“Freedom House”: “İlham Əliyev və onun ailəsi ətrafında cəmləşən avtoritar idarəçilik ardıcıl olaraq möhkəmlənib”

“Freedom House”: “İlham Əliyev və onun ailəsi ətrafında cəmləşən avtoritar idarəçilik ardıcıl olaraq möhkəmlənib”
19 Mart 2026
Mətni dəyiş

ABŞ-də yerləşən “Freedom House” insan haqları təşkilatı martın 19-da “Dünyada azadlıq 2026: Avtokratiyanın böyüyən kölgəsi” adlı hesabatını yayımlayıb. Təşkilatın açıqlamasına görə, 2025-ci ildə baş verən hərbi çevrilişlər, dinc etirazçılara qarşı zorakılıq və konstitusion təminatların zəiflədilməsi cəhdləri dünyada azadlıqların ardıcıl 20-ci il geriləməsinə səbəb olub.

Hesabatda bildirilir ki, 54 ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqları pisləşib, cəmi 35 ölkədə isə yaxşılaşma qeydə alınıb. Hazırda dünya əhalisinin yalnız 21 faizi “azad” sayılan ölkələrdə yaşayır. Bu göstərici iki onillik əvvəl 46 faiz idi.

Hesabatda qeyd edilir ki, Azərbaycan 2002-ci ildən bəri “qeyri-azad” ölkə statusunu saxlayır və son 20 ildə 100 ballıq şkala üzrə göstəricisi 33-dən 6-ya düşüb. Ermənistan və Gürcüstan isə “qismən azad” ölkələr kimi qiymətləndirilib.

“Freedom House” bildirir ki, 2005-ci ildən etibarən Azərbaycanda Prezident İlham Əliyev və onun ailəsi ətrafında cəmləşən avtoritar idarəçiliyin ardıcıl möhkəmlənməsi müşahidə olunub. Qeyd edilib ki, 2003-cü ildə atasının yerinə prezident olduqdan sonra Əliyev prezident səlahiyyətlərini genişləndirən, müddət məhdudiyyətlərini aradan qaldıran və qanunverici və məhkəmə hakimiyyətinin qalan müstəqilliyini zəiflədən konstitusiya dəyişikliklərini həyata keçirib.

Sənəddə vurğulanıb ki, müstəqil məhkəmə sisteminin və hətta müstəqil medianın olmadığı şəraitdə korrupsiya geniş yayılmağa davam edib və Əliyev ailəsi dövlət aktivlərini şəxsi sərvət mənbəyi kimi istifadə edib.

“Azərbaycan kimi avtoritar rejimlər dövlət institutlarının bütün gücündən istifadə edə, dövlət resurslarından sui-istifadə edə və siyasi üstünlüyünü qorumaq üçün korrupsiyaya əsaslanan patronaj şəbəkələrinə arxalana bilirlər. Əliyevlər dövlət neft şirkəti “SOCAR”dan siyasi və iqtisadi himayə vasitəsi kimi istifadə ediblər, sərfəli müqavilələr və yüksək vəzifələr rejimə sadiq olan bizneslərə və şəxslərə verilib. Bunun qarşılığında isə seçkilər zamanı bu patronajdan faydalanan şəxslər işçilərə hakim partiyanı dəstəkləmək üçün təzyiq göstərir, onları siyasi mitinqlərdə iştirak etməyə və digər sədaqət nümayişlərinə cəlb edirlər. Bundan əlavə, dövlət vəsaitləri hakimiyyətə yaxın medianın maliyyələşdirilməsinə sərf olunur; bu media rejimin imicini gücləndirir və istənilən müxalifəti qaralamağa çalışır”, - hesabatda qeyd olunub.

Təşkilatın hesabatına əsasən, patronaj və təbliğat narazılığı susdurmaq üçün kifayət etmədikdə, avtokratlar təhlükəsizlik qüvvələri və cinayət ədliyyə sistemi üzərində nəzarətlərindən istifadə edərək daha kobud repressiya formalarına əl atırlar.

“Azərbaycan 2002-ci ildən bəri “qeyri-azad” statusunu saxlamasına baxmayaraq, son iki onillikdə hakimiyyətin vətəndaş azadlıqlarına qarşı təzyiqləri gücləndirməsi nəticəsində göstəricisi 100 baldan 33-dən cəmi 6-ya düşüb. Jurnalistlər, insan haqları müdafiəçiləri və siyasi müxalifət üzvləri uydurma cinayət ittihamları ilə əsassız həbs və təqiblərlə üzləşirlər və ədalətsiz məhkəmə proseslərində əsas hüquqi təminatlardan məhrum edilirlər. 2018-ci ildə qəbul edilmiş hüquqi dəyişikliklərə əsasən, məhkəmələrdə yalnız Ədliyyə Nazirliyinin göstərişləri ilə fəaliyyət göstərən Azərbaycan Vəkillər Kollegiyasının üzvləri müdafiəçi kimi çıxış edə bilər və ölkədə demək olar ki, bütün müstəqil hüquq müdafiəçiləri vəkillikdən uzaqlaşdırılıb və ya fəaliyyətləri dayandırılıb”.

Hesabatda qeyd olunur ki, son 20 ildə avtoritar rejimlər yalnız institusional nəzarət mexanizmlərini zəiflətməklə kifayətlənməyib, həm də dövlət strukturlarını və resurslarını tənqidçilərə qarşı “silaha” çeviriblər.

Bildirilir ki, institusional məhdudiyyətlərin zəiflədiyi və ya aradan qaldırıldığı mühitlərdə avtoritar liderlərin təhlükəsizlik qüvvələrindən və məhkəmələrdən repressiya aləti kimi istifadə etməsinin qarşısını alan mexanizmlər qalmır.

Hesabata əsasən, Azərbaycan 2002-ci ildən bəri “qeyri-azad” statusunu saxlayıb və son 20 ildə 100 ballıq şkala üzrə xalı 33-dən 6-ya düşüb. Ermənistan və Gürcüstan isə “qismən azad ölkələr” sırasında yer alıb.

Azərbaycan hakimiyyəti hələlik bu hesabata münasibət açıqlamayıb. Ancaq indiyədək oxşar beynəlxalq tənqidlər rədd edilib, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğu vurğulanıb.

Prezident İlham Əliyev ötən il deyib ki, “Freedom House” daxil olmaqla bir sıra insan haqları qurumları tamamilə fəaliyyətsiz hala gətirilməlidir. O, dəfələrlə Azərbaycanın bu qurumların qarayaxma kampaniyaları ilə üzləşdiyini iddia edib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun