Cəmil Həsənli: “Rejim istəyir ki, həm korrupsiya ilə məşğul olsun, həm də heç kəs ona “korrupsioner” deməsin”

Cəmil Həsənli: “Rejim istəyir ki, həm korrupsiya ilə məşğul olsun, həm də heç kəs ona “korrupsioner” deməsin”
2 Fevral 2026
Mətni dəyiş

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli “Abzas Media”ya müsahibəsində sovet repressiya mexanizmləri ilə müasir dövrün siyasi təqib praktikasını müqayisə edir, azad sözün və müstəqil medianın hədəfə çevrildiyini deyir. Onun fikrincə, “37-ci il” yalnız keçmişin tarixi deyil, müxtəlif formalarda bu gün də işləyən “canlı mexanizm”dir.

Cəmil Həsənli hesab edir ki, müasir repressiya müstəqil sözün “ağzına qıfıl vurmaqla” yanaşı, cəmiyyətdə qorxuya deyil, “yarınma” və imtiyaz axtarışına söykənən yeni davranış modeli də formalaşdırıb.

Cəmil Həsənlinin “Abzas Media”ya müsahibəsini təqdim edirik.

- Cəmil müəllim, 30-cu illərdə fəallar necə susdurulurdu?

30-cu illərin istintaq metodları ilə hazırkı metodlar arasında müəyyən qədər fərqlər var. Birincisi, son illərdə işgəncə texnologiyaları çox inkişaf edib. 37-ci ildə bu qədər işgəncə texnologiyası yox idi. 37-ci ildə, əsasən, dəyənəkdən, yumruqdan, şillədən, təpikdən istifadə edilirdi. İndi xüsusi alətlər var, döymək və işgəncə alətləri var. Məsələn, 37-ci ildə məhbusların və yaxud da ki, istintaq altında olan adamların bədənlərinə elektrik cərəyanı vermək kimi bir hal müşahidə edilmirdi. Ən azından bu, sənədlərdə öz əksini tapmayıb. Yaxud insanların içki şüşəsi ilə zorlanması kimi bir hal 37-ci il sənədlərində öz əksini tapmayıb. Halbuki bunlar son illərin istintaq materiallarında “adi hal” kimi qeyd olunub.

37-ci ilin qanunvericiliyi ilə indiki qanunvericilik arasında fərqlər var. 37-ci ildə Xalq Daxili İşlər Komissarlığı müstəntiqlərə işgəncə yolu ilə gərəkli ifadəni almağa icazə verirdi. Yəni, bunu 37-ci ildə qanuniləşdirmişdilər. Hazırda bu, qanunla qadağan edilir və ciddi qanun pozuntusudur, cinayət tərkibi yaradır.

Bəzən deyirlər ki, 37-ci ildə insanlar özlərinin əleyhinə, yaxud tanıdıqları müxtəlif adamların əleyhinə ifadə verirdilər. Bu, işgəncə gücünə olurdu və həmin işgəncələr də qanuniləşdirilmişdi. Yəni, müstəntiqlər bilirdilər ki, bu işgəncəni verməyə görə onlar qanun qarşısında cavabdeh deyillər. Buna baxmayaraq, Stalinin şəxsiyyətə pərəstişi tənqid edildikdən sonra - 20-ci qurultaydan sonra - 56-cı ildə bu məsələlər üzə çıxdı və hüquq-mühafizə orqanlarında, təhlükəsizlik orqanlarında çalışan və məhbuslara işgəncə verən xeyli adam həbs edildi, tutduqları vəzifələrdən azad edildi və aldıqları rütbələrdən məhrum edildilər.

Hazırkı dövrdə biz bu işgəncələrə görə xüsusi təltiflər alındığının, rütbələrin artırıldığının şahidi oluruq. 37-ci ildə insanlar həbs ediləndə 2-3 nəfər uzun, qara plaş geyinmiş, başında şlyapa olan adamlar üzlərini bağlamadan gəlirdilər həbs etməyə, amma indi çoxlu sayda maskalı tökülür bu axtarışları aparmaqdan ötrü.

Yeri gəlmişkən, 37-ci ildə ev axtarışları daha qanunauyğun aparılırdı, nəinki indi. 37-ci ildə evə pul, qiymətli əşyalar, yazı materialları atmaq kimi bir şeylər yox idi. Axtarış faktiki olaraq evlərdə nəyin olub-olmamasını müəyyən etmək üçün idi və tapılan bütün əşyalar, yaxud çap materialları aktlaşdırılırdı və götürülürdü.

Amma indi, məsələn, pul, ya narkotik maddə qoyurlar və yeri gəlmişkən, ümumiyyətlə narkotikdən 37-ci ildə bir vasitə kimi istifadə edilmirdi. Yəni, Sovet hökuməti kimi bir avtoritar, totalitar hakimiyyət öz vətəndaşının cibinə narkotik qoyub həbs etməyi özünə sığışdırmırdı. Hətta bir fakt deyim sizə ki, Güney Azərbaycanda Maarif naziri Məhəmməd Biryan 21 Azərbaycan hərəkatından sonra - 47-ci ildə Sovet Azərbaycanına gətirilmişdi.

Burada onun bir sıra antisovet çıxışları var idi. İrandan gəlməyinə və qəlyan çəkməyinə baxmayaraq, onu həbs etməkdən ötrü üç ay Moskva KQB-si ilə Bakı KQB-si yazışdılar ki, “bunu necə tutaq”.

Yəni, heç kəsin ağlına onun cibinə, ya evinə narkotik maddə atıb tutmaq gəlmədi. Son anda antisovet şeirlərini çoxaldıb indi “Tarqovı” deyilən, adamların çox olduğu yerdə birinin cibinə qoydular və hal şahidlərinin iştirakı ilə çıxardılar, aktlaşdırdılar, onu tutdular. İndi faktiki olaraq narkotik Azərbaycan hüquq sisteminin sifətinə çevrilib.

Yəni, istənilən adamı narkotik ilə tuta bilərlər. Bir mühüm fərq də var, onu da qeyd edim. Əlbəttə, 37-ci ildə də “vətən xainlərinə” qarşı, Sovet hökumətinin düşmənlərinə qarşı kampaniyalar gedirdi və bu kampaniyalarda iştirak edənlərin böyük əksəriyyəti qorxu sindromu üzərində qurulmuşdu.

Bu “üzə durmalar”, ondan sonra bu kampaniyadakı çıxışların böyük bir hissəsi sistemin qorxusundan irəli gəlirdi. İndiki dövrdə bu, daha çox rejimə yarınmaq, yaltaqlanmaq, hansısa imtiyazı əldə etmək zərurətindən irəli gəlir.

Məsələn, son həbslərdə bu qədər aktiv “üzə duranlar”, hal şahidləri, mətbuat orqanlarının təmsilçiləri ki var, bunlar sadəcə olaraq müxtəlif orqanlardan tapşırıq alırlar və müxtəlif orqanların hazır materiallarını dərc edirlər və onun ətrafında kampaniyalar aparırlar.

İndi Zərdabinin 150 illiyi ilə bağlı medal paylayırlar. Hərçənd, biçarə Zərdabi öz fəaliyyəti dövründə heç bir yerdə medal almamışdı, məqsəd və məramı da millətə xidmətdən ibarət idi. Bu ordeni, medalı alanların böyük əksəriyyəti rejimə xidmət edən adamlardır, yəni, rejimin tapşırıqlarını yerinə yetirən adamlardır.

37-ci ildə dövlət mətbuatı var idi: məsələn, “Kommunist” qəzeti, “Bakinski–Raboçi” qəzeti, “Gənc işçi” qəzeti var idi. Sonra o, “Azərbaycan gəncləri” oldu. “Revolyusiya və kultura” jurnalı var idi, sonra oldu “İnqilab və mədəniyyət” jurnalı. Bunlarla Daxili İşlər Komissarlığı kampaniyalar aparırdı. Məsələn, kimisə tutmaq istəyəndə, qabaqcadan müxtəlif kampaniyalar aparırdılar. Həmin dövrdə mətbuat repressiyalar üçün “hazır hal şahidi” funksiyasını yerinə yetirdiyi kimi, təəssüf olsun ki, indi də azad media olmağa iddialı olan media qurumları həmin funksiyanı yerinə yetirirlər. Məsələn, “Yeni Müsavat” qəzeti, “APA” İnformasiya Agentliyi, ya “Qafqazinfo”... Mən onların hamısını sadalamaq istəmirəm. Elə hamısı 37-ci ilin işini və əməllərini davam etdirən media qurumlarıdır.

Düzü, onlara media qurumu da demək bir az düzgün çıxmır. Çünki media özündə müəyyən bir dəyəri ehtiva edir.

İranda, bilirsiniz də, qəzetlərə “ruznama” deyirdilər. Bunlar isə ruznama yox, “ruzinamələrdir”. Bu yolla adamlar dolanışıq əldə edirlər, ruzi qazanırlar.

Əlbəttə, oxşar və fərqli cəhətlər çoxdur. Həmin dövrdə, məsələn, Azərbaycan Sovetlər tərkibində idi. Sovet İttifaqında gedən ümumi repressiya prosesi Azərbaycanda da öz əksini tapırdı. Repressiya necə idi? Sovet İttifaqı bir zəngli saat kimi idi. O zəngli saatın içərisində olan bütün çarxlar fırlanırdı və Azərbaycan da onun içərisində idi.

İndi Azərbaycan müstəqildir və müstəqillik dövründə biz artıq deyə bilmərik ki, bu həbslər Moskvadan, ya hansısa başqa xarici ölkədən gəlir. Nəhayət, biz repressiyanın da müstəqilliyini əldə etdik. “Abzas Media”, “Toplum TV”, “Meydan TV”, “Kanal 13”dən də bir neçə nəfər həbs edildi.

Bu, nədir? Bu, mətbuatın susdurulmasıdır. Məsələn, 37-ci ildə azad mətbuat yox idi və mətbuatın susdurulması kimi də bir şey yox idi. “Kommunist” qəzeti də, “Bakinskiy raboçi” də gündəlik çıxırdı, repressiyanın təbliğatını aparırdılar.

Amma o müstəqilliyin ən mühüm atributlarından biri olan azad söz müasir repressiya prosesində əsas hədəfə gələn alətə çevrildi. Bu da müstəqil mətbuatın məhv edilməsi, müstəqil sözün ağzına qıfıl vurulması, söz üstündə adamların həbs edilməsi və sairədən ibarətdir. Məsələn, 37-ci ildə qeyri-hökumət təşkilatı deyilən bir şey yox idi. Amma indi qeyri-hökumət təşkilatları var və 2014-cü ildən başlayaraq da onların hamısını sıradan çıxardılar.

37-ci ildə, məsələn, bugünkü kimi xaricdə olan mühacirlərə qarşı üsullardan istifadə etmək mümkün deyildi. Məsələn, onlara qarşı təbliğat kampaniyası aparılırdı. Dövlət təhlükəsizlik orqanları onlarla iş aparmaq və yaxud onlara qarşı hansısa terror əməliyyatını həyata keçirmək üçün xaricə xüsusi adamlar göndərirdi. Amma 37-ci ildə belə bir təcrübə yox idi ki, mühacirlərə qiyabi hökmlər kəsilsin, onlar azadlıqdan məhrum edilsin, onların işi məhkəməyə çıxarılsın. Yeri gəlmişkən, həmin ənənə faşist Almaniyasında var idi. Faşist Almaniyasında 30-cu illərdə xeyli azadlıqsevər insan ölkəni tərk eləmişdi və faşist məhkəməsi, faşist istintaq orqanları onlara qarşı qiyabi hökmlər çıxarırdılar. Sonra o hökmləri çıxaranların böyük bir hissəsi məhkəmə qarşısında cavab verməli oldu.

Bilirsiniz, biz 37-ci ilə daha çox bir tarix kimi baxırdıq. Amma son hadisələr göstərdi ki, 37-ci il tarix deyil, fəaliyyət göstərən bir prosesdir. Yəni, biz deyirik ki, 37 təkrar olunur. Bu, təkrar deyil. Bu, elə 37-ci ilin özüdür ki, hazırda davam edir.

Bir müddət sanki 37-ci il “mumyalanmış” bir şey idi. Əlverişli şərait yaranan kimi o “mumyanın” donu açıldı və yenidən 37-ci il ictimai həyata qədəm qoymağa başladı. Bu, son dərəcə fəlakətli bir hadisədir.

Məsələn, Azərbaycan televiziyalarında müəyyən reklamlar gedir. Onlar mənim üçün çox maraqlıdır. Səhv etmirəmsə, “ARB TV” kanalında gedirdi. 2-3 dəqiqəlik bir reklam idi. Bir aparıcı Azərbaycanın keçmişi barədə danışır. Nə bilim Babək, Cavanşir, Koroğlu oradan gəldi, dağ-düz belə getdi, müstəqillik və sonra da Qarabağın azad edilməsi və s. Son nəticə, ümumiləşdirmə nədən ibarətdir? Axırda bir cümlə var: “Biz hamımız dəmir yumruğun ovcuna sığınanlarıq”.

Bu, son dərəcə dəhşətli bir mənzərədir. Yəni, bu, “dəmir yumruğun ovcuna sığınmağın” nəticəsidir ki, artıq 6 ildir ölkənin quru sərhədləri qapalıdır. 6 ildir ki, bu “dəmir yumruq” ölkənin başının üzərində bir dəmir kabus kimi görünür. Yəni, əslində, bu “dəmir yumruq” repressiyanın ən mühüm alətinə çevrilib.

  • İstəyərdim təkcə 1937-ci ilə yox, Sovet hökumətinin ümumi tarixinə fokuslanaq. Aydın Vəliyev kitabında yazırdı ki, 20-ci illərin əvvəllərində, Sovet hökuməti yeni gələndə, mühacirətə getmiş azərbaycanlı media mənsubları qorunmaq üçün digər ölkələrə sığınmış və hətta müqavilələr imzalanmışdı. Bəs o zaman Sovet hökuməti bu insanlara çatmaq üçün hansı yollardan istifadə edirdi?

-20-ci illərin əvvəlində sovetləşmədən sonra bir mühacirət dalğası başladı. Rəsmi hökumət üzvləri, məmurlar, jurnalistlər, müəyyən ziyalılar mühacirət etməli oldular. Bu mühacirətin birinci dalğası Avropada fəaliyyət göstərən Azərbaycan Paris sülh konfransındakı heyət idi ki, onlar sovetləşmədən sonra ölkəyə qayıda bilmədilər. Onlar Azərbaycan siyasi mühacirətinin birinci dalğası idi. Tələbəbələr göndərilmişdi xaricə, onların bir hissəsi vətənə qayıda bilmədi. Azərbaycandan Türkiyə və İrana gedən mühacirlər idi ki, onların da bir hissəsi 20-ci illərin əvvəllərində getmişdilər. Bu, uzunmüddətli bir proses idi.

İkinci dalğa, məsələn, kollektivləşmə dövründə başlamışdı, 20-ci illərin sonlarında və 30-cu illər ərzində bu mühacirət dalğası genişlənmişdi. Onlar əvvəlcə Türkiyəyə getdilər. Türkiyə ilə Sovet İttifaqı arasında 1921-ci il 16 mart müqaviləsi var idi. Orada belə bir maddə var idi ki, tərəflər öz ölkələrində bir-birinə qarşı - yəni, Türkiyədə Rusiyaya qarşı, Rusiyada Türkiyəyə qarşı - fəaliyyət göstərən siyasi təşkilatlara, partiyalara, cəmiyyətlərə şərait yaratmamalıdırlar, bunun qarşısını almalıdırlar.

Ona görə də Türkiyədə olan Azərbaycan mühacirləri 20-ci illərin ikinci yarısında - 28-29-30-cu illərdə Türkiyəni tərk etməli oldular, müxtəlif Avropa ölkələrinə getdilər. Sovet İttifaqı onlara qarşı mübarizədə hansı üsullardan istifadə edirdi? Birinci növbədə təbliğatdan istifadə edirdi və ölkə içərisindəki mətbuat orqanlarında onlar haqqında böhtan xarakterli yazılar verir, cəmiyyətdə pis rəy yaradırdılar.

Məsələn, Azərbaycan milli hökumətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə haqqında dəfələrlə mətbuatda böhtan xarakterli yazılar getmişdi, yazışmalar var idi.

Onun 23-cü ildə “Azərbaycan Respublikası” kitabı çıxanda bu kitaba qarşı çox kəskin kampaniya başladı və hətta Stalin özü Bakıdakı rəhbər bolşeviklərə göstəriş verdi ki, Rəsulzadəni hansı məsələlərdə “ifşa etmək” olar. O, 7-8 tezis yazmışdı ki, “siz əgər bunları irəli sürsəniz, Rəsulzadənin ictimai fikrə təsirinin qarşısını ala bilərsiniz”.

Əlbəttə, həmin dövrdə ciddi məsələlərdən biri mühacirlərin sovet quruculuğuna mane olmaq, sovet quruculuğunu gözdən salmaqla bağlı fəaliyyəti idi. Məsələn, indiki mühacirətdən fərqli olaraq, 20-ci illərin mühacirəti daha çox dövlət xadimləri və ziyalı zəminində olan mühacirlər idi. Adamların qələm təcrübələri var idi, siyasi təcrübələri var idi, onlar müxtəlif ölkələrin rəhbərlərinə müraciət edirdilər, müxtəlif mətbuat səhifələrində çıxış edirdilər.

Məsələn, Türkiyədə və Avropada Azərbaycan mühacirlərinin nəşr etdikləri mətbuat orqanlarının, demək olar ki, hamısı keçmiş KQB-nin arxivində var. Onlar o mətbuat orqanlarını gətirirdilər.

Ya da bir az əvvəl qeyd etdiyim Rəsulzadənin kitabı İzmir kitab sərgisində mükafat qazanmışdı və təcili olaraq rus dilinə tərcümə olunmuşdu, bir surəti Stalinə göndərilmişdi. Qafqazda fəaliyyət göstərən bolşeviklərin hamısının çantasında o kitabdan bir nüsxə var idi. Ona görə də burada bu təqiblər daha çox Sovet quruluşuna qarşı olan münasibətin qarşısını almaqdan ibarət idi.

Son 10 ildə də kifayət qədər çox sayda ölkədən gedənlər oldu və müəyyən yaş həddi çərçivəsində kimi dindirirsən, elə bir məqam axtarır ki, bir şərait yaransın, ölkədən çıxa bilsin. Yəni, ölkənin intellektual potensiala malik olan gənc nəslinin ölkədən çıxması elə də yaxşı bir şey vəd etmir.

Ona görə də xaricdə fəaliyyət göstərən müxtəlif media qurumları var, bloqerlər var, internet televiziyaları var və buradakı çıxışlar. Əlbəttə, bu, hazırkı avtoritar, totalitar, kleptokratik, korrupsioner rejimi narahat edir. Bunlar istəyirlər ki, həm korrupsiya ilə məşğul olsunlar, həm də heç kəs bunlara “korrupsioner” deməsin.

İndiki dövrlə ozamankı dövrün ən böyük fərqi ondan ibarətdir ki, indi internet çox böyük imkanlar yaradıb. Məsələn, o dövrdə ən yaxşı halda 40-cı illərdən sonra radio çıxışları olurdu. Ayrı-ayrı qəzet səhifələrində öz fikirlərini ifadə edirdilər, amma son illərdə əslində dünyada baş verən inqilabların ən böyüyü internet inqilabıdır. İnternet xəbər və media, informasiya məsələsində o qədər böyük texnoloji yeniliklər edib ki, onun qarşısını almaq faktiki olaraq mümkün deyil. Məsələn, ölkədə qəzetləri bağladılar, saytları blokladılar, internet televiziyasını blokladılar. Amma buradan bloklayırlar, oradan informasiya daxil olur. Yəni, bu, qarşısı alınmaz bir prosesə çevrilib.

Əliyev ölkədə mətbuatın qapadılmasını başa çatdıranda sanki böyük bir uğur qazandığını zənn edirdi. Amma, sən demə, bu, onun “Pirr qələbəsi” imiş. Çap mətbuatın qapanması əvəzində sosial media yarandı. Sosial medianın xəbər yayma potensialı, oxucuya çatma imkanları çap mediasından dəfələrlə artıq idi.

Ona görə də ölkənin içərisində mediada fəaliyyət göstərən informasiya vasitələrinin ictimai fikrə heç bir təsiri yoxdur. Çünki bütün informasiya yalan üzərində qurulub.

  • Sovet dövründə azad media yox idi və onlara qarşı təzyiq də yox idi. Amma siyasi fəallar var idi və onlara dissidentlər deyirdilər. Onları sürgünə yollayırdılar, psixiatrik xəstəxanalara qapadırdılar. Bunlardan başqa hansı yollarla onları susdurmağa çalışırdılar?

-Sovet dissidentləri üçün, Sovet “yadfikirləri” üçün KQB-nin işləyib hazırladığı xüsusi layihələr var idi. Rusiyada dissidentlərə paytaxt şəhərdə yaşamağa icazə vermirdilər. Çünki paytaxt şəhərlərində xaricilər çox idi, onlarla əlaqəyə girə bilərdilər.

Böyük alimlər, akademiklər Moskvadan kənarda - məsələn, Qorkidə, ayrı yerlərdə - yaşayırdılar, daimi nəzarət altında yaşayırdılar.

Dövlət təhlükəsizliyi orqanlarının nəzarəti var idi və demək olar ki, həyatlarını qorxu içərisində yaşayırdılar. Hər dəfə KQB və milis işçiləri yedəkli motosikletləri ilə ildə bir-iki dəfə onları mindirib harasa aparırdılar “islah etməkdən” ötrü.

1963-cü ilin noyabrında, Sumqayıtda böyük bir antisovet çıxış oldu. Antisovet çıxışı nə idi? İnsanlar sovet rəhbərliyinin yeritdiyi siyasətdən narazı idilər. Çünki 1962-1963-cü illərdə artıq aclıq başlamışdı, çörək növbələri başlamışdı. İnsanlar gecədən gedib çörək növbəsinə dururdular və ölkə bütünlüklə xof içərisində idi. Sabaha heç bir ümid yox idi. 1963-cü ilin 7-8 noyabr nümayişlərində bir dəstə adam Sumqayıtda nümayişin keçirildiyi tribunaya hücum etdi. Partiya rəhbərlərinin portretlərini, Xruşşovun, politbüro üzvlərinin hamısının şəkillərini dağıtdılar. Amma yerinə nə gətirib qoydular? Stalinin portretini. Yəni, bu, özü də “ədaləti Stalində axtarmaq” idi. Halbuki Sovet İttifaqındakı ədalətsizliyin mənbəyi elə Stalindən gəlirdi.

Amma bütün hallarda Sovet İttifaqında dissidentçilik, azadfikirlilik var idi. Düzdür, bizdə Heydər Əliyev belə bir tezis irəli sürmüşdü ki, “ən böyük dissident mən özüm idim. Ona görə Azərbaycanda dissidentlər olmayıb”. Amma elə deyil, Azərbaycanda dissidentlik olub.

Azərbaycanda hələ 50-ci illərdə “İldırım” təşkilatının gəncləri həbs edilmişdilər. Daha demokratik bir quruluş, ya Azərbaycanı SSRİ-dən ayırmaq kimi bir ideya ilə Səməd Vurğuna məktub yazmışdılar. Məktub dövlət təhlükəsizliyi orqanlarının əlinə keçmişdi və onlar həbs edilmişdilər.

70-ci illərdə ayrı-ayrı dissidentlər var idi. Məsələn, Rafiq Turabxanoğlu 70-ci illərin dissidentlərindən idi və yeri gəlmişkən, həmin o psixiatriya xəstəxanasına yerləşdirilənlərdən biri də o idi. Nadir Ağayev də dissident idi.

Əbülfəz Elçibəy də həmin o dissidentlərdən idi. Amma taleyin böyük ironiyası ondan ibarət idi ki, Sovet dövrünün dissidenti Rafiq Turabxanoğlu müstəqillik dövründə gedib YAP-a qoşuldu.

Yaxud Nadir Ağayev kimi davamlı bir dissident rayon icra hakimiyyətinin 5–6 müavinindən biri olmaqla o dissidentlik bioqrafiyasına xal salmış oldu.

  • Azərbaycanda müstəqil mətbuatın 85-ci ildən sonra yarandığını deyə bilərikmi? O dövrdə samizdat (red.: Sovet İttifaqı və Şərq Blokunda rəsmi senzura və qadağaları aşmaq üçün müəlliflərin daktilo (yazı maşını) və ya əl ilə çoxaldıb gizli şəkildə yaydığı qeyri-rəsmi ədəbiyyat, mətnlər və jurnallar) qəzetlər yaranmağa başladı. Məsələn, “Yeni Müsavat” qəzetinin özü də samizdat qəzetidir və onlar gizli çap edirdilər. Yəni, milli azad mətbuat o dövrdə pöhrələnməyə başladı. Sovet hökuməti onlara qarşı nə edirdi?

-Bilirsiniz, 80-ci illərin ikinci yarısında artıq sistem bir az zəifləmişdi. Aşkarlıq, yenidənqurma, onun fonunda gedən müəyyən proseslərdə söz azadlığı axtarışları var idi. Bunu biz 80-ci illərin birinci yarısı ilə, 70-ci illərlə, 60-cı illərlə müqayisə edə bilmərik. Məsələn, bizim tələbəlik dövründə tələbələr “Gülüstan müqaviləsi”nin ildönümü ilə bağlı qəzetlərdən hərfləri kəsmişdilər. Onları bir-bir yapışdırmaqla sözlər düzəltmişdilər və qəzet yapışdırmışdılar. Düzdür, o qəzet bir neçə saat qaldı fakültənin divarında. Amma bu, ilk cəhd idi.

50-ci illərdə və 60-cı illərin əvvəllərində xarici radio stansiyalarına qulaq asanları təhlükəsizlik orqanları müəyyən edə bilirdi. Amma 60-cı illərin ortalarından başlayaraq bu, artıq mümkünsüz oldu. Çünki dinləyənlərin sayı çoxaldı. 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində biri axşam qulaq asırdı, gəlirdi sabah çayxanada deyirdi ki, bu axşam “Azadlıq radiosu”na qulaq asırdım. Çayxanada da KQB-nin müəyyən könüllü agentlər olurdu, bunu xəbər verirdilər. 60-cı illərdə bu, mümkün olmadığı üçün, 68-ci ilin Çexoslovakiya hadisələrindən sonra SSRİ-nin “narahat regionlarında” bu səsləri vurmaq üçün boğucu stansiyalar qurdular. Məsələn, Pribaltikada, Zaqafqaziyada. Amma bununla bərabər, bu, mümkün deyildi. Həm də nəzərə almaq lazımdır ki, Qorbaçov islahatlarından sonra Qərb informasiya vasitələrinə münasibətdə bir açılım oldu. Yəni, bu, əvvəlki qədər qorxulu, dəhşətli bir məsələ deyildi. Ona görə də 80-ci illərin sonlarında samizdatlar meydana gəlməyə başladı və ilk həqiqətlər, ilk reallıqlar bu samizdatlarda öz əksini tapmağa başladı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun