Aİ miqrasiya siyasətini sərtləşdirir: deportasiya edilənlər üçün üçüncü ölkələrdə mərkəzlər yaradıla bilər

Aİ miqrasiya siyasətini sərtləşdirir: deportasiya edilənlər üçün üçüncü ölkələrdə mərkəzlər yaradıla bilər
10 Mart 2026
Mətni dəyiş

Avropa Parlamentinin vətəndaş azadlıqları, ədalət və daxili işlər komitəsi Avropa İttifaqından çıxarılan miqrantların üçüncü ölkələrdə yerləşdirilməsi üçün xüsusi mərkəzlərin yaradılmasını nəzərdə tutan qanunvericilik paketini təsdiqləyib.

“Deutsche Welle” nəşrinin yazdığına görə, təşəbbüs deportasiya edilən miqrantların Aİ üzvü olmayan ölkələrdə yerləşdirilməsi üçün xüsusi qəbul mərkəzlərinin yaradılmasına hüquqi əsas verir.

Qanunvericilik təşəbbüsü həmçinin Avropa İttifaqı ərazisində qalması qanunsuz hesab edilən əcnəbilər üçün cəzaların sərtləşdirilməsini də nəzərdə tutur. Yeni qaydalara əsasən, belə şəxslər barəsində hətta həbs cəzasına qədər sanksiyalar tətbiq oluna bilər.

“Deutsche Welle” qeyd edir ki, layihə əsasən konservativ və ifrat sağçı siyasi qüvvələrin dəstəyi ilə komitədə qəbul edilib. Təşəbbüs üzrə yekun səsvermənin martın 12-də Avropa Parlamentinin plenar iclasında keçirilməsi planlaşdırılır.

Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) martın əvvəlində açıqladığı məlumatlara görə, 2025-ci ildə Aİ ölkələrində sığınacaq üçün edilən müraciətlərin sayı əvvəlki illə müqayisədə 19 faiz azalaraq 822 min nəfərə düşüb. “Deutsche Welle” yazır ki, Avropa Komissiyası bu azalmanı miqrasiya siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirir.

Bununla belə, Aİ ölkələrində ölkəni tərk etməsi barədə qərar verilən əcnəbilərin yalnız təxminən 20 faizi faktiki olaraq öz ölkələrinə qayıdır.

Son illər Avropada miqrantların üçüncü ölkələrə göndərilməsi ilə bağlı oxşar təşəbbüslər də irəli sürülüb. Belə ki, 2024-cü ildə Böyük Britaniya qanunsuz miqrantların Ruandaya deportasiyasına icazə verən qanun qəbul edib. Həmin il İtaliya da Albaniya ilə miqrantların qəbul edilməsi üçün iki mərkəzin tikintisini nəzərdə tutan sazişi ratifikasiya edib.

Bu qərarlar isə bir sıra media qurumları və hüquq müdafiə təşkilatları tərəfindən tənqid olunub. Tənqidçilər miqrantların üçüncü ölkələrə göndərilməsinin insan hüquqlarının pozulması riskini artırdığını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun