Siyasi məhbuslar Tramp administrasiyasına çağırış edib: “Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlayın, əməli addımlar atın”

Siyasi məhbuslar Tramp administrasiyasına çağırış edib: “Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlayın, əməli addımlar atın”
9 Fevral 2026
Mətni dəyiş

Azərbaycandakı bir qrup siyasi məhbus sayılan şəxs ABŞ Prezidenti Donald Tramp administrasiyasına və ABŞ Konqresinin üzvlərinə müraciət edərək ölkədə insan hüquqları vəziyyətinə diqqətin artırılmasını və “əməli addımlar” atılmasını istəyib.

Müraciətdə bildirilib ki, son illər Azərbaycanda jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, tənqidçi akademiklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib, media, ifadə və sərbəst toplaşma azadlıqları isə tam məhdudlaşdırılıb.

Müraciət müəllifləri qeyd edirlər ki, qərarlar “siyasi sifariş” əsasında verildiyindən yerli məhkəmələrdə məhbusların “elementar hüquqları” təmin edilmir, beynəlxalq məhkəmələrin qərarları da icra olunmur. Onların sözlərinə görə, hakimiyyət beynəlxalq çağırışlara məhəl qoymur və insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərə əməl etmir.

“Meydan TV”nin dərc etdiyi açıq məktubu olduğu kimi təqdim edirik:

“Biz, Azərbaycandakı siyasi məhbuslar, Sizə müraciət edərək diqqətinizi ölkəmizdəki insan hüquqları ilə bağlı acınacaqlı duruma çəkmək istəyirik.

Cənubi Qafqazın ən avtoritar ölkəsi olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur, bütün müstəqil media və vətəndaş cəmiyyəti fəalları, siyasi aktivistlər, tənqidçi akamediklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib. Ölkədə media, ifadə və sərbəst toplaşma azadlıqları tam məhdudlaşdırılıb.

Qərarlar siyasi sifariş əsasında verildiyindən yerli məhkəmələrdə məhbusların elementar hüquqları təmin edilmir, həmçinin beynəlxalq məhkəmələrin qərarları icra olunmur. Bununla yanaşı, Azərbaycan hakimiyyəti beynəlxalq çağırışlara məhəl qoymur, insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, əksinə, repressiv siyasətini hər gün daha da sərtləşdirir. Ölkə daxilində siyasi məhbusların hüquqlarını müdafiə edən şəxslər təyziqlərə məruz qalır. Bu da yeni həbslərə və ya fəalların ölkəni tərk etməsinə səbəb olur.

ABŞ-nin yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını və demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də Belarus və Venesueladakı ABŞ-nin siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək Sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa və əməli addımlar atmağa çağırırıq!”

Azərbaycanın hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı vahid siyahısı yoxdur. “Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq”ın məlumatına görə, hazırda ölkə həbsxanalarında 340 siyasi məhbus cəza çəkir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmi mövqeyə əsasən, siyasi məhbus siyahılarında yer alan şəxslər “sırf törətdikləri əmələ görə” mühakimə ediliblər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanda bu gün və sabah, Azərbaycanda isə fevralın 10-11-də olacaq. Bildirildiyinə görə, səfər Prezident Donald Trampın sülh səylərinin, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) təşviqinə yönəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun