar.