“Meydan TV”nin həbsdə olan jurnalistləri Prezidentə müraciət edib: “Kürdəxanıdayıq, sizi gözləyirik”

“Meydan TV”nin həbsdə olan jurnalistləri Prezidentə müraciət edib: “Kürdəxanıdayıq, sizi gözləyirik”
25 Fevral 2026
Mətni dəyiş

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Ümüdova Prezident İlham Əliyevə açıq müraciət ünvanlayaraq müstəqil medianın fəaliyyətinə münasibətini sərt şəkildə tənqid ediblər və onu Bakı İstintaq Təcridxanasına görüşə dəvət ediblər.

15 aydır həbsdə saxlanıldıqlarını bildirən jurnalistlər müraciətlərində söz azadlığı, müstəqil medianın rolu və onlara qarşı irəli sürülən ittihamlarla bağlı mövqelərini ifadə ediblər.

“MeydanTV”nin dərc etdiyi müraciəti təqdim edirik.

“Prezident Əliyev, sizin görüşünüzə qapalı olsa da Azərbaycanda müstəqil jurnalistlər var, olub və olacaqlar!

Bizim müstəqilliyimiz hər cür zorakılığın və özbaşınalığın olduğu, qorxu rejimi yaratdığınız ölkədə ən təməl haqları tapdalanıb zülmə uğrayan xalqın yanındakı yerimizdir.

Müstəqilliyimiz sizi dəhşətə gətirən, söz azadlığına olan sədaqətimizdir. Hər cür yalan və manipulyasiya qarşısında qalxan kimi durub cəmiyyətə doğruları çatdırmağımızdır.
İşsizliyin və yoxsulluğun tüğyan etdiyi ölkədə “Yoxsulluq 5 faizdir”, “İnsanlar iş bəyənmir” kimi çıxışlarınızı öz süjetlərimizlə darmadağın etməyimizdir.

Həzm etmədiyiniz müstəqilliyimiz beynəlxalq legitimlik qazanmaq üçün “COP29” kimi tədbirlərə ev sahibliyi edərkən bizim “yaşıl” siyasətinizdən mazut qoxusu gəldiyini aşkara çıxarmağımızdır.

Söyüdlüdür bizim müstəqilliyimiz, cənab Əliyev.

Müstəqilliyimiz qaranlıqda boğmaq istədiyiniz bu yerdə ölkə insanının üz tutduğu alternativ səs olan “Meydan TV” kimi medianı ərsəyə gətirməyimizdir.

Nəhayət, əgər müstəqil media görmək istəyirsinizsə sizi 15 aydır qapadıldığımız 1 saylı Bakı İstintaq Təcridxanasına dəvət edirik. Dövlət televiziyasının canlı müşayiəti ilə bizimlə görüşmək üçün təcridxanaya gəlin.

Bu günədək bizim kameralarımızı özünüzə yaxın buraxmamısınız. İndi isə yerimiz sabitdir – Kürdəxanıdayıq, sizi gözləyirik”.

“Meydan TV işi” üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında həbs olunublar. Sonrakı aylarda isə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və foto-müxbir Əhməd Muxtar da iş üzrə saxlanılıb.

Əvvəlcə jurnalistlərə qaçaqmalçılıq maddəsi ilə ittiham verilib, daha sonra ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun