ABŞ administrasiyası İranla müharibəni dayandırmaq məqsədilə 15 maddədən ibarət planı Tehrana təqdim edib. Sənəd nüvə proqramının məhdudlaşdırılmasından tutmuş hərbi və regional fəaliyyətlərin dayandırılmasına qədər geniş şərtləri əhatə edir.
Bu barədə İsrailin “12-ci Kanal”ı və “The New York Times” iki rəsmi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, plan İranın nüvə silahı hazırlamaqdan və uranı zənginləşdirməkdən imtina etməsini nəzərdə tutur. Sənəddə həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının və bütün məlumatların Beynəlxalq Atom Enerjisi Agentliyinə verilməsi, Natanz, İsfahan və Fordo şəhərlərindəki nüvə obyektlərinin ləğvi tələb olunur.
Bundan əlavə, İranın ona bağlı silahlı qrupları maliyyələşdirməməsi, Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılması, raket istehsalının məhdudlaşdırılması, onların mənzilinin azaldılması və yalnız müdafiə məqsədilə istifadə edilməsi kimi şərtlər də plana daxil edilib.
“The New York Times” yazır ki, ABŞ və İran arasında əsas vasitəçi rolunu Pakistanın quru qoşunlarının komandanı Asim Munir oynayır. Bildirilir ki, o, 2025-ci ildə ABŞ prezidenti Donald Trampla iki dəfə görüşüb və İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri sayəsində tərəflər arasında mesajların ötürülməsinə kömək edir.
Bununla belə, planın İran rəhbərliyi arasında nə dərəcədə geniş müzakirə olunduğu və Tehranla yanaşı İsrailin də danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi hələlik bəlli deyil. Lakin sənədin təqdim edilməsi Vaşinqtonun müharibəni dayandırmaq üçün səylərini artırdığını göstərir.
“The Wall Street Journal” yazır ki, SEPAH da öz növbəsində bir sıra tələblər irəli sürüb. Bu tələblərə ABŞ-nin Fars körfəzindəki bütün bazalarının bağlanması, İrana qarşı hücumlara görə təzminat ödənilməsi, Hörmüz boğazından keçid üçün rüsum tətbiqi, İsrailin “Hizbullah”a zərbələrinin dayandırılması, sanksiyaların ləğvi və raket proqramının saxlanılması daxildir.
Qəzetin məlumatına görə, Türkiyə, Misir və Pakistan vasitəçiləri yaxın 48 saat ərzində ABŞ və İran rəsmiləri arasında görüş təşkil olunmasını təklif etsə də, tərəflər hələlik buna razılıq verməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə “India Today”a müsahibəsində ABŞ ilə heç bir danışıqlar aparılmadığını bildirib.
“İrana qarşı qeyri-qanuni müharibənin başlanmasından bəri 25 gün ərzində olduğu kimi, hazırda da ABŞ ilə heç bir danışıqlar yoxdur”, - deyə o vurğulayıb.
Bəqai qeyd edib ki, ABŞ ilə danışıqlar cəhdi İran üçün “fəlakətli” olub: “Doqquz ay ərzində nüvə məsələsi üzrə danışıqlar apararkən bizə iki dəfə hücum edilib. Bu, diplomatiyaya xəyanət idi”.
Onun sözlərinə görə, İran silahlı qüvvələri hazırda ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumağa fokuslanıb.
ABŞ prezidenti Donald Tramp isə daha əvvəl bildirib ki, Vaşinqton “lazımi şəxslərlə” danışıqlar aparır və tərəflərin razılaşmaya maraqlı olduğunu iddia edib.
Trampın sözlərinə görə, Tehran enerji sahəsində ABŞ-yə ciddi güzəştə gedib. O, bunu müsbət addım kimi qiymətləndirib və bu güzəştlərin dünya neft bazarı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı olduğunu eyham edib. İran fevralın sonlarında ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra faktiki olaraq bu boğazı bağlamışdı.
“Financial Times” isə yazıb ki, İran Beynəlxalq Dəniz Təşkilatına üzv ölkələrə məktub göndərərək “düşmən olmayan gəmilərə” Hörmüz boğazından keçidə icazə verib. Məktubda qeyd olunur ki, Tehran boğazdan “aqressorlar və onların tərəfdarlarının istifadə etməsinin qarşısını almaq üçün” tədbirlər görüb.
Foto: Le Monde