“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Azərbaycanda akkreditə olunmuş səfirlikləri və beynəlxalq nümayəndəlikləri məhkəmə proseslərini izləməyə çağıraraq müdafiə hüquqlarının pozulduğunu bildiriblər.
“Meydan TV”nin dərc etdiyi müraciətdə qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdə söz və müdafiə hüquqları məhdudlaşdırılır, hakim davranışları ilə ittiham tərəfinə üstünlük verir və bu səbəbdən beynəlxalq monitorinqə ehtiyac yaranıb.
Jurnalistlər xüsusilə Avropa İttifaqının Bakı ofisinin, ABŞ, Almaniya, Böyük Britaniya və Fransa səfirliklərinin nümayəndələrini prosesdə iştirak etməyə çağırıblar.
Müraciətdə bildirilir ki, müstəqil medianın olmaması və prosesin vizual işıqlandırılmaması müdafiə hüququnu məhdudlaşdırır:
“Prosesə sədrlik edən Aytən Əliyeva özünü əsəbləri yerində olmayan, dinləmə qabiliyyətindən məhrum şəxs kimi aparır, dövlət ittihamçısından başqa heç kimin söz demək haqqını tanımır. Hakim CPM-nin 81.2-ci maddəsinin tələblərini pozur. Bu maddəyə əsasən o, cinayət işinə ədalətlə baxılmasını təmin etməli və məhkəmə iclasında iştirak edən şəxslərin davranışına aid prosessual tələblərə əməl etməlidir. Hakim Aytən Əliyeva gözləyir ki, onun suallarına yalnız “hə” və ya “yox” cavabı verərək kifayətlənək. Hətta təhdid etməkdən də çəkinmir.
Qanunda şəxslərin özlərini təqsirli bilib-bilməməsi ilə bağlı münasibət bildirmək, əsaslandırmaq hüququ olduğu halda, Aytən Əliyeva həbsdə olan jurnalistlərə bu imkanı tanımır. Hətta bizim qanuni müdafiəçilərimizi belə danışmağa qoymur, davamlı olaraq “otur yerində”, “sus!” deyə insanların fikirlərini tamamlamağa imkan vermir, etirazlarla qarşılaşdıqda isə prosesi yarımçıq saxlayaraq zalı tərk edir. Bir sözlə, prosesi idarə edə bilməyən hakim Aytən Əliyeva CPM-nin 91.5.13 (etirazlar etmək və vəsatətlər vermək), 91.5.17 (təqsirli və ya təqsirsiz olduğunu bildirmək), 91.5.38 (məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlərə öz fikrini bildirmək), 91.5.39 (cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək) maddələrinin tələblərini pozur.
Azərbaycan rəsmiləri jurnalistlərin azadlığa buraxılması tələbi ilə olunan çağırışlara “hələ məhkəmə gedir, ədalətli qərar veriləcəyinə inanırıq” cavabını verir. Siz məhkəməyə gəlib monitorinq edərək görə bilərsiniz ki, sadə replika hüququna hörmət edilmədiyi bir məhkəmədən ədalət gözləmək sadəlövhlükdür.
Anlayırıq ki, bizimlə bağlı qərarları Aytən Əliyeva vermir və bu səbəbdən də bizi dinləməyi özü üçün vaxt itkisi hesab edir. Ancaq hakimiyyət tərəfindən qurulmuş bu tamaşa onun sədrliyi ilə legitimləşdirilir. İlk prosesdən yalnız dövlət ittihamçısı üçün şərait yaradan hakim bununla tərəfini bəlli edir, bizim səs hüququmuzu alır, hətta kobud rəftar edir.
“Meydan TV işi” üzrə həbs olunanların məhkəməsinin beynəlxalq aləm tərəfindən diqqətdə saxlanılmasını istəyirik və bütün səfirlikləri məhkəməmizə dəvət edirik”.
Fevralın 13-də keçirilən iclasda jurnalistlər prokurorun ittihamları sonadək oxumasına etiraz edərək saxlanıldıqları şüşə kabini döyəcləyiblər. Bundan sonra hakim onların çıxışına imkan verməyib və iclas yarımçıq dayandırılıb.
“Meydan TV işi” üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında həbs olunublar. Sonrakı aylarda “Arqument az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və foto-müxbir Əhməd Muxtar da iş üzrə həbs ediliblər.
Onlara əvvəlcə qaçaqmalçılıq maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir. Jurnalistlər ittihamları rədd edir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.