Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlıya qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə müdafiə tərəfinin vəkilləri çıxış ediblər.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda vəkil Rövşanə Rəhimova bildirib ki, hüquqlarını müdafiə etdiyi Azər Qasımlı artıq 1 il 2 aydan çoxdur həbsdə saxlanılır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 182.3.2-ci maddəsi ilə ittiham verilib.
Vəkil qeyd edib ki, CM-nin 182-ci maddəsində nəzərdə tutulan cinayətlərin əsas mahiyyəti hədə-qorxu yolu ilə özgənin əmlakını əldə etməkdir. Lakin istintaqın bir ildən artıq davam etdiyi müddətdə bu halı təsdiq edən əsaslı sübut ortaya qoyulmayıb.
“Sözügedən maddə ilə qaldırılmış bir cinayət işində sübut edilməli olan bir iş üçün əhəmiyyətli hal var idi ki, o da Azər Qasımlının özünü guya zərərçəkmiş şəxs sayan Qurbanəli Yusibova hədə-qorxu gəlməsi idi. Bu halın sübut olunmaması nə Azər Qasımlıya bu maddə ilə ittiham verilməsini, nə də onun bu maddə ilə məhkum edilməsini mümkün edir. Bir ildən artıq davam edən araşdırmalar nəticəsində biz bu halı təsdiq edən yalnız bir sübutla üz-üzə qaldıq. O da Qurbanəli Yusibovun ifadələridir”, – deyə vəkil bildirib.
Rövşanə Rəhimova qeyd edib ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ittiham tərəfinin dindirdiyi şahidlər Azər Qasımlının Qurbanəli Yusibova hədə-qorxu gəldiyini desələr də, bu faktı özlərinin görmədiklərini, bilavasitə eşitmədiklərini və yalnız Qurbanəli Yusibovun onlara dediklərindən xəbər tutduqlarını bildiriblər.
“İstənilən halda bu şahidlərin Azər Qasımlının Qurbanəli Yusibova hədə-qorxu gəlməsi barədə ifadələri sübut əhəmiyyəti daşımırlar. Çünki Cinayət Prosessual Məcəlləsi (CPM) bir mənalı şəkildə belə şahid ifadələrindən sübut kimi istifadəni qadağan edir.
Bu şahidlər isə Azər Qasımlının Qurbanəli Yusibovu hədələməsinin birbaşa şahidi olmayıblar və bu hadisəni bilavasitə qavramayıblar. Məhkəmədə onlara müdafiə tərəfindən “Azər Qasımlının Qurbanəli Yusibovu təhdid etdiyini şəxsən görmüsünüzmü?” sualı verilib və hamısı “yox” cavabı verib. Onlar yalnız dolayı şəkildə Qurbanəli Yusibovun sözləri ilə bu məsələdən məlumatlıdırlar. Qurbanəli Yusibov da, Allaha şükür ki, məhkəmədə üzə duracaq qədər sağdır, vəfat etməyib ki, onun sözlərindən verilən ifadələr məhkəmə tərəfindən istisna hal kimi sübut kimi qəbul edilsin”, – deyə vəkil vurğulayıb.
Vəkilin sözlərinə görə, Azər Qasımlı yalnız Qurbanəli Yusibovun sözləri əsasında həbs olunub və həmin sözlər əsasında ittiham edilir.
“Qurbanəli Yusibovun bu sözlərini təsdiq edəcək hər hansı digər sübut da yoxdur. Məsələn, Azər Qasımlının hədə-qorxu gəlməsini göstərən səs yazısı, SMS-lər, sosial şəbəkələrdə və messencerlərdə yazışmalar, yazılı faktlar, videosübutlar iş materiallarında yoxdur. Ən azından məhkəmə cinayət işinin materiallarını elan edərkən belə sübut elan etmədi.
Bu faktı, Qurbanəli Yusibovun sözlərini təsdiq edəcək sübut və şahidlərinin olmamasını Azər Qasımlının məhkəmə istintaqı zamanı verdiyi “Səni təhdid etdiyimi nə ilə sübut edə bilərsən?” sualına Qurbanəli Yusibovun “sübut və şahidim yoxdur” cavabı ilə də təsdiq olundu.
Həmçinin Qurbanəli Yusibov ibtidai istintaq zamanı verdiyi ifadələrində də bildirir ki, Azər Qasımlı onu hədələdikdə yanında heç bir şahid olmayıb”, – deyə Rövşanə Rəhimova bildirib.
Vəkil əlavə edib ki, müdafiə tərəfi ibtidai istintaq başa çatdıqdan sonra iş materialları ilə tanış olarkən Qurbanəli Yusibovun ifadələrinin mötəbər olmaması, ziddiyyətli olması və digər sübutlarla təkzib edilməsi ilə bağlı çoxsaylı arqumentlər irəli sürüb.
“Belə olan halda sübut və faktların, eləcə də Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun qaydada şahid ifadələrinə əsaslanmadan, açıq ziddiyyətli və yalan ifadələr əsasında Azər Qasımlıya qarşı cinayət işinin aparılmasında istintaqın marağı nə idi? Bu sualın cavabını Azər Qasımlı özü məhkəmədə vermişdi: “Hakimiyyətə məni tutmaq lazım idi, Qurbanəli isə borcunu qaytarmaq istəmirdi. Ona görə də Qurbanəli yalan və böhtanlarla hakimiyyətə pas ötürdü, hakimiyyət də bu pası qəbul etdi”.
2023–2024-cü illərdə hakimiyyəti tənqid edənlərə qarşı aparılan kütləvi həbslər fonunda hakimiyyətə qarşı sərt tənqidi çıxışları və media müsahibələri ilə tanınan Azər Qasımlının həbsi gözlənilən idi. Bunu başa düşən Qurbanəli Yusibov 2 avqust 2024-cü ildə daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı məktubda yazırdı:
“Siyasi Menecment İnstitutunun rəhbəri Azər Ağaqasım oğlu həm dövlətçiliyimiz, həm də cəmiyyətimiz üçün təhlükəli adamdır. Dəfələrlə mənə fiziki zor gəlməklə hədə-qorxu edib, məni dövlətciliyimizin əleyhinə istifadə etməyə çalışıb, alınmadığı halda isə mənə qarşı hədə-qorxu gəlməyə başlamışdı və faktiki olmayan vəsaiti hədə-qorxu vasitəsi ilə boynuma almağı məcbur etmişdi”.
Vəkilin sözlərinə görə, məhz bu məzmun Azər Qasımlı ilə bağlı siyasi hakimiyyətlə Qurbanəli Yusibovu birləşdirən məqam olub.
Rövşanə Rəhimovanın müdafiə nitqindən sonra hakim zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifova ziddiyyətli epizodlarla bağlı suallar ünvanlayıb. Lakin Qurbanəli Yusifov suallara fakt üzrə cavab verməyib. Hakim isə suallarına cavab ala bilmədiyini bildirib.
Azər Qasımlı da söz alaraq zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifova sual ünvanlayıb. Siyasətçi qeyd edib ki, Yusifov bütün ərizələrində, məhkəmə çıxışlarında və hətta səs yazısında da ondan 20 min dollar aldığını təsdiqləyib, lakin borcunu qaytarmayıb.
“Mən, yəqin ki, bir daha Qurbanəlini görməyəcəyəm, ona görə indi ondan soruşmaq istəyirəm. Özü də ərizələrində, çıxışlarında, səs yazısında təsdiqləyib ki, mənə 20 min dollar borcu var. Pulumu nə vaxt ödəyəcəksən?”, – deyə Qasımlı bildirib.
Daha sonra digər vəkil Aqil Layıc çıxış edərək bildirib ki, Azər Qasımlı əqidəsinə görə həbs olunub və bu həbs cəmiyyət üçün nümunədir.
“Bu məhkəmə Azər Qasımlının əqidəsini legitimləşdirmək üçün qurulub. Ədalət mühakiməsi xalq üçün olmalıdır. Azər Qasımlıya qarşı irəli sürülən ittihamlara isə xalq inanmır. Bu barədə sosial şəbəkələrdə, mediada yazılanlar da bunu göstərir. Xalq öz ədalətli qərarını verib. Məhkəmənin Azər Qasımlı haqqında çıxaracağı qərar isə tarixi bir qərar olacaq”, – deyə vəkil bildirib.
Azər Qasımlı son söz üçün vaxt istədiyinə görə məhkəmə prosesi martın 11-nə təyin edilib.
Fevralın 11-də keçirilən prosesdə dövlət ittihamçısı Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qasımlı isə ittihamı siyasi sifariş kimi qiymətləndirir.
Foto: Amerikanın Səsi