SOCAR-ın Gürcüstandakı Kulevi terminalı Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinə salına bilər

SOCAR-ın Gürcüstandakı Kulevi terminalı Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinə salına bilər
12 Fevral 2026
Mətni dəyiş

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketinin layihəsində SOCAR-a məxsus Gürcüstanın Qara dəniz sahilindəki Kulevi Neft Terminalı da yer alıb. “Azadlıq Radiosu”nun yazdığına görə, tədbirin qüvvəyə minməsi üçün Aİ üzv ölkələrinin təsdiqi tələb olunur.

Layihədə Kulevinin qeyd olunması Aİ-nin son bir ildə sanksiyalardan yayınmada vasitəçilik iddiaları fonunda Azərbaycanla əlaqələndirilən qurumlara qarşı addımlarının davamı kimi qiymətləndirilir. Bu dəfə məsələ Gürcüstanla bağları da ön plana çıxarır.

2025-ci ilin sonlarında “Reuters” Rusiyanın “Russneft” şirkətinin Kulevi terminalına ilk neft yükünü çatdırdığını yazmışdı. Bu, Tbilisidə yerləşən “Black Sea Petroleum” şirkətinin terminalın gücünü artırmaq planları barədə xəbərlərlə eyni vaxta təsadüf edib.

“OC Media”nın məlumatına görə, “Black Sea Petroleum” 2022-ci ilin oktyabrında yaradılıb. “Transparency International”ın 2025-ci il hesabatında şirkətin sahibləri kimi Maka Astiani və Davit Potsxevria göstərilir. Müşahidə şurasında isə bir sıra keçmiş gürcü nazirlərin olduğu bildirilir. Rusiyanın “Proekt” nəşrinin araşdırması Astianinin oğlunu Rusiyanın GRU hərbi kəşfiyyatında yüksək vəzifəli məmur sayılan Vladimir Alekseyevlə biznes tərəfdaşı kimi təqdim edib.

Terminalın genişləndirilməsinin maliyyələşməsində Gürcüstan Dövlət İnvestisiya Fondunun 5 milyon dollarlıq yatırımı və üç kommersiya bankından (“Cartu Bank”, “Basisbank”, “Khaliqbank”) təxminən 45 milyon dollarlıq maliyyələşmə olduğu qeyd olunur. “Cartu Bank”ın hakim “Gürcü Arzusu” partiyasının qurucusu milyarder Bidzina İvanişvili ilə əlaqələndirilən biznes qrupu daxilində olduğu yazılır.

“OC Media” həmçinin 2025-ci ilin noyabrında “Formula TV”nin ABŞ qurumlarına aid məxfi materiallara istinadən Kulevi terminalının sanksiyalardan yayınma riskləri, o cümlədən neftin mənşəyini gizlətmək üçün yenidən etiketlənməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirdiyini yazır.

“Reuters”in məlumatına görə, Aİ Rusiyanın neft ixracına yardım göstərməkdə şübhəli bilinən Gürcüstandakı Kulevi və İndoneziyadakı Karimun kimi üçüncü ölkə limanlarını da hədəfə almağı təklif edib. Bu, Aİ-nin ilk dəfə üçüncü ölkədəki limanları sanksiya paketinə daxil etməsi kimi qiymətləndirilir.

Bundan əvvəl Türkiyədə SOCAR-a məxsus STAR neft emalı zavodunun da sanksiya siyahılarına salınması barədə məlumat yayılıb. Həmçinin beş Azərbaycan neft tankerinin “kölgə donanması” kimi qeyd olunan siyahılara daxil edildiyi bildirilir.

“OC Media”nın Avropa Xarici Fəaliyyət Xidmətindəki (EEAS) mənbələrə istinadla yazdığına görə, Azərbaycan tərəfi Rusiya nefti ticarətində vasitəçi imkanlarına təsir edən məhdudiyyətlərin yumşaldılması üçün Aİ qarşısında lobbiçilik etsə də, buna nail ola bilməyib və oxşar addımların Ermənistana şamil edilməməsindən narazılıq ifadə edib.

Layihədə, həmçinin, Rus bankının Ermənistan törəməsi olan “OJSC Unibank”ın da yer aldığı qeyd olunur. Qəbul edilərsə, bu, Aİ sanksiyalarına daxil edilən ilk erməni qurumu ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun