İranlı qadın futbolçular Avstraliyada sığınacaq alıb, himn etirazı qalmaqala səbəb olmuşdu

İranlı qadın futbolçular Avstraliyada sığınacaq alıb, himn etirazı qalmaqala səbəb olmuşdu
10 Mart 2026
Mətni dəyiş

Avstraliya hökuməti Asiya Kubokunda iştirak etmək üçün ölkəyə gəlmiş İranın qadın futbol yığmasının beş üzvünə federal polis qoruması verib və onlara humanitar vizalar təqdim edib.

Avstraliyanın daxili işlər naziri Toni Berkin qərarı ilə komandanın kapitanı Zəhra Qənbəri, eləcə də futbolçular Fatimə Pasəndide, Zəhra Sərbali, Atefə Ramazanzadə və Mona Həmudi humanitar viza alıblar. Hazırda onların təhlükəsiz yerdə olduqları bildirilir.

Bu qərar ABŞ prezidenti Donald Trampın Avstraliyanın baş naziri Entoni Albanizi ilə telefon danışığından sonra qəbul edilib. Tramp İranın qadın futbol yığmasının üzvlərinə sığınacaq verilməsinə çağıraraq bildirib ki, onlar vətənə qayıtdıqdan sonra milli himni oxumaqdan imtina etdiklərinə görə təqib oluna bilərlər.

Tramp həmin gün “Truth Social” platformasında yazmışdı:

“Avstraliya İranın qadın futbol yığmasını geri qaytarmağa məcbur etməklə dəhşətli humanitar səhv edir. Onlar geri qayıtsalar, böyük ehtimalla öldürüləcəklər. Əgər siz bunu etməsəniz, ABŞ onları qəbul edəcək”.

“Mən indicə Avstraliyanın baş naziri ilə danışdım. O bu məsələ ilə məşğul olur. Artıq beş nəfərə kömək edilib”, - o, daha sonra əlavə edib.

Bu arada, iranlı futbolçulara sığınacaq verilməsi tələbi ilə Avstraliya hökumətinə ünvanlanan petisiya bir neçə gün ərzində 70 mindən çox imza toplayıb. ABŞ-də yaşayan İranın devrilmiş şahının oğlu Rza Pəhləvi, bir sıra hüquq müdafiəçiləri də Avstraliya hökumətini idmançılara sığınacaq verməyə çağırmışdı.

İranın qadın futbol yığması Avstraliyaya Asiya Kubokunda iştirak etmək üçün ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına başlamasından əvvəl gəlmişdi. Turnirin ilk oyunu artıq müharibə başlayandan sonra keçirilib.

Həmin matçdan əvvəl futbolçular İranın dövlət himni səslənərkən səssiz dayanaraq himni oxumayıblar. Bu jestin səbəbi izah edilməsə də, İran daxilində sərt xətt tərəfdarları onları xəyanətdə ittiham ediblər. Dövlət televiziyasının aparıcısı efirdə komandanı “müharibə dövrünün xəyanətkarları” adlandırıb.

Komanda Avstraliya ilə ikinci oyundan əvvəl himni oxuyub və hərbi salam verib. Bu isə bəzi müşahidəçilərdə futbolçuların təzyiq altında olduqları barədə şübhələr yaradıb.

İran yığması bazar günü Filippin komandasına 0:2 hesabı ilə məğlub olaraq turniri tərk edib.

Turnirdən sonra həyatlarına təhlükə olduğunu bildirən beş futbolçu Avstraliyadan sığınacaq istəyib. “CNN” telekanalı anonim mənbəyə istinadən onların komandanın qaldığı oteldən qaçdıqlarını da xəbər verib.

İranda 2025-ci il dekabrın 28-dən son illərin ən böyük etiraz aksiyaları başlayıb. Əvvəlcə aksiyalar iqtisadi böhran - milli valyuta rialın kəskin ucuzlaşması və sürətlə artan inflyasiya ilə bağlı tələblərlə başlayıb. Daha sonra etirazçılar hakimiyyətə qarşı şüarlar səsləndirib və 1979-cu il İslam İnqilabı nəticəsində devrilmiş monarxiyanın bərpasına çağırışlar ediblər.

“BBC News” şahidlərə istinadən yazır ki, İranda internetin kəsilməsindən sonra təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin müxtəlif bölgələrində etirazçılara qarşı odlu silahdan istifadə edib.

ABŞ-də fəaliyyət göstərən Human Rights Activists News Agency (HRANA) təşkilatının məlumatına görə, etirazlar zamanı 7 mindən çox insan həlak olub, təxminən 53 min 500 nəfər həbs edilib.

“Amnesty International” isə bildirib ki, hazırda İranda 30 fəala ölüm cəzası təhlükəsi var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun