Çexiyanın Karlova Universitetində doktorantura təhsili alan sülh fəalı Bəhruz Səmədov həbsdə olduğu müddətdə ictimaiyyətə müraciət edərək, Bakının kənarında yerləşən qapalı tipli həbsxanaya köçürülmə ehtimalı fonunda həyatına təhlükə ilə bağlı narahatlığını bildirib və beynəlxalq həmrəyliyə çağırıb.
Müraciət “OC Media”da dərc olunub.
“Mən sizə Azərbaycanda həbsdə olan bir dissident, siyasi elmlər üzrə doktorant kimi müraciət edirəm. Tənqidi baxışlarıma və sülhsevər mövqeyimə görə 15 il azadlıqdan məhrum edilmişəm. Dövlət məni “dövlətə xəyanət” və Ermənistan kəşfiyyat orqanları ilə "casusluq”da ittiham edir. Halbuki həbsimə qədər son altı il ərzində Avropada yaşamış, təhsil almış və çalışmışam. 2024-cü ilin avqustunda həbs olunmuşam. Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına, o cümlədən petisiyalara, prezident İlham Əliyevə ünvanlanan şəxsi müraciətlərə və 2025-ci ilin dekabrında Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə baxmayaraq, Bakıda qərarverici şəxslər bunları nəzərə almayıblar. Hətta 2025-ci ilin oktyabrında iki ay müddətinə cərimə kamerasına salındım.
Hazırda Bakı məhkəməsi məni Bakının kənarında yerləşən qapalı tipli həbsxanaya göndərməyə hazırlaşır. Bununla da mən yeganə yaxın qohumum və vəkilimlə ünsiyyət imkanlarından məhrum ediləcəyəm. Bu bədnam qapalı həbsxanada ən təhlükəli cinayətkarlar saxlanılır - məhz oraya göndərilməyim son dərəcə həyəcanverici siqnaldır. Dövlətin həyatımı başqasının əli ilə fiziki olaraq sona çatdırmağı planlaşdıra biləcəyindən əsaslı şəkildə narahatam.
Mənim həbsim 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton razılaşmasına ziddir. Həmin razılaşma çərçivəsində Ermənistan və Azərbaycan sülh gündəminə əməl etmək öhdəliyini üzərinə götürmüşdü. Hakimiyyətin bu münasibəti Azərbaycanın qoşulduğu konvensiyaları pozur. Bu, əxlaqsız, qeyri-insani, qanunsuz və şərdir.
Buna görə də hamınızdan xahiş edirəm ki, onların bu şər niyyətlərini dayandırmaq üçün səsinizi qaldırasınız. Həmrəylik kampaniyasını məmnuniyyətlə izləyir, yüzlərlə məktub alıram. Kampaniyalar, çağırışlar və məqalələr barədə məlumatlandırılmışam. Lakin Azərbaycan hökuməti bütün bu çağırışlara məhəl qoymayıb.
Bütün hüquqi və siyasi vasitələr nəticəsiz qalıb, qərarvericilərə heç bir təsir göstərməyib.
İndi isə insan ləyaqətini müdafiə edən hər kəsə müraciət edirəm: məni tək buraxmayın. Mümkün olan bütün yollarla hərəkətə keçin. Mən beynəlxalq həmrəyliyin gücünə inanıram.
Həyatımı xilas etmək və bu şəri dayandırmaq üçün əlinizdən gələni edin”.
Bəhruz Səmədovu Dövlət Təhlükəsizliyi Xidməti 2024-cü il avqustun 21-də saxlayıb. O, dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də məhkəmə Səmədovu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Səmədov özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli saydıqlarını bildiriblər.