“Toplum TV işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti iclasda təqsirləndirilən şəxslər istintaq zamanı müsadirə olunan telefonların məhkəməyə gətirilməsini, ekspertlərin çağırılmasını və müstəqil ekspertizanın təyin edilməsini istəyiblər. Məhkəmə vəsatətlərin bir qismini təmin etməyib, iclasda hakimlə təqsirləndirilənlər arasında gərginlik yaşanıb.
Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. İclasa hakim Azər Tağıyev sədrlik edib.
“Toplum TV”nin məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər və vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov istintaq dövründə müsadirə olunmuş telefonların məhkəməyə gətirilməsini tələb edib.
“Telefonların şifrələrini ancaq biz bilirik. Gətirin, açaq, siz də göstərin ki, orada cinayət əməlinə dair hansı sübutlar var. Keçən dəfə Dövlət Vergi Xidmətinin nümayəndəsi burada dedi ki, biz gəlir əldə etmişik və ödənişlər etmişik. Ödənişlərin qəbzlərini gətirin, göstərin”, - o deyib.
Akif Qurbanovun vəkili Fuad Ağayev isə istintaqa rəyi vermiş ekspertlərin məhkəməyə gətirilməsi üçün vəsatət verib.
Təqsirləndirilən şəxslərdən “Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli də vəsatəti dəstəkləyib. O əlavə edib ki, Daxili İşlər Nazirliyinə (DİN) tabe olmayan, alternativ ekspertiza keçirilməlidir:
“Çünki DİN bu prosesdə tərəfdir. Həm də qanunsuz “sübut”lar təqdim edən, insanları şərləyən tərəfdir. Ona görə onların keçirəcəyi ekspertizanın heç bir dəyəri yoxdur. Yenidən, müstəqil ekspertiza keçirilməlidir, mənə aid olduğu iddia olunan pul vəsaitləri tozlanıb barmaq izləri yoxlanmalıdır. 40-50 dənə əskinasdan cəmi ikisində mənim barmaq izimin çıxdığını dedilər. Onun da saxta olduğunu sübut etdik”.
Azər Tağıyev Ələsgər Məmmədliyə ekspertiza ilə bağlı vəsatətinin yazılı formada verilməli olduğunu deyib.
Dövlət ittihamçısı Rauf Malışov ekspertiza rəyi vermiş şəxslərin məhkəməyə çağırılmasına gərək görmədiyini bildirib. Hakimlər müşavirədən sonra “ekspertiza rəylərinin aydın şəkildə tərtib olunduğunu” əsas gətirərək Fuad Ağayevin vəsatətini təmin etməyiblər.
"İndiyə qədər bir dəfə olubmu ki, Malışovun “yox” dediyinə “hə” deyəsiniz?”, - Akif Qurbanov hakimə sual edib.
Azər Tağıyev isə bildirib ki, onun vəzifəsi dövlət ittihamçısını sadəcə dinləməkdir və yekun qərarı sonda özü qəbul edir.
Ardınca təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli çıxış edib.
“Bu iş 2024-cü il martın 6-da açılıb. Həmin gün saxlanılsam da, gecə sərbəst buraxılmışam. İki gün sonra isə məni yenidən saxlayıb, evimdə axtarış apararaq guya pul tapıblar. Əgər bu pul mənim idisə və dostlarımın, eləcə də daha əvvəl digər jurnalist və fəalların məhz bu ittihamla həbs olunduğunu bilirdimsə, niyə həmin pulu iki gün ərzində evimdən çıxarmamışam?” - deyə o, hakimə sual ünvanlayıb.
Ruslan İzzətli də qeyd edib ki, pulun ona aid olduğu iddia edilsə də, bütün əskinaslarda barmaq izi olduğuna dair sübutlar yoxdur.
“Mən sizi də anlayıram. Bu sistem belə qurulub. Ekspertiza nə rəy verir, onu təsdiq edirsiniz. Sabah zəng gəlsə ki, ABŞ vitse-prezidenti Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasını tələb edib və buraxılmalıdır, ona uyğun qərar verəcəksiniz. Bu gün tarixçilər araşdırır və görürük ki, sovet hakimiyyəti nə cür məhkəmələr qurub və hakimlər orada necə iştirak edib. Sizin də bu məhkəmədə iştirakınızı gələcək nəsillər görəcək”, - siyasətçi hakimə xitabən deyib.
Azər Tağıyev Ruslan İzzətlinin sözünü kəsərək deyib ki, “əl-qolla danışma!”. Bu zaman onların arasında mübahisə yaranıb. Akif Qurbanov isə hakimə “özününüzü sinif rəhbəri kimi aparırsnız” deyərək irad tutub.
“Siz özünüzü elə şagird kimi aparmalısınız. Sizin hörmətinizə ehtiyacım yoxdur”, - deyə Azər Tağıyev cavab verib.
Daha sonra çıxış edən, təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov hakimdən Ombudsman Aparatına şikayət etdiyini bildirib. Jurnalist artıq 10 aydır 28-ci dəfə məhkəməyə gətirildiyini xatırladaraq, ona hansı cinayətin istinad edildiyinin hələ də aydın olmadığını bildirib:
“10 ayda 28-ci dəfədir məhkəmə adı ilə buraya gətirilirəm. Hansı cinayəti törətdiyim bəlli deyil. Sənədlərdə qeyd olunur ki, Fərid İsmayılov “Toplum TV”də araşdırmaçı jurnalist olub, vəssasalam. Özünüz etiraf edirsiniz ki, hökumət bu ölkədə həqiqi jurnalistika ilə məşğul olmağı cinayət sayır. 10 aydır suallarıma cavab verən yoxdur. Dövlət Sərhəd Xidmətinin əməkdaşları susur, prokuror susur, üç hakimdən biri Roman Ələkbərov ümumiyyətlə danışmır.
Ombudsman Aparatı işçiləri Bakı İstintaq Təcridxanasında mənə dedilər ki, “Allah köməyin olsun”. Nə vaxta qədər belə davam edəcək?Nəyi araşdırırsınız, nəyi aşkarlamısınız? Hökmü oxuyun, bu tamaşa bitsin. Hikmət Hacıyev COP29-da özü mənə söz verdi ki, məhkəmə ədalətli aparılacaq. Budur ədalətli məhkəmə? Burada sizy ox, İnam Kərimov olmalıdır. Quzuya mərhəmət göstərən Kərimov hüquqa, qanuna xəyanət edir”, - o deyib.
Daha sonra Ələsgər Məmmədli müsadirə olunmuş bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib.
Növbəti məhkəmə prosesi fevralın 23-ə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunub. Jurnalist Elmir Abbasovun polis nəzarətinə verildiyi bildirilir. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi qeyd olunur.
Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan ittihamların ağırlaşdırıldığı açıqlanıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.