“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı ABŞ-nin İranda qızlar məktəbinə endirilən və azı 170 nəfərin, əsasən uşaqların ölümü ilə nəticələnən hücuma görə məsuliyyət daşıdığını açıqlayıb. Təşkilat günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.
“Amnesty International”ın yeni araşdırmasına görə, fevralın 28-də İranın cənubundakı Minab şəhərində yerləşən məktəbə edilən hücum zamanı böyük ehtimalla ABŞ istehsalı olan “Tomahawk” raketindən istifadə olunub.
Təşkilat bildirib ki, bu raketlər münaqişə çərçivəsində yalnız ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilir və yüksək dəqiqlikli idarəolunan silahlar hesab olunur.
Peyk görüntüləri, video materiallar və ekspertlərlə müsahibələrə əsaslanan araşdırma göstərir ki, məktəb birbaşa hədəfə alınıb. Həmçinin yaxınlıqdakı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kompleksinə daxil olan daha təxminən on obyekt də zərbə nəticəsində dağıdılıb.
Təşkilatın bəyanatında qeyd olunur ki, bu fakt ABŞ qüvvələrinin mülki əhaliyə zərər verməmək üçün zəruri ehtiyat tədbirlərini görmədiyini göstərir və bu, beynəlxalq humanitar hüququn ciddi pozuntusu hesab olunur.
“Binanın birbaşa vurulması və onun əvvəllər SEPAH kompleksinin tərkibində olması ehtimalı göstərir ki, ABŞ qüvvələri köhnəlmiş kəşfiyyat məlumatlarına əsaslana bilər və hədəfin hərbi obyekt olduğunu yoxlamaq üçün bütün mümkün tədbirləri görməyiblər”, - deyə təşkilat vurğulayıb.
Hüquq müdafiəçiləri Minabdakı hücumu ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə mümkün hərbi cinayətlərin sübutu kimi qiymətləndirir. Hüquq ekspertlərinin fikrincə, bu münaqişə ötən ayın sonunda beynəlxalq hüququn pozulması ilə başlayıb.
Vaşinqton hadisə ilə bağlı araşdırma apardığını bəyan etsə də, ABŞ prezidenti Donald Tramp administriyası daha əhatəli və şəffaf istintaq aparılması və məsul şəxslərin cəzalandırılması ilə bağlı artan təzyiqlərlə üzləşir.
BMT ekspertləri məktəbə hücumu “uşaqlara qarşı ağır cinayət” kimi qiymətləndirib. ABŞ-də demokrat qanunvericilər isə administrasiyanı “bu faciənin necə və niyə baş verdiyinə dair Amerika ictimaiyyətinə və Konqresə aydın izah verməyə” çağırıblar.
Müharibə davam etdikcə, ekspertlər ABŞ rəsmilərinin bəzi açıqlamalarından narahatlıq ifadə edirlər. Onların fikrincə, bu bəyanatlar beynəlxalq hüquqa laqeyd münasibəti nümayiş etdirir.
ABŞ-nin müdafiə naziri Pit Heqset ayın əvvəlində Vaşinqtonun İrana qarşı əməliyyatlarda “mənasız döyüş qaydalarına” əməl etməyəcəyini bildirib.
“Amerika, beynəlxalq institutların nə deməsindən asılı olmayaraq, tarixdə ən ölümcül və ən dəqiq hava kampaniyasını həyata keçirir”, - deyə Heqset martın 2-də jurnalistlərə bildirib.
“Amnesty International” bazar ertəsi yaydığı bəyanatda vurğulayıb ki, Minabdakı ölümcül zərbənin planlaşdırılması və icrasına görə məsuliyyət daşıyan şəxslər mütləq cavab verməlidir.
Təşkilatın araşdırmalar, siyasət və kampaniyalar üzrə baş direktoru Erika Gevara-Rosas bildirib ki, əgər ABŞ hədəfin məktəb olduğunu müəyyən edə bilməyib, lakin buna baxmayaraq zərbə endiribsə, bu, “hücumun planlaşdırılmasında kobud səhlənkarlıq” deməkdir.
Onun sözlərinə görə, bu hal həm də “ABŞ ordusunun kəşfiyyatında ciddi uğursuzluq və beynəlxalq humanitar hüququn ağır pozuntusu” kimi qiymətləndirilməlidir.
Gevara-Rosas əlavə edib ki, əgər ABŞ məktəbin SEPAH kompleksinin yaxınlığında yerləşdiyini bilə-bilə mülki əhali üçün riskləri minimuma endirmək məqsədilə bütün tədbirləri görmədən zərbə endiribsə, bu, seçici olmayan hücum kimi qiymətləndirilməli və hərbi cinayət kimi araşdırılmalıdır.