Polis zorakılığı videosuna şərh yazan vətəndaşlar kütləvi olaraq inzibati məsuliyyətə cəlb edilir

Polis zorakılığı videosuna şərh yazan vətəndaşlar kütləvi olaraq inzibati məsuliyyətə cəlb edilir
18 Fevral 2026
Mətni dəyiş

Fevralın 5-də polis zorakılığı ilə bağlı sosial şəbəkələrdə və yerli mətbuatda yayılan video ölkədə geniş müzakirələrə səbəb olub. Görüntülərdə polis əməkdaşlarının “qazi” kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etdiyi iddia edilirdi.
 
Daxili İşlər Nazirliyi (DİN) insidentlə bağlı açıqlamasında videodakı şəxsin qazi olmadığını bildirib. Nazirlik həmçinin “lazımsız güc” tətbiq etdiyi deyilən polis əməkdaşları barədə xidməti yoxlama aparıldığını və onların daxili işlər orqanlarından xaric olunduğunu açıqlayıb.
 
Bununla yanaşı, sosial şəbəkələrdə həmin videoya şərh yazan vətəndaşların da inzibati həbslərlə cəzalandırıldıqları barədə məlumatlar yayılıb.
 
“Abzas Media”nın əldə etdiyi məhkəmə qərarlarına əsasən, videonun yayıldığı 5 fevraldan sonra — 6–10 fevral aralığında müxtəlif rayon məhkəmələri bir neçə nəfəri İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi (qərarlarda əsasən 388-1.1 və 388-1.1.1 bəndlər göstərilir) ilə təqsirli bilərək inzibati həbs cəzası seçib.
 
Qərarlarda iddia olunur ki, həmin şəxslər sosial şəbəkə platformalarında paylaşılmış videonun şərh bölməsində polis əməkdaşlarının ünvanına “nalayiq ifadələr” yazıblar. Lakin məhkəmə qərarlarında söhbətin dəqiq hansı videodan getdiyi aydın göstərilmir. 
 
Məsələn, Siyəzən Rayon Məhkəməsi fevralın 6-da çıxardığı qərarla bir şəxsi “Instagram”da paylaşılmış videonun şərh bölməsində polis əməkdaşlarını təhqir edən ifadələr yazmaqda təqsirli bilib və ona 10 sutka inzibati həbs verib. Qərarda həmin şəxsin məhkəmədəki izahatında “Meydan Tv”nin “İnstagram” sosial şəbəkəsindəki hesabında paylaşılan videoda xəstə insan zənn etdiyi şəxsi polis əməkdaşlarının döydüyünü gördüyü, “videonun şərh bölməsində polis əməkdaşlarını təhqir edən nalayiq ifadələr” yazdığını dediyi bildirilib. Həmçinin şəxsin izahatında törətdiyi əməldan peşmanlıq hiss keçirdiyi də qeyd edilib.
 
Digər bir vətəndaş Yasamal Rayon Məhkəməsinin fevralın 7-də çıxardığı qərarla sosial şəbəkədə videonun şərh hissəsində polis əməkdaşlarının ünvanına söyüş və qeyri-etik ifadələr yazdığı əsas gətirilərək 15 sutka inzibati həbs edilib.
 
Həmin gün Xətai Rayon Məhkəməsi başqa bir iş üzrə də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədilməsi iddiası ilə 8 sutka inzibati həbs qərarı çıxarıb. Qərarda şəxsin məhkəmədə peşman olduğunu bildirməsi, həmçinin müharibə veteranı statusuna istinad edərək daha yüngül cəza istəməsi vurğulanır.
 
Yasamal Rayon Məhkəməsi fevralın 10-da çıxardığı başqa bir qərarda isə polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr yazıldığı iddia olunan rəyin müəllifi kimi tanınan şəxsi təqsirli bilib və 10 sutka inzibati həbs verib. Həmin işdə şəxs yazını özünün yazmadığını desə də, məhkəmə bu izahatı qəbul etməyib.
 
Qərarlarda əsas kimi göstərilən İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi internetdə “yayılması qadağan edilən informasiya”nın yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmələr bu tip işlərdə şərhlərdə işlədilən təhqir və söyüş məzmunlu ifadələri “ictimai mənəviyyatı təhqir edən” və “cəmiyyətə açıqca hörmətsizlik” yaradan məlumat kimi qiymətləndirərək cərimə əvəzinə inzibati həbs seçə bilirlər.
 
“Abzas Media”nın əldə etdiyi məhkəmə qərarlarının heç birində vətəndaşların konkret hansı ifadələrə görə məsuliyyətə cəlb olunduğu göstərilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun