ABŞ məhkəməsi “Amerikanın Səsi”nin yüzlərlə jurnalistinin kütləvi işdən çıxarılması ilə bağlı qərarı etibarsız sayıb

ABŞ məhkəməsi “Amerikanın Səsi”nin yüzlərlə jurnalistinin kütləvi işdən çıxarılması ilə bağlı qərarı etibarsız sayıb
9 Mart 2026
Mətni dəyiş

ABŞ-də federal məhkəmə “Sərhədsiz Reportyorlar” Təşkilatının (RSF) qaldırdığı iddia üzrə qərar verərək Kari Leykin ABŞ Qlobal Media Agentliyinin (USAGM) icraçı direktoru vəzifəsinə təyin edilməsini qanunsuz sayıb. Qərar nəticəsində onun bu vəzifədə qəbul etdiyi bir sıra qərarlar, o cümlədən “Amerikanın Səsi” (VOA) yüzlərlə jurnalistinin kütləvi işdən çıxarılması etibarsız elan olunub.

Martın 7-də açıqlanan qərarda hakim Roys Lambert bildirib ki, Kari Leykin USAGM rəhbəri kimi fəaliyyət göstərməsi konstitusiyaya zidd olub. Məhkəmə həmçinin hökuməti Leyki rəsmi olaraq bu vəzifəyə təyin etmədən faktiki rəhbərə çevirməyə cəhd göstərməkdə ittiham edib.

RSF qərarı müsbət qarşılayaraq bildirib ki, təşkilat VOA jurnalistlərinin yenidən işə qayıtması və dünyanın müxtəlif ölkələrində milyonlarla insan üçün etibarlı məlumatların yayımının bərpa olunması üçün mübarizəni davam etdirəcək.

Martın 7-də yayımlanan məhkəmə rəyində hakim Lambert Donald Tramp administrasiyasını kəskin tənqid edib. Qərarda qeyd olunub ki, hökumət “Leyki rəsmi olaraq təyin etmədən faktiki olaraq USAGM-in rəhbərinə çevirməyə yönəlmiş qanunsuz cəhd” göstərib.

Kari Leyk isə qərardan apellyasiya şikayəti verəcəyini bildirib. O, ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın təyin etdiyi hakimi “aktivist hakim” adlandıraraq onun Donald Trampın siyasi gündəminə mane olmağa çalışdığını iddia edib.

RSF-in Şimali Amerika üzrə icraçı direktoru Kleyton Veymers qərarı belə şərh edib:

“Hakim Lambertin qərarı demək olar ki, bir il əvvəl bu iddianı qaldırarkən bildiklərimizi təsdiqləyir: Kari Leyk və Tramp administrasiyası VOA-nı zəiflədərkən qanunsuz hərəkət ediblər. Qərarın bütün nəticələri hələ tam aydınlaşmayıb və VOA jurnalistlərinin işlərinə qayıtması üçün görüləsi işlər qalır. Bununla belə, bu məhkəmə işi göstərir ki, mətbuat azadlığı uğrunda mübarizə aparmaq böyük əhəmiyyət daşıyır”.

2025-ci ilin martında Donald Tramp fərman imzalayaraq faktiki olaraq “Amerikanın Səsi”nin fəaliyyətini dayandıran qərar verib. Qısa müddət sonra RSF media orqanının jurnalistləri və onların həmkarlar ittifaqları ilə birlikdə məhkəməyə müraciət edib.

Tramp administrasiyası ilk prezidentliyi dövründə də VOA-nı siyasi təbliğat vasitəsinə çevirməyə cəhd göstərməkdə ittiham olunurdu. Onun ikinci administrasiyası dövründə isə min nəfərdən çox VOA əməkdaşı işdən çıxarılıb və ya inzibati məzuniyyətə göndərilib.

Bu addımlar nəticəsində təşkilatın dünyanın müxtəlif ölkələrində avtoritar rejimlər altında yaşayan milyonlarla insan üçün müstəqil və etibarlı jurnalistika yaymaq missiyası ciddi şəkildə məhdudlaşdırılıb.

Sonradan VOA müəyyən proqramları məhdud şəkildə yenidən yayımlamağa başlayıb. Lakin RSF bildirir ki, bəzi materiallar Donald Trampın siyasi gündəmini təşviq etmək üçün istifadə olunub. Məsələn, ABŞ və İsrailin İrana hava zərbələrini dəstəkləyən mesajların yayımlanması təşkilatın qanunla qorunan redaksiya müstəqilliyinə zidd hesab olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun