Fevralın 25-də “QHT işi” üzrə ittiham olunan ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baş tutan iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Vaxt məhdudiyyəti səbəbindən ittihamın tam oxunması başa çatdırılmayıb və proses növbəti iclasa saxlanılıb.
Mehriban Rəhimli sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, dövlət ittihamçısı təxminən bir saat ərzində 2008-ci ildən etibarən Azərbaycan Beynəlxalq Bankı vasitəsilə aldığı və bütün vergi və digər öhdəliklərini yerinə yetirdiyi maaş köçürmələrini ardıcıl şəkildə oxuyub.
“Düz bir saat ərzində dövlət ittihamçısı 2008-ci ildən bura Azərbaycan Beynəlxalq Bankına köçürmə ilə aldığım və bütün vergi və digər öhdəlikləri yerinə yetirdiyim maaşları sıra ilə oxudu. Boğazı qurudu, təntidi, bezdi. Vəkilim hamının bezdiyini görüb, mənə “ittiham aktının oxunmuş kimi” qəbul etmək hüququmuz olduğunu söylədi. Dedim xeyir, qoy, oxusun, qoy, gələnlər – jurnalistlər, diplomatlar bu divarlar içində dövlət adına nə rəzillik baş verdiyini görsünlər. İttiham aktını bitirməyə bugünkü iclas yetmədi. Qaldı gələn dəfəyə. Akt özü şedevrdir. Bircə nüansı indi deyirəm: sən demə, “ölkənin investisiya mühitinə külli miqdarda” ziyan vuran mən olmuşam. Allah öldürməsin məni, nəyəmmişəm mən”, – deyə Rəhimli qeyd edib.
Məhkəmə prosesi martın 18-nə təyin olunub. Növbəti iclasda Mehriban Rəhimlinin ifadə verəcəyi gözlənilir.
“QHT işi” üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.
“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkə xaricində olduqları üçün axtarışa verilib. Digər təqsirləndirilən şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi bildirilir.
İş üzrə təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bəyan ediblər.