DTX Qənimət Zahid, Fuad Qəhrəmanlı və Abbas Abbasov barəsində qiyabi həbs qərarı verildiyini açıqlayıb

DTX Qənimət Zahid, Fuad Qəhrəmanlı və Abbas Abbasov barəsində qiyabi həbs qərarı verildiyini açıqlayıb
12 Fevral 2026
Mətni dəyiş

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zayıdov), Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı və baş nazirin sabiq müavini Abbas Abbasov barəsində qiyabi həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.

DTX-nin yaydığı məlumatda iddia olunur ki, Qənimət Zahid 2013-cü ilin əvvəlindən etibarən AXCP sədri Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqələr yaradaraq danışıqlar aparıb. Qurumun iddiasına görə, həmin danışıqlarda Əli Kərlimlinin Azərbaycanda hakimiyyətə gətirilməsi üçün xarici xüsusi xidmət orqanlarının “geniş təşkilati və xüsusi imkanlarından” istifadə olunması müzakirə edilib və bunun müqabilində xarici dövlətin “strateji maraqlarının təmin ediləcəyi” vəd olunub. DTX həmçinin tərəflər arasında Əli Kərimlinin hakimiyyətə gələcəyi halda Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşma əldə edildiyini də iddia edib.

Məlumatda, eyni zamanda, 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən yürüşlə bağlı iddialar yer alır. DTX-nin bildirdiyinə görə, Əli Kərimli həmin yürüş zamanı Fuad Qəhrəmanlı və digərlərinə kiçik qruplar şəklində iştirakçılara qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını “təxribat xarakterli çağırışlarla” əvəzləməklə xaotik vəziyyət yaratmaq, Milli Məclisin və “Azərbaycan Televiziya və Radio Verilişləri”nin inzibati binalarını ələ keçirmək, habelə KİV vasitəsilə “hakimiyyətin ələ keçirilməsini” bəyan etmək barədə tapşırıqlar verib.

DTX-nin açıqlamasında bildirilir ki, cinayət əməllərində iştiraka görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, konstitusiya quruluşunun zorla dəyişdirilməsi) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Qurumun məlumatında Eldar Əmirovun CM-nin 32.5 və 278.1, Ramiz Mehdiyevin isə 193-1.3.2, 274 və 278.1-ci maddələri ilə məsuliyyətə cəlb edildiyi də qeyd edilir.

Açıqlamaya əsasən, Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan ərazisindən kənarda olduqları üçün barələrində axtarış elan olunub və məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

DTX-nin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zayıdov) və AXCP sədr müavini Fuad Qəhrəmanlı ilə bağlı səsləndirdiyi iddialara hər iki şəxsdən münasibət gəlib.

Qənimət Zahid yaydığı açıqlamada DTX-nin iddialarını inandırıcı saymadığını bildirib. O, Azərbaycan xüsusi xidmət orqanlarını “ən düşük ssenarilər üzrə ixtisaslaşmaqda” ittiham edib və “xarici xüsusi xidmət orqanları ilə dövlət çevrilişi planları” barədə yayılan məlumatları “köhnə hekayətlərin təzə modifikasiyası” kimi qiymətləndirib.

Zahid iddia edib ki, bu tip “hekayələr” hakimiyyətin gündəmi dəyişmək cəhdidir. Onun sözlərinə görə, məqsəd “xaricdəki bloqerlərin, xüsusilə də Mehman Hüseynovun yaratdığı gündəmi dəyişmək və arxa plana atmaq”dır.

“Amma onların bu nağıllarına inanan da elə onların ağlında olan şəxslər ola bilərlər”, - deyə o əlavə edib və daha geniş açıqlamalar verəcəyini bildirib.

AXCP sədr müavini Fuad Qəhrəmanlı isə DTX-nin yaydığı videoda onunla bağlı kadrların yer aldığını qeyd edərək, həmin materialın kontekstini izah etməyə çalışıb.

Qəhrəmanlının sözlərinə görə, 2019-cu ildə həbs olunarkən ağır işgəncələrə məruz qalıb və sonradan yayılan görüntülərdəki ifadəni də məhz bu şəraitdə, təhdid altında oxuyub. O iddia edib ki, işgəncədən sonra ona iki iynə vurulub və sonrakı məqamları tam xatırlamır. Daha sonra isə qarşısına iri hərflərlə yazılmış kağız qoyularaq oxuması tələb edilib.

Qəhrəmanlı bildirib ki, daha sonra müstəntiqə bu məsələni məhkəmədə inkar edəcəyini və işgəncə barədə danışacağını deyib. Onun iddiasına görə, müstəntiq bir neçə gün sonra gəlib və “istintaq materiallarında bu barədə heç nə olmayacağını” söyləyib.

“Bu, heç nəyi dəyişmir və mən öz yoluma davam edirəm”, – deyə Qəhrəmanlı əlavə edib və yayılan materialı ona qarşı təzyiq aləti kimi qiymətləndirib.

Fuad Qəhrəmanlı əlavə olaraq 2010-cu ilə aid olduğunu bildirdiyi bir görüşə də toxunub. Onun sözlərinə görə, Həsən Kərimov xəstə olarkən bir şəxsin xahişi ilə həmin adamla görüşüb, həmin şəxs də müalicə üçün nəzərdə tutulan pulu Türkiyəyə çatdırmağı istəyib. Qəhrəmanlı bildirib ki, pulu aparıb Həsən Kərimova təqdim edib və həmin vəsaitlə müalicəyə gedib.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ötən il, oktyabrın 14-də saxlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Oktyabrın 31-də "Hurriyyet TV"nin rəhbəri Vüqar Məmmədov, noyabrın 3-də AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov da Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs ediliblər.

Noyabrın 29-da AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim saxlanılıblar. Saxlanılmadan sonra hər iki şəxsin evində axtarış aparılıb.

Hökumətyönlü media saxlanılmaların və axtarışların Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən Ramiz Mehdiyev işi ilə əlaqəli olduğunu yazıb.

AXCP sədri Əli Kərimli daha əvvəl Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi barədə iddiaları “tamamilə əsassız” adlandıraraq ittihamları qəti şəkildə təkzib edib. Partiya rəhbərliyi baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirir.

Bu il, fevralın 9-da onların hər birinin həbs müddəti daha 4 ay uzadılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun