Beynəlxalq Vəkillər İttifaqının Hüququn Aliliyi İnstitutu (UIA-IROL) azərbaycanlı vəkil və hüquq müdafiəçisi Zabil Qəhrəmanovun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı dərin narahatlıq ifadə edib. Təşkilat bununla bağlı yaydığı bəyanatda bildirib ki, bu proses onun peşə fəaliyyəti və Azərbaycanda polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etməsi ilə əlaqəli ola bilər.
UIA-IROL-un məlumatına görə, Gəncə Regional Vəkil Bürosunda qeydiyyatda olan vəkil Zabil Qəhrəmanov regionda tanınmış vəkil kimi uzun illər insan hüquqları pozuntularının qurbanlarını, o cümlədən siyasi məhbusları, işgəncə və saxta ittihamlarla üzləşdiyini bildirən şəxsləri müdafiə edib.
Bəyanatda qeyd olunur ki, Zabil Qəhrəmanova qarşı cinayət təqibi onun müdafiəçi və hüquq müdafiəçisi kimi fəaliyyəti, eləcə də ədalət mühakiməsinin idarə olunması və polis davranışı ilə bağlı ictimai maraq doğuran məsələlərdə fikir azadlığından istifadə etməsi ilə əlaqədar qisas xarakteri daşıya bilər.
UIA-IROL müdafiə tərəfinin istintaq zamanı baş verdiyini bildirdiyi prosedur pozuntularına və prosesin qərəzsizliyi ilə bağlı yaranmış ciddi şübhələrə də diqqət çəkir.
Bəyanatda qeyd olunur ki, Zabil Qəhrəmanovun işi Azərbaycanda vəkillik peşəsinin müstəqilliyi ilə bağlı uzun müddətdir sənədləşdirilmiş sistemli problemlər fonunda qiymətləndirilməlidir. Bu məsələlər son illərdə beynəlxalq insan hüquqları mexanizmlərinin diqqətində olub.
2025-ci ilin aprelində Müstəqil Vəkillər Şəbəkəsi (ILN) Avropa Şurasının Nazirlər Komitəsinə “Namazov Azərbaycana qarşı” işlər qrupu çərçivəsində təqdim etdiyi sənəddə Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin vəkillərin müstəqilliyi ilə bağlı qərarlarını icra etməkdə davamlı uğursuzluqları qeyd olunub. Sənəddə intizam icraatlarının vəkillərə təzyiq vasitəsi kimi istifadə olunması, Vəkillər Kollegiyasının institusional müstəqilliyinin olmaması və tənqidi mövqedə olan vəkillərə qarşı qisas tədbirlərinə qarşı effektiv təminatların olmaması vurğulanıb.
Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi son illərdə qəbul etdiyi bir sıra qərarlarda - Əfqan Məmmədov Azərbaycana qarşı, Fərhad Mehdiyev Azərbaycana qarşı və İmanov Azərbaycana qarşı işlərində - Azərbaycan Vəkillər Kollegiyasının vəkillərə tətbiq etdiyi intizam cəzalarının və vəkillikdən kənarlaşdırma qərarlarının onların tənqidi mövqeyi və peşə fəaliyyətinə görə tətbiq edildiyini müəyyən edib. Məhkəmə bu halların Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci və 10-cu maddələrinin pozuntusu olduğunu bildirib və belə tədbirlərin hüquq peşəsi üçün “çəkindirici təsir” yaratdığını vurğulayıb.
Buna baxmayaraq, UIA-IROL bildirir ki, vəziyyət daha da pisləşib. 2025-ci il oktyabrın 30-da ILN və OMCT-nin BMT-nin İşgəncələrə Qarşı Komitəsinə təqdim olunan əlavə məlumatında qeyd edilir ki, vəkillər üçün hüquqi təminatlar 2024-cü ilin mayında Komitənin yekun müşahidələri qəbul edildikdən sonra daha da zəifləyib. Siyasi məhbusları, jurnalistləri və işgəncə qurbanlarını müdafiə edən vəkillər təzyiqlərə, əsassız saxlanmalara, fəaliyyətlərinin dayandırılmasına və müştərilərlə görüşə maneələrə məruz qalmaqda davam edirlər.
UIA-IROL əlavə olaraq vurğulayır ki, Azərbaycanda vəkillərə qarşı təzyiq halları indiyədək əsasən intizam icraatları və vəkillikdən kənarlaşdırma vasitəsilə həyata keçirilsə də, fəaliyyət göstərən vəkilə qarşı cinayət təqibinin başlanması vəziyyətin təhlükəli şəkildə eskalasiyası kimi qiymətləndirilə bilər. Bu cür inkişaflar vəkillik peşəsinə ciddi “çəkindirici təsir” göstərərək hüquqi yardıma çıxışı zəiflədə və vəkillərin insan hüquqları pozuntularının qurbanlarını müdafiə etməkdən çəkinməsinə səbəb ola bilər.
Təşkilat xatırladır ki, Azərbaycan beynəlxalq öhdəliklərə, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta və Avropa İnsan Hüquqları Konvensiyasına əsasən şəxsin azadlıq və təhlükəsizlik hüququnu, təqsirsizlik prezumpsiyasını, ədalətli məhkəmə araşdırması hüququnu və ifadə azadlığını təmin etməlidir.
UIA-IROL həmçinin BMT-nin Vəkillərin roluna dair əsas prinsiplərini, xüsusilə də 16-cı prinsipi xatırladır. Həmin prinsipə görə hökumətlər vəkillərin peşə fəaliyyətlərini qorxu, təzyiq və müdaxilə olmadan həyata keçirməsini təmin etməlidir və vəkillər peşə vəzifələrinə uyğun hərəkətlərinə görə cinayət təqibi və ya digər sanksiyalarla üzləşməməlidirlər. 23-cü prinsip isə vəkillərin ifadə azadlığı hüququnu və hüquq sisteminə, insan hüquqlarının müdafiəsinə dair ictimai müzakirələrdə iştirak etmək hüququnu təsdiqləyir.
Bəyanatda Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci ildə qəbul etdiyi R(2000)21 saylı Tövsiyəsi də xatırladılır. Həmin sənəd dövlətlərdən tələb edir ki, vəkillər peşə fəaliyyətləri ilə bağlı hərəkətlərinə görə sanksiya və ya təzyiqə məruz qalmasınlar.
Təşkilat qeyd edir ki, bu təminatlar Avropa Şurasının vəkillik peşəsinin qorunmasına dair yeni qəbul olunmuş konvensiyasında da açıq şəkildə təsbit olunub.
Bununla əlaqədar UIA-IROL Azərbaycan hakimiyyətini Zabil Qəhrəmanovu dərhal və qeyd-şərtsiz azad etməyə, ona qarşı bütün məhkəmə və qeyri-məhkəmə təzyiqlərinə son qoymağa və vəkillik statusunu bərpa edərək onun peşə fəaliyyətini hökumət müdaxiləsi olmadan həyata keçirməsinə imkan verməyə; Azərbaycan məhkəmə orqanlarını azadlıq hüququnun, təqsirsizlik prezumpsiyasının və ədalətli məhkəmə təminatlarının tam şəkildə qorunmasını təmin etməyə, o cümlədən istintaq dövründə həbs qərarlarına effektiv məhkəmə nəzarətini təmin etməyə çağırır; vəkillərə və hüquq müdafiəçilərinə qarşı qisas vasitəsi kimi cinayət qanunvericiliyindən və intizam mexanizmlərindən istifadəyə son qoyulmasını tələb edir; Azərbaycanda vəkillik peşəsinin və Vəkillər Kollegiyasının müstəqilliyinin beynəlxalq standartlara uyğun şəkildə təmin edilməsinin zəruri olduğunu vurğulayır.
UIA-IROL bəyan edir ki, Zabil Qəhrəmanov və artan təzyiqlərə baxmayaraq insan hüquqlarını və hüququn aliliyini müdafiə edən bütün Azərbaycan vəkilləri ilə həmrəyliyini ifadə edir.
Təşkilat vəziyyəti yaxından izləməyə davam edəcəyini bildirir və beynəlxalq hüquq ictimaiyyətini Azərbaycanda vəkillərin fundamental hüquqlarının və peşə müstəqilliyinin qorunması üçün diqqətli və fəal olmağa çağırır.
Gəncə Regional Vəkil Bürosunda çalışan vəkil Zabil Qəhrəmanovu 2025-ci il oktyabrın 23-də Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb. Oktyabrın 25-də Gəncə şəhər məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məlumatlara görə, ilkin mərhələdə ona Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. İddialardan birinə görə, saxlanıldığı gün avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə zamanı zor tətbiq etdiyi bildirilir. Digər iddiada isə Şəmkir sakini Emin İbrahimovun şikayətinə əsasən, Qəhrəmanovun 5600 manat alaraq işin “istədiyi kimi” yekunlaşacağına söz verdiyi, lakin bunun baş vermədiyi iddia olunur.
Zabil Qəhrəmanov ittihamların əsassız olduğunu bildirir və cəzalandırılması üçün adı çəkilən şəxslərdən istifadə edildiyini deyir.
2026-cı il yanvarın 19-da ona əlavə ittihamların irəli sürüldüyü açıqlanıb. Onun vəkili Babək Həmidov bildirib ki, Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunur. Vəkilin sözlərinə görə, yanvarın 17-də onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb və təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.
Müdafiə tərəfinin məlumatına görə, daha sonra istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə verilib və Qəhrəmanov Bakıya köçürülərək Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Zabil Qəhrəmanov bir sıra rezonanslı işlərdə müdafiəçi kimi çıxış edib. Onların sırasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və qətlə yetirilməsi işi üzrə təqsirləndirilən İlkin Süleymanovun, eləcə də qətl ittihamı ilə 11 il cəza alıb sonradan bəraətlə azadlığa çıxan Polad İsmayılovun məhkəmə prosesləri yer alır. O, həmçinin “Tərtər hadisələri” ilə bağlı bir neçə zərərçəkmişi və müxtəlif ictimai-siyasi fəalları müdafiə edib.