“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər barəsində məhkəmə zalında etiraz etdiklərinə görə akt tərtib edildiyi bildirilir.
“Meydan TV”nin yaydığı məlumata görə, sənəddə jurnalistlərin dövlət ittihamçısının çıxışına mane olduqları və şüşə qəfəsi döyəcləyərək səs-küy saldıqları qeyd olunub. Bildirilib ki, aktı gizir Turac Rəcəbov, kiçik gizir Tural Quliyev və mühafizəçi Babək Babayev tərtib edib.
Məlumata əsasən, saxlanılan jurnalistlərin əksəriyyəti sənəd tərtib edildikdən sonra izahat verməkdən imtina edib.
Jurnalistlər bildiriblər ki, etirazlarının səbəbi onların şüşə kabindən çıxarılmaması və vəkillərinin yanında əyləşmələrinə imkan verilməməsidir:
“Bu aktla məhkəmə zalında bizə qarşı eyni davranışların davam edəcəyinin mesajını verirlər. Növbəti proseslərdə də bizi şüşə qəfəsdən çıxarmasalar, çıxış etmək imkanı yaradılmasa və mikrofonlarımız söndürülsə, etirazlarımız davam edəcək”.
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda prokurorun ittihamları sonadək oxumasına etiraz edən jurnalistlər saxlanıldıqları kabinin şüşəsini döyəcləyiblər. Bildirilir ki, daha sonra hakim onların özlərini təqsirli bilməmələrini əsaslandırmalarına imkan verməyib və çıxışlarına mane olub.
Bundan sonra məhkəmə iclası yarımçıq dayandırılıb.