Donald Tramp “ölkənin vəziyyəti haqqında” çıxış edib: “Amerikanın qızıl dövrü başlayıb”

Donald Tramp “ölkənin vəziyyəti haqqında” çıxış edib: “Amerikanın qızıl dövrü başlayıb”
25 Fevral 2026
Mətni dəyiş

ABŞ Prezidenti Donald Tramp Konqresdə “Ölkənin vəziyyəti haqqında” çıxış edib. Bu, onun ikinci prezidentlik müddətində ilk belə nitqi olub.
 
Tramp çıxışına ABŞ-nin Müstəqillik Bəyannaməsinin elan olunmasının 250 illiyi fonunda “Amerikanın qızıl dövrünün başladığını” deməklə başlayıb. 

Prezident daha sonra administrasiyasının bir il ərzində əldə etdiyini iddia etdiyi nəticələri sadalayıb: Meksika ilə sərhədin “bağlandığını”, inflyasiyanın azaldığını, ABŞ-nin “dünya üzrə düşmənlərinin qorxudulduğunu”, ölkəyə narkotik axınının məhdudlaşdırıldığını, qətl səviyyəsinin endiyini, benzin qiymətləri və ipoteka faizlərinin düşdüyünü, fond indekslərinin artdığını, neft-qaz hasilatının yüksəldiyini bildirib. Tramp ABŞ-ni “dünyanın ən güclü ölkəsi” adlandırıb.

Trampın çıxışında daxili siyasətlə bağlı digər iddialar da yer alıb: “tarixdə ən böyük vergi endirimi”, dünyanın əksər ölkələrinə ticarət rüsumlarının tətbiqi, tibbi sığorta islahatı, immiqrantlara peşəkar sürücülük vəsiqəsi verilməsinin qadağan edilməsi və s.
Beynəlxalq siyasətə keçən Tramp, bir il ərzində “səkkiz müharibəni bitirdiyini”, o cümlədən Qəzzadakı müharibənin başa çatdığını söyləyib. O, elçiləri Stiv Uitkoff və Cared Kuşnerin səyləri nəticəsində İsrailə bütün girovların - “həm diri, həm də ölü” qaytarıldığını bildirib.

Rusiya–Ukrayna müharibəsi barədə danışarkən Tramp müharibənin “o, prezident olsaydı başlamayacağını” təkrarlayıb və bu müharibədə ayda 25 min hərbçinin öldüyünü iddia edib. O, müharibəni bitirmək üçün səylərini davam etdirdiyini də qeyd edib.

Tramp ötən yay İrana qarşı həyata keçirilən əməliyyatı “uğurlu” qiymətləndirib. Onun sözlərinə görə, hazırda ABŞ İranla məsələni diplomatik yolla həll etməyə üstünlük verir, lakin Tehrandan nüvə silahından imtina ilə bağlı zəmanət almayıb. Tramp onun fikrincə, “terrorizmin dünyada ən böyük sponsoru olan İrana nüvə silahına sahib olmağa heç vaxt imkan verməyəcəyini” deyib.

Çıxışda Venesuela ilə bağlı da iddialar səslənib. Tramp Venesuela Prezidenti Nikolas Maduronun “qaçırılması” ilə nəticələnən hərbi əməliyyatı yüksək qiymətləndirib və bunun ABŞ təhlükəsizliyi üçün “genişmiqyaslı qələbə” olduğunu söyləyib. O, hakimiyyət dəyişikliyindən sonra ölkəyə rəhbərlik etdiyini dediyi Delsi Rodriqeslə yeni iqtisadi əməkdaşlıq dövrünün başladığını da bəyan edib. 

Demokratların cavab nitqində Virciniya qubernatoru Ebigeil Spenberqer Trampın real həllər təklif etmədiyini, əksinə problemlərin bir qismini dərinləşdirdiyini deyib. O, Trampı “yalan danışmaqda, günah keçisi axtarmaqda və diqqəti yayındırmaqda” ittiham edib, xüsusən immiqrasiya siyasətinin ailələri ayırdığını vurğulayıb. Spenberqer çıxışını Corc Vaşinqtonun son prezident nitqinə istinadla bitirərək, “insanları birləşdirməyən, bölən hiyləgər şəxsin” hakimiyyətə gəlməsi təhlükəsi barədə xəbərdarlığı xatırladıb və Vaşinqtonun amerikalıların “doğru olanı etmək” qabiliyyətinə inandığını qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun