Fevralın 16-da hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“Azadlıq Radiosu”nun məlumatına görə, əvvəlki iclasda Səfərovla prokuror arasında yaşanan gərginlikdən sonra bu dəfə məhkəmə heyəti onun vəkillərinin yanında deyil, şüşə kabində oturmasına qərar verib. Hakimlər qərarı əvvəlki iclasda baş verənlərlə əsaslandırıblar.
Səfərov bildirib ki, harada saxlanmasının onun üçün fərqi yoxdur. O, prokuror və hakimlər də daxil olmaqla hamının onun “siyasi sifarişlə” həbs olunduğunu bildiyini deyib:
“Elə danışırsınız, sanki axırda ədalətli hökm verəcəksiniz, mən də buradan çıxıb evimə gedəcəyəm. Heç olmasa, həqiqəti üzə çıxarmağa imkan verin, sizdən başqa gözləntim yoxdur. Məhkəmə başlanandan bircə dənə tutarlı dəlil ortaya qoyulmayıb. İki ildir dostlarımdan, ailəmdən təcrid olunmuşam. Mənim də psixoloji durumumu başa düşün”.
Hüquq müdafiəçisi vurğulayıb ki, bu gün başqalarının həbsi üçün “sifariş verən” və bunu icra edənlərin də “sabahı sığortalı deyil”. O, 1995–2000-ci illərdə baş prokuror olmuş, daha sonra bir sıra ölkələrdə səfir vəzifəsi tutmuş Eldar Həsənovun 2020-ci ildə həbsini xatırladıb və Həsənov məhkəmədə hüquqlarının pozulmasından şikayət edərkən onu hüquq müdafiəçisi kimi müdafiə etdiyini bildirib: “Həyatdır, sabah kimin harada olacağını bilmək olmaz”.
İttihama görə, Rüfət Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adı ilə 60 min manat alıb, lakin nə torpağı satıb, nə də pulu qaytarıb. İddia olunur ki, bu səbəbdən 2024-cü il dekabrın 3-də İmanquliyev Səfərovgilin yaşadığı binanın qarajına gəlib, pulunu tələb edəndə aralarında dava düşüb və nəticədə Səfərov ona xəsarət yetirib.
Səfərov isə saxlanıldığı günədək İmanquliyevlə heç vaxt görüşmədiyini, ondan pul almadığını bildirir. Onun sözlərinə görə, həmin gün qarajda maşından düşərkən bu şəxs qəfil ona hücum edib.
Səfərov və vəkilləri zərərçəkmiş qismində tanınan Natiq İmanquliyevin gəlirlərinin araşdırılması üçün vəsatət qaldıraraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilməsini istəyiblər.
Eyni zamanda, İmanquliyevin narkotik istifadəçisi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Narkoloji Mərkəzə də sorğu göndərilməsi tələb olunub. Səfərov bunu belə əsaslandırıb: “Mən özüm də müstəntiq işləmişəm, insanın davranışları onun haqqında çox şey deyir”.
Məhkəmə hər iki sorğunun göndərilməsinə razılıq verib.
Bu iclasda qarajın gözətçisi Eldar Hacıyev şahid qismində dindirilib. O, ifadəyə başlamazdan əvvəl Səfərovun ona belə dediyini bildirib:
“Eldar dayı, bilirəm, sizi iki gün aparıb saxlayıblar, incidiblər. Necə istəyirsiniz, elə də danışın, təki sizi incitməsinlər, məni düşünməyin”.
Hacıyev ifadəsində qarajda Səfərovla İmanquliyevin davasının şahidi olmadığını deyib. Onun sözlərinə görə, səs-küyə gəlib çatanda artıq polislər Səfərovu saxlamışdılar.
Şahid vəkil Rövşanə Rəhimlinin suallarını cavablayarkən əlavə edib ki, daha sonra dörd nəfər maskalı polis onu da maşına mindirib idarəyə aparıb və orada iki gün saxlayıblar.
Növbəti məhkəmə iclası martın 2-nə təyin edilib. Həmin iclasda Eldar Hacıyevin dindirilməsi davam etdiriləcək.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə - xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma ittihamları ilə təqsirləndirilir. Hüquq müdafiəçisi həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir.
Hüquq müdafiə təşkilatlarının son hesabatlarında Azərbaycanda 340 siyasi məhbusun olduğu bildirilir. Rəsmi qurumlar isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini bəyan edirlər.
Foto: Amerikanın Səsi