Tofiq Yaqublunun “kars”a salındığı və yenidən aclığa başladığı bildirilir

Tofiq Yaqublunun “kars”a salındığı və yenidən aclığa başladığı bildirilir Foto: Əziz Kərimov
25 Fevral 2026
Mətni dəyiş

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun cərimə kamerasına (“kars”) salınmasına etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə siyasətçinin qızı Nigar Həzi “Facebook” hesabında paylaşım edərək, vəkil Nemət Kərimlinin Tofiq Yaqublu ilə görüşdən sonra ona “kars” cəzası verildiyi və siyasətçinin aclığa başladığı barədə məlumat verdiyini yazıb.

“Bu gün Tofiq Yaqublunun zəng günü idi. Ancaq zəng etmədi. Vəkili onunla görüşüb və məlum olub ki, Tofiq Yaqublu 3 gündür ki, “kars”a salınıb. Hələ də oradadır. Onun barəsində İlham Əliyevin əmri ilə 7 sutka “kars” cəzası verilib. Guya Tofiq Yaqublu kamerada axtarışa mane olub. Halbuki keçən bazar günü biz görüşəndə demişdi ki, bir neçə gün qabaq kameraya yoxlamaya gəlmişdilər. Yoxladılar və getdilər”, - Nigar Həzi yazıb. 

Paylaşımda qeyd olunur ki, vəkil Nemət Kərimli Yaqublu ilə görüşdə onun “xeyli sınıxdığını” görüb. Nigar Həzi yazır ki, Yaqublu “əsassız yerə “kars”a salındığı üçün, qanunsuz məhkəmə hökmünə və ABŞ-nin Azərbaycandakı Səfirliyi - ABŞ administrasiyasının insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumduğuna görə aclıq aksiyasına başlayıb”.

“İlham Əliyev Vaşinqtonda üzləşdiyi gerçəkliyin heyfini Tofiq Yaqubludan və digər siyasi məhbuslardan çıxır. Bütün siyasi məhbuslara qarşı total sərt davranışlara keçmək əmri verilib. Tofiq Yaqubluya qarşı davranış İlham Əliyevin açıq qərəzi və qisasıdır!

İlham Əliyev Tofiq Yaqublunu həbsxanada öldürəcək. Bu, o qədər açıq görünür ki”, – siyasətçinin qızı vurğulayıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. 2025-ci il, martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib. Siyasətçi hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirib.

Ötən il dekabrın 19-dan bəri Ali Məhkəmə Tofiq Yaqublunun şikayəti üzrə yekun qərarı elan etməyib. Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən son prosesdə müşavirə üçün vaxta ehtiyac olduğu bildirilib və məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Tofiq Yaqublu uzun illərdir Əliyevlər hakimiyyətinin tənqidçilərindən biri kimi tanınır və müxtəlif illərdə dəfələrlə saxlanılıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun