Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının 12 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.
Deputat “Pravda az”a açıqlamasında bildirib ki, Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə hər kəs törətdiyi əmələ görə məsuliyyət daşıyır.
“Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və burada heç kim hakimiyyəti sərt tənqid etdiyinə görə cəzalandırıla bilməz. Mən özüm də müxalifət nümayəndələrinin mütləq əksəriyyəti ilə debatlarda iştirak edirəm. Debatlar zamanı onlar hökuməti kəskin şəkildə tənqid edir, mən də öz arqumentlərimi ortaya qoyuram. Hələ indiyə qədər belə hal olmayıb ki, mənimlə debata çıxan müxalifət nümayəndələrindən kimsə buna görə cəzalandırılsın”, – deputat deyib.
Elman Nəsirovun sözlərinə görə, bəzi hallarda cinayət məsuliyyəti ilə üzləşən şəxslər bunu siyasi təqib kimi təqdim etməyə çalışırlar.
“Bəzən görürlər ki, tutduqları yol cinayət tərkibi yaradır və həbs qaçılmazdır. Bu halda hakimiyyəti tənqid ritorikasını daha da kəskinləşdirirlər və sonradan həbs ediləndə bunu tənqidlərinə bağlamağa çalışırlar. Halbuki həbs tənqidə görə deyil, konkret cinayət tərkibli əməllərə görə baş verir”, – deputat bildirib.
O əlavə edib ki, Azərbaycanda heç kim mövqeyinə və baxışlarına görə həbs edilmir. Deputatın sözlərinə görə, yalnız konstitusion quruluşun zorla devrilməsinə və ya üsyana çağırış kimi hallarda cinayət məsuliyyəti yarana bilər.
Martın 11-də Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.
Siyasətçi ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Yerli və beynəlxalq hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 340 nəfər siyasi məhbus hesab edilən şəxs saxlanılır. Həbs edilən şəxslər onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər, siyasi və ya peşə fəaliyyətlərinə görə təqib və təzyiqlərə məruz qaldılarını, həbs edildiklərini bildirirlər.
Hökumət isə ölkədə siyasi məhbusun olmadığını bildirir və həbs edilən şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu qeyd edərək bu ittihamların siyasi motivli olması barədə iddiaları rədd edir.